Son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlərdə nəzərəçarpacaq gərginlik müşahidə olunur. İkitərəfli əlaqələrdəki bu soyuma, müxtəlif sahələrdə açıq və gizli təzyiqlərlə müşayiət olunur.
Prezident İlham Əliyev bu gün verdiyi açıqlamada gərginliyin əsas mənbəyinin Moskva olduğunu bildirib. O, Rusiyanın Azərbaycan vətəndaşlarına qarşı təzyiqlər və zorakılıqlar törətdiyini, xalqın isə bu ədalətsizliyi unutmadığını vurğulayıb. Əlavə edib ki, Azərbaycan bütün baş verənlərə yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək.
Maraqlıdır görəsən, Azərbaycan–Rusiya münasibətləri hansı istiqamətdə inkişaf edir? Gələcəkdə bu münasibətlərin yaxşılaşacağı, yoxsa daha da gərginləşəcəyi gözlənilir? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Məhəmməd Əsədullazadə
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan son gərginlik, ilk növbədə, Moskvanın öz siyasətindən qaynaqlanır. Rusiya, Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsindən, eləcə də Ermənistan–Azərbaycan normallaşma prosesindən və Zəngəzur dəhlizinin açılmasından kənarda qalmasından narazıdır. Bu durum Kremlə xoş gəlmir və görünür, bu səbəbdən Moskva getdikcə daha aqressiv mövqe tutur.
Hərçənd ki, Baş nazir müavinləri səviyyəsində iqtisadi komissiya iclasları keçirilib, hətta Vladimir Putin Azərbaycanın vitse-prezidentini ad günü münasibətilə təbrik edib, bütün bunlar kosmetik və formal addımlar kimi qiymətləndirilə bilər. Əsas problem odur ki, Rusiya hələ də Azərbaycanı bərabərhüquqlu tərəfdaş və müstəqil qonşu kimi qəbul etmək istəmir.
Ukrayna cəbhəsində üzləşdiyi uğursuzluqlardan sonra Kreml bölgədə siyasətini yenidən qurmağa cəhd edir, lakin bu dəyişiklik hələlik yetərli və real deyil. Rusiya hələ də hesab edir ki, Azərbaycan onun təsir dairəsində qalmalı, regional məsələlərdə Moskvanın maraqlarını nəzərə almalıdır. Lakin bu, imperialist və aqressiv yanaşmadır ki, Azərbaycan buna qəti şəkildə razı ola bilməz.
Prezident İlham Əliyev bu gün verdiyi açıqlamada bir daha Azərbaycan xalqının baş verənləri unutmadığını və bu gərginliyin əsas səbəbinin Rusiya olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan yalnız hüquqi və diplomatik yolla addımlar atır, proses də bu çərçivədə davam edir.
Son vaxtlar Rusiyada yaşayan azərbaycanlıların təzyiqlərə və təqiblərə məruz qalması, Moskvanın qeyri-konstruktiv yanaşmasının növbəti göstəricisidir. Hazırkı proseslər göstərir ki, Rusiya Ukraynada təzyiqlər artdıqca, Azərbaycana qarşı daha sərt və aqressiv mövqe tutmağa çalışır.
Lakin Azərbaycan artıq bu cür yanaşmalara boyun əyməyəcək gücdə və iradədədir. Moskva da bu reallığı qəbul etməli və münasibətləri qarşılıqlı hörmət üzərində qurmalıdır.
Aytən Yaşar/ Turkustan.az