AZ

“3 il əvvəl Azərbaycan klubundan təklif almışdım” – “Qarabağ”ın adını çəkdi

“Şamaxı” – “Sabah” qarşılaşmasında (1:2) turun ən baxımlı qollarından biri vuruldu.

Meydan sahiblərinin futbolçusu Dioqo Balau uzaq məsafədən dəqiqə zərbə ilə stadiona toplaşanları ayağa qaldırsa da, bu qol xal qazanmağa kifayət etmədi.

Komandasının ən vacib simalarından olan portuqaliyalı bəstəboy vinger Sportinfo.az-ın suallarını cavablandırıb.

- “Sabah” Şamaxıda 3 illik qələbəsizliyə son qoydu. Məğlubiyyətin səbəbini nədə görürsən?

- Buraxdığımız səhvlərdə. Oyuna çox yaxşı hazırlaşmışdıq, rəqibi təhlil etmişdik. Lakin müəyyən epizodlarda diqqətsizlik etdik, onlar da bundan yararlandılar. Növbəti görüşlərdə diqqətli olmalıyıq.

- Uduzmağa layiq idiz?

- Xeyr. Startdakı 5-10 dəqiqəni və buraxdığımız qolu unutsaq, qalan dəqiqələrdə “Sabah”dan geri qalmadıq. “Sabah” kimi güclü rəqibdən çəkinmədik, qol şansları vermədik, layiqli mübarizə apardıq. Məncə, 1 xal haqqımız idi.

- “Neftçi”ylə səfər heç-heçəsi, “Sabah”la başa-baş oyun. Güclü rəqiblərə “biz də varıq” mesajını verirsiniz deyəsən.

- Heç bir rəqibdən çəkinməyərək təhlükə yaratmaqda davam edəcəyik. İçi mən qarışıq futbolçuların çoxu komandaya yeni qoşulub. Bir neçə oyundan sonra daha yaxşı olacağımızı düşünürəm.

- Sonuncu dəfə süni örtükdə nə vaxt oynadığını xatırlayırsan?

- Səhv etmirəmsə, 3 il əvvəl olub. Həmin vaxt Portuqaliyada top qovurdum. “Sintetika” bəlkə də bizim üçün üstünlükdür. Çünki hər gün burada məşq edirik, istər-istəməz vəziyyətə uyğunlaşırıq. Lakin rəqiblər üçün çətin olur. Xüsusən Şamaxıdakı matçlarda qələbələri sıralamaq mütləqdir.

- Həm cinahlarda, həm də hücumda oynaya bilirsən. Hansı mövqe sənin üçün rahatdır?

- Ciddi fərqi yoxdur. Karyeramboyu üç mövqdə çıxış etmişəm. Baş məşqçi harada məsləhət görsə, oynamağa hazıram. Əsas olan komandama kömək etməkdir.

- Portuqaliyada oynadığın dönəmdə Azərbaycan futbolu sənin üçün nə demək idi?

- Gizlətməyəcəm, Azərbaycan barədə məlumatlarım “Qarabağ”la məhdudlaşırdı. Çünki avrokuboklarda daim bu komandanı görürdüm, “Sportinq”, “Braqa” kimi rəqiblərlə qarşılaşmaları yadımdadır. O dönəmdə “Qarabağ” barədə maraqlananda Azərbaycanı təmsil etdiyini öyrənmişdim. Hətta 3 il əvvəl Azərbaycan klublarından birindən təklif almışdım. Lakin bəzi səbəblərdən alınmamışdı.

HƏBİB

Seçilən
3
sportinfo.az

1Mənbələr