AZ

Rusiya-Azərbaycan-Zəngəzur dəhlizi-Naxçıvan-İran dəmiryolu da açıla bilər...


Zəngəzur dəhlizinin İran üçün yeni fürsətləri ərəb mediasına çıxarıldı

Avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüş fonunda Zəngəzur dəhlizi ilə bağlı artıq ciddi hərəkətlilik müşahidə edilir. Proseslər dəhlizin Ermənistan hissəsində də yaxın tezlikdə işlərə başlanacağını göstərir. Bunun üçün müvafiq maliyyəni ABŞ tərəfinin ayırması gözlənilir.

Məsələ ilə bağlı prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun tikintisini amerikalı investorlar həyata keçirə bilər: “Fiziki infrastrukturun, yəni, dəmir olunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur. Hələ qərar verilməyib, amma, bu, amerikalı investorlar tərəfindən həyata keçirilə bilər. Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür”. Azərbaycan ərazisində isə dəhlizlə bağlı xeyli iş görülüb. Məsələn, dəhlizə daxil olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95 %-i icra olunub. 110 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb. Avqustun 22-də isə Türkiyədə bu yolun mühüm bir hissəsinin Qars-İğdır-Aralık-Dilucu dəmiryol xəttinin təməli qoyuldu. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mərasimdə bildirib ki, Naxçıvana qədər uzanacaq polad magistralın uzunluğu 224 kilometr təşkil edəcək. Bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq mümkün olacaq. Yeri gəlmişkən, Belarus prezidenti Aleksandr Lukaşenko da Zəngəzur dəhlizi ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edəcək və onun qarşısını almaq mümkün deyil: “Təbii ki, bu, İrana xoş gəlmir, amma buna heç kim müqavimət göstərə bilməz”. Bunlar fonunda isə prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində əslində, İranla bağlı məsələyə də geniş şəkildə toxunub, narahatlıq üçün əsas olmadığını qeyd edib. Onun sözlərinə görə, İran prezidentinin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Ermənistan-İran sərhədini kəsməyi planlaşdırması ilə bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır: “Bunu hamı bilir. Yeri gəlmişkən, bu beş il ərzində Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə - “Araz dəhlizi” adlanırdı. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırır. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan-Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra yenidən Naxçıvana daxil olursunuz. Belə ki, bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq - bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək... Bu, təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır”. Bununla yanaşı, prezident qeyd edib ki, Zəngəzur dəhlizi İranda mövcud olan Şimal dəhlizinə sadəcə, dəstək olacaq:”Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir. Deməli, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana”. Qeyd edək ki, Azərbaycanın uzunmüddətli fəaliyyətindən sonra , İran daxilində bu dəhlizə müsbət münasibətlər də yaranır. Bəzi dairələr hesab edirlər ki, əgər layihə regional əməkdaşlıq prinsiplərinə əsaslanarsa, İran da bundan faydalana bilər. ilk növbədə İranın Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə Zəngəzur dəhlizi arasında sinerji yaradıla bilər. Əgər dəhliz açıq və qarşılıqlı əməkdaşlıq ruhunda idarə olunarsa, İran da öz məhsullarını bu marşrut vasitəsilə Avropa və Qafqaz bazarlarına çıxara bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi hər hansı ölkəyə qarşı yönəlməyib, əksinə, region ölkələri üçün iqtisadi fayda gətirəcək. Əgər İran bu prosesə konstruktiv yanaşsa, öz ixrac və tranzit imkanlarını da genişləndirə bilər. Məsələn, İran məhsullarını Türkiyə və Avropaya bu dəhliz vasitəsilə daha qısa yolla göndərə bilər. Beləliklə, Zəngəzur dəhlizinin açılması İran üçün həm də fürsət deməkdir., Əgər İran regional əməkdaşlıqda fəal iştirak etsə, yeni ticarət və enerji marşrutlarından faydalana bilər. Burada əsas məsələ Tehranın hansı yanaşmanı seçəcəyidir: qarşıdurma, yoxsa əməkdaşlıq. İstənilən halda Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni geoiqtisadi reallıqlar formalaşdırmaqdadır. Əgər Tehran praqmatik yanaşma sərgiləsə, Zəngəzur dəhlizi İran üçün də əlavə ixrac və ticarət imkanları yaradacaq.

Samirə SƏFƏROVA

Seçilən
5
baki-xeber.com

1Mənbələr