İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük kitab oğurluğunun sirri açıqlanıb.
Oğrular saxta pasportlarla kitabxanalara daxil olub, nadir nəşrləri nüsxələrlə əvəzləyiblər və yoxa çıxıblar.Avropanı şoka salan oğurluğun izi Moskvaya qədər gedib çıxıb.
Belə ki, Estoniyanın Tartu Universitetinin Kitabxanasına gələn iki nəfər 19-cu əsr rus şairi və dramaturqu Aleksandr Puşkinin və ukraynalı rus yazıçısı Nikolay Qoqolun səkkiz kitabını görmək arzusunda olduqlarını bildiriblər.
Rusdilli oğrulardan biri işçiyə deyib ki, gənc oğlan ABŞ-da əlavə təhsil almaq istəyir, üç ay sonra kitabxana işçiləri rəflərdəki iki kitabın əvəzinə saxta nüsxə olduğunu aşkar ediblər.
Vəziyyəti anlayandan sonra kitabxanaçılar qalan altı rus klassikini yoxlayıblar. Ekspertiza zamanı məlum olub ki, əsərlərin hamısı dəqiq nüsxə olmaqla yanaşı, üzərində kitabxananın möhürləri və inventar nömrələri də qeyd edilib. Orijinaldan fərqləndirmək çətin olub.
Bununla belə, Tartu Universitetinin kitabxanası yeganə hədəf olmayıb. Bir neçə həftə sonra Estoniyanın paytaxtı Tallinndəki universitetin kitabxanasından on nadir kitabın da yoxa çıxdığı məlum olub.
Sonrakı 18 ay ərzində Baltikyanı ölkələrdən və Finlandiyadan İsveçrə və Fransaya kimi onlarla Avropa kitabxanasından rus klassikləri və digər nadir rus əsərləri oğurlanıb.
Bəzi kitabxanalarda orijinallar nüsxələrlə əvəz olunub, bəzilərində isə kitablar götürüldükdən sonra heç vaxt geri qaytarılmayıb.
Ardıcıl oğurluq hadisələrindən sonra Avropa Birliyinin Polis Agentliyi (Avropol) “Puşkin əməliyyatı” adlı genişmiqyaslı araşdırmaya başlayıb.
İndiyədək hamısı Gürcüstan vətəndaşı olan 9 şübhəlinin şəxsiyyəti müəyyən edilərək həbs edilib. \\Konkret.Az