AZ

Turan harayı

İki kitab haqqında söz və yaxud “Ədalətəm, Vətənimə bağlıyam”

Şeirlə ifadə edilən fikir daha duyğusal olur, düşüncələri daha həssaslıqla titrədir, olmuşları xatırlada-xatırlada olacaqların ümid, inam işığına dönür. Yaxşı şeiri oxuyursan, şeirin aşıladığı ovqatı könlünə doğma bilirsən. Onda sənə elə gəlir ki, bu gözəl ovqat hamınındı, hamının yaşadığı ovqatdı; yaxşı şeir şairlə oxucunu belə doğmalaşdırır. Vətəndən yazılan şeirlərdə həm də ruhun doğmalığını duyursan. Bu doğmalıq müqəddəsliyin ürəklərə düşən nurudu – şeiri ürəyinin gözü ilə oxuyanlar bu qənaətə gerçəklik deyir.

Ədalət İzzətoğlunun (Əroğlu) “İçimizdə yurd adlı yaramız var” şeirlər kitabını bu ədəbi tezislərin işığında oxudum. Şair (vətəndaş şair) yurd həsrətini yaşatmağı da sevgi bilir – həsrətə sevgisi olmayan həsrətin mahiyyətini zərrəcə dərk edə bilməz qətiyyətiylə belə düşünür, həsrətsizlərin Vətən sevgisi öləzimiş közdü, qaralmış ocaqdı, sönmüş çıraqdı. İllər çəkən həsrətə görə yaşanılmış sarsıntılardan qurtuluş doğma yurda dönüşdü. Ədalət İzzətoğlu bu dönüşə qəlbəyatımlı poetik biçim verib: “Ayaqyalın gedərəm o yurduma...”. Ayaqyalın getmə el ifadəsidi, bənzərsiz sevgini ifadə edir, həsrətdən qurtuluşa görə deyilib (ifadənin bir çaları da dizin-dizin sürünərək getməkdi). “Bağçasında güllərini xəzan vuran”, “bənövşələri, nərgizləri əsir düşən”, “yurdsuz keçən günləri ömürdən saymayan” Ədalət İzzətoğlu “yaz Günəşinin çıxmasını”, “göydə şimşəklər çaxmasını”, “dərələrdən sel axmasını” (“Yurdum da Günəşdi”) müharibənin rəmzləri kimi təqdim edib. Bu təbiət hadisələrini Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun rəmzi bilir, həsrətin yaratdığını şeirə gətirir və bu inam “Həsrətindəyəm” kimi düşündürücü bədii fikirlə şeirləşir:

Bayrağımız, Qarabağda dalğalan,

Doğma Qarabağın həsrətindəyəm.

Bu həsrətdə (belə həsrətlərdə) qüdrət olur. Bu qüdrəti döyüş ruhu bilən Ədalət İzzətoğlu inamla yazır ki,

Ədalətəm, gəlir səsim,

İçimdəki yurd həsrətim.

Yağının kəsə nəfəsin,

Qoymaram darda yurdumu.

Bu misralar o vaxtlar (işğal dövründə) yazılmış misralardı, bir elin timsalında işğalda qalan bütün ərazilərimizə ünvanlanmış  misralardı. İşğal sızıltıları poeziyamızda da yaşadılırdı. Onu Ədalət İzzətoğlu da yaşadırdı. Yaranışından Qarabağın həmayili olub Şuşa. Zamanında Şuşanı sevsək də, qoruya bilməmişdik. İkinci Qarabağ müharibəsində möcüzə döyüşlə işğaldan azad etdik. O döyüşlərə kimi şeirimiz hayqırırdı, döyüş istəyirdi. Həmin vaxtlarda Ədalət İzzətoğlu yazırdı:

Ədalətin dərdi çağlar,

Şuşada var uca dağlar...

İndi dağlar özü ağlar,

Şuşa yağıda qalammaz.

Şairin bu qətiyyəti özünə ünvanlanıb, özünün timsalında Azərbaycan Ordusuna, Azərbaycan ictimaiyyətinə...

Ruhumuzun müharibəsi olan İkinci Qarabağ müharibəsinə kimi “dağlarda sürünən çəni qəm bilən” şair böyük sevgilərlə deyir ki,

Əgər həyat bu günlərdə bitsə belə,

Ədalətin ruhundadır Vətən dərdi.

Ruhunu məqamında Vətənin sıxıntılarına beşik bilənlərin adından deyilən (yazılan) hər kəlam sabahlara inamın kəlamıdı – işğaldan xilas olmuş ərazilərə sevgidi, Ədalət İzzətoğlunun şeirlərində qalib Azərbaycan Ordusuna görə yaşanılan qürurdu. Şeirlərdə neçə illərin həsrətini dağlayan ümid var. “Yurdlar (kəndlər) qayıdacaq!” poetik nidası aydınlığıyla duyulandır.

Ədalət İzzətoğlunun  “Yurdumdan xəbər verin mənə” şeirində bir tarixi işıq sezilir. “Kitabi- Dədə Qorqud dastanları”nda Qazan xan yağmalanmış obasını görəndə kirpikləri nəmlənir, qəhərlənir, göy üzünə gileylənir və hiss olunur ki, bu giley onun qisasının başlanğıcı olacaq. Ədalət İzzətoğlu kəndlərini (Hovuzlunu) dağıdılmış görəndə eyni duyğuları yaşayır. Yeganə fərq: Qazan xan qisas alacağını düşünür, Ədalət İzzətoğlunun şeirləri isə qisasın alınmasının, kəndlərinin yenidən qurulacağının xəyallarıdı, onun şeirləri xəyalən gördüklərinin mənəvi sarsıntılarıdı, bu sarsıntılardan yaranan şeirlər də sızıntılarla oxunur:

Ürəyim sızlayır yurd yarasından,

Dağılan kəndlərin xarabasından.

Elə qəribsədim kənd havasından,

Hovuzlu kəndidi o ana yurdum!

Ədalət İzzətoğlu şeirlərini Ədalət Əroğlu imzası ilə də yazır, kitabını bu imza ilə də nəşr etdirir. Onun “Turan harayı” kitabı oxuculara bu imza ilə çatdırılıb. Bu kitab sanki “İçimizdə yurd adlı yaramız var” kitabının məntiqi-poetik davamıdır. Bu kitabda da Vətən var, yurd var, həsrət var – qurtuluşa poetik, kəsilməz çağırış var. “Qisas vaxtıdır” şeiri azərbaycançılığın şeiri kimi oxunur, heysiyyət sızıltısı, qaçqınlıq ağrıları, işğalın mənəvi acıları, ... Şeir millətə ünvanlanıb, deməli, mahiyyəti dövlətlə, dövlətçiliklə, Vətənlə bağlıdı:

Yağıbdır başıma dağların qarı,

Axır gözlərimdən qəm bulaqları.

Qəlbimdə alışır yurd ocaqları,

Qalx, millətim, indi qisas vaxtıdır!

“Dünya sussa da”, “düşmənin arxasında dünyalar olsa da”, qalx ki, Vətən dardan qurtarsın, dağıdılan kəndlərin, şəhərlərin qisasını al, Meşəlinin, Ağdabanın, Başlıbelin, Qaradağlının, Xocalının qisasını al! Şairin bu harayı Vətənin harayıdı! Bu haray deyir ki, “Vətən yolunda dönək bir dağa!” (“Torpağı qaytarın!..”), ona görə ki, “hamının ürəyi həsrətdən üzülür , “orda ayaq izləri itib-batır”, “illərdir o kəndlərdə səməni göyərdilmir”, “yurdlar dağıdılıb, çəpərlər yandırılıb”, ...(“Yurdsuz yaşamaq çətin”).

Yadına

Yurdunun dağları düşən,

Həsrətdən quruyan bağları düşən,

Gənclik illərinin çağları düşən...

Ədalət Əroğlu işğaldan Azərbaycan əsgərinin qüdrəti ilə gerçək yol açmağa niyyətlidi (“O yurda tərəf”). Oxşar fikri “Alaq o dağı” şeirində də deyir. “Qəmli dağlarım” şeirində deyir ki,

Əsgərəm yolunda döyüşə hazır,

Dumanlı dağlarım, qəmli dağlarım.

Klassik ədəbiyyatımızda duman qəm-qəhərin, könül qübarının rəmzi kimi təqdim edilib. Ədalət Əroğlu da bu şeiriyyət dünyasının zərrəsi kimi könül qübarını dumanla, deməli, qəmlə eyniləşdirib, zənnimcə, uğurludur...

Ədalət Əroğlu “Yaşa, Vətən!” şeirində yazır:

Doymuram da nəfəsindən,

                      Yaşa, Vətən!

Köçüm yurda mən Əroğlu,

                      Yaşa, Vətən!

“Əsən küləklərin həzin mehinə sığal çəkən”, “ruhunda “Qələbə!” sözü alışan, ...Ədalət Əroğlu  “Xocalı faciəsi”, “Qarabağın qara bəxti”, “Şal oxu!” kimi şeirlərində fərdi qəhərini el-obanın qəhəri biçimində verə bilib:

Telli sazı sən çalanda ağladım,

Ürəyimi bu atəşdən dağladım,

Kədərimdən coşub yenə çağladım,

Həsrətimə, kədərimə yan, oxu!

Ədalət İzzətoğlu qətiyyətlə deyir ki, “Ədalətəm, Vətənimə bağlıyam” (“Oxu bülbül”). Bu bağlılıq ruhun bağlılığıdı, haqqın ucalığıdı, sədaqətin etirafıdı, ...

Rəşid Faxralı

Seçilən
9
ikisahil.az

1Mənbələr