AZ

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları «yaşıl enerji» zonasına çevrilir

Kəlbəcər rayonunda 8,6 meqavatlıq «Aşağı Vəng», 8,8 meqavatlıq «Nadirxanlı», «Çaykənd» kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi bu reallığı təsdiqləyir

Qlobal layihələri ilə dünyada böyük nüfuz qazanan, Vətən müharibəsindən sonra bölgədə yaratdığı reallıqlarla uğurlarını davam etdirən Azərbaycanın enerji diplomatiyasına maraq artmaqdadır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Zəngin karbohidrogen ehtiyatlarını şaxələndirilmiş marşrutlarla istehlakçılara çatdıran Azərbaycan güclü siyasi iradə ortaya qoyur.

İyun ayının əvvəlində ölkəmizdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi «Caspian Oil and Gas», 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi, «Caspian Power»” və 30-cu Yubiley «Baku Energy Forum”u» ölkəmizin enerji siyasətinin daha bir təqdimatı oldu. Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan müxtəlif istiqamətli panellərdə Avrasiyanın enerji xəritəsini yeniləyən , Avropanın ondan artıq ölkəsinin enerji təhlükəsizliyinin təminatında xüsusi rolu olan Azərbaycanın təşəbbüsləri, ölkəmizin geoiyasi əhəmiyyəti, enerji layihələrinin qarşılıqlı əməkdaşlıqda artan rolu yüksək dəyərləndirildi. Qeyd edildi ki, Azərbaycanın zəngin «Şahdəniz» yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Qədim neft diyarı olmaqla artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edən Azərbaycanın təbii qazına tələbat sürətlə artır.

Hazırda enerji siyasətində daha çox diqqət yetirilən bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Avropanın əsas qaz ixracatçısı olan Azərbaycan qazıntı yanacaqlarının hasilatında etibarlı partnyor olduğunu təsdiqləyib. Yeni sahə, ekoloji cəhətdən daha çox sərfəli hesab edilən bərpaolunan enerjinin istehsalı və nəqli proseslərində də Azərbaycan Avropa İttifaqı üçün ən yaxın müttəfiq olduğunu təşəbbüskarlığı ilə sübut edir. Müasir dövrün tələbinə uyğun yaşıl enerjiyə keçid strategiyasını sıx əməkdaşlıq platformasında davam etdirən, yeni təşəbbüslərlə çıxış edən Azərbaycan şəffaflıq, təmiz texnologiya, təchizatın təhlükəsizliyi üzərində işləmək sahəsində də fərqli olduğunu təsdiqləyib. «Yaşıl Enerji Gündəliyi» ilə diqqəti cəlb edən ölkəmiz alternativ mənbə olan Günəş və külək Elektrik stansiyalarının inşasında önəmli layihələrə imza atır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi, 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması, Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənən bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracının artması ölkəmizin şaxələndirmə siyasətinin uğurudur. Son illərdə enerji siyasəti, bərpaolunan, eyni zamanda, ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan hədəflərə çatan respublikamızda Qarabağın, Şərqi Zəngəzurun, Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi, yeni layihələrin təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması regional enerji təhlükəsizliyinə töhfədir. Son illərdə Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin «Masdar”» şirkəti ilə birgə daha iki iri Günəş parkının təməlinin qoyulması, Cəbrayılda bp şirkəti tərəfindən 240 MVt-lıq «Şəfəq”» Günəş Elektrik Stansiyasının inşasının davam etdirilməsi enerji resurslarının artırılmasına yönələn layihələr olmaqla, ekoloji tarazlığın, təbiətin qornumasına önəmli töhfələrdir. Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 30-a yaxın hidroelektrik stansiya istismara verilib və bu istiqamətdə işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur. Ölkəmizin enerji diplomatiyasının qarşıdakı illər üçün hədəfi 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji istehsal gücünü 8 GVt-a çatdırmaqdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının «yaşıl enerji» zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq «Aşağı Vəng», 8,8 meqavatlıq «Nadirxanlı», «Çaykənd» kiçik su elektrik stansiyaları istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılış mərasimlərində iştirak etdikləri su elektrik stansiyaları müasir avadanlıqlarla təchiz edilməklə respublikanın enerji sisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq. «Aşağı Vəng» və «Nadirxanlı» stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. «Çaykənd» Kiçik Su Elektrik Stansiyasının gücü isə 5 MVt-dır. Bu, «AzərEnerji» tərəfindən Kəlbəcərdə istismara verilən sayca onbirinci «yaşıl enerji» obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada «ətraf mühitə dost» texnologiyalar” tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda əlavə 3 su elektrik stansiyasının istismara verilməsi ilə bu cür stansiyaların sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, «yaşıl enerji»nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir.

Mingəçevirdə yerləşən, ümumi gücü 1880 MVt olan «8 Noyabr» Elektrik Stansiyasının istifadəyə verilməsi ilə ölkəmizin enerji potensialı daha da artdı. Xalqımızın daha bir Zəfər nümunəsi olan bu stansiya həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir. Stansiyanın istifadəyə verilməsi ilə Azərbaycanın bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusu yeniləndi.

«8 Noyabr» Elektrik Stansiyasının açılış mərasimdə Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev «Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”» sözləri ilə ölkəmizin enerji siyasətində yeni mərhələnin başlandığını qeyd etdi. Yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasətinə sadiq, qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən ölkəmizin strateji model formulu təsdiqləndi.

Hazırda «Azərbaycan Elektrik Stansiyası»nın generasiya gücü 1800 meqavat, «8 Noyabr» Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Təkzibolunmaz həqiqətdir ki, qlobal enerjiyə ehtiyacın kəskin xarakter aldığı, hələ də davam edən müharibələrin yaratdığı çətinliklərlə üzləşən planetimizdə indiki dövrdə dünya bazarlarında Azərbaycanın enerji resurslarına tələbat artmaqdadır. Ölkəmizin yaşıl enerji siyasətinin əsas tələblərindən olan daxildə təbii qaza qənaət etməklə ixrac imkanlarımızın genişlənməsi, şərti yanacağın sərfiyyatının az olması əlavə qazanc gətirir. Bu məqsədlə imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər ölkəmizə 6500 meqavat yaşıl enerji potensialı qazandırmaqla, təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq. Nəticə etibarilə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrə təbii qaz ixracı da artacaq. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlər sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 10 Avropa ölkəsinə ixrac olunur.

Son aylarda Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyaya da çatdırılır. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın və nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri zamanı bir sıra mühüm geosiyasi və enerji əməkdaşlıqlarının gündəmə gəlməsi diqqət çəkdi. Səfər çərçivəsində müzakirə olunan məsələlərdən biri də Azərbaycan qazının Suriyaya, oradan isə İordaniya və Misirə qədər çatdırılması oldu. Bu təklifin reallaşması ölkəmizin enerji siyasətində yeni və strateji əhəmiyyətli mərhələnin başlanğıcı olmaqla, Azərbaycanın enerji ixrac marşrutlarını diversifikasiya etməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Yeni Cənub marşrutu - yəni Suriya üzərindən ərəb ölkələrinə qaz ixracı - ölkəmizə əlavə bazarlara çıxış imkanı yaradaraq enerji diplomatiyasını daha da gücləndirə bilər. Bu marşrutun reallaşması həm də Azərbaycanla ərəb dünyası arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Bu, yalnız iqtisadi deyil, siyasi baxımdan da ölkəmizin mövqeyini gücləndirə bilər. Azərbaycanın Yaxın Şərqə çıxış qapısının əldə olunması və ölkəmizin enerji ixracatçısı olaraq geosiyasi çəkisinin artması ölkəmizin şaxələndirmə formatını genişlədirə bilər.

Bu günlərdə Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında keçirilən görüşdə ölkələr arasındakı energetika sahəsindəki əməkdaşlıq, karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə imkanlar nəzərdən keçirildi. Nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələrin genişlənməsi istiqamətində görüləcək işlər müəyyənləşdirildi. Əminliklə demək olar ki, Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti tərəfdaşlarının milli təhlükəsizlik qədər önəmli olan enerji təhlükəsizliyini təmin etməklə, dövlətlərarası əlaqələrin möhkəmlənməsinin də etibarlı qarantıdır.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
22
ikisahil.az

1Mənbələr