AZ

Qurban Qurbanov: “Əsas hədəfimizə çatdıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”a qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Macarıstan çempionuna səfərdə 3:1 hesabıyla qalib gəlmiş Ağdam klubu doğma meydanda 2:3 hesabı ilə uduzub.

Ümumi hesabda (5:4) üstün olan Azərbaycan çempionu növbəti mərhələyə – ÇL-in Liqa mərhələsinə yüksəlib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılamadan sonra təşkil edilmiş mətbuat konfransında öncə bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə ÇL-in əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən bu uğura nail olmaları münasibətilə təbrik edirəm. Cənab prezident də bizi rəsmi təbrik edib. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, bizim kimi, o da Azərbaycanı böyük turnirdə görmək istəyirdi, bunu gözləyirdi. Başda cənab prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən, bu, bir daha göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı.

Gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi.Bu gün stadionumuz da tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idilər. Onlara təşəkkür edirəm. Bəlkə də bu qələbəni ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. Sizə təşəkkür edirəm. İllərdir həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsünüz”.

Qurban Qurbanov ÇL-in Liqa mərhələsindəki oyunlarını hansı stadionda keçirəcəklərinə hələ tam qərar verilmədiyini qeyd edib:

“Hələ belə qərar verilməyib. Bəlkə məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etməlidir. ÇL-in çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. Əgər Bakı Olimpiya Stadionunda oynamaq lazım gələcəksə, oradakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə, orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa, orada oynamağa hazırıq”.

Qurban Qurbanov ÇL zəfərini qardaşları ilə qeyd edəcək

Qurban Qurbanov “Ferentsvaroş” haqqında da xoş sözlər səsləndirib:

“Oyunlar olub, uduzmuşuq, amma şərəfli uduzmuşuq. “Ferentsvaroş” çox bərk komanda idi. Bu gün mərhələ adlaya bilərdilər. Onlar bu gün bu qələbəni haqq edirdilər. Onlar ÇL-də oynamağı da haqq edirdilər. Öz futbolçularıma irad bildirməyəcəyəm. Geridə qalan günlərdə, son 3 gündə onların yanında idim. Hansı hisslər keçirdiklərini gözəl bilirdim. Oyun yaxınlaşdıqca gərginlik çoxalırdı. Mənim özümdə də gərginlik var idi. Futbolçular bunu bəlkə hiss edirdilər. Özümü tam rahat, soyuqqanlı apara bilmirdim. Yəqin hiss edirdilər. Onları təbrik edirəm, bağrıma basıram. Sabah bazada bir daha bağrıma basacağam”.

Qurban Qurbanov ÇL-in Liqa mərhələsinə vəsiqə qazandıqları üçün yeni transferlərə ehtiyac olduğunu da etiraf edib:

“Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Xüsusilə də, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölkə daxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa, edəcəyik, olmasa bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir”.

Qurban Qurbanov bu zəfəri necə qeyd edəcəyinə dair sualı da cavablandırıb:

“Rayondan qardaşlarım gəlib. Bəlkə də harada oturacaqlarını yazıblar. Ora gedəcəyəm (güür). Musa müəllim aşağıya düşdü, məni qucaqldı. Gedəcəyəm böyük qardaşlarımın yanına, onları qucaqlayacağam”.

“Hədəf Liqa mərhələsinə düşmək idi” – Qurban Qurbanov

Qurban Qurbanov “ÇL-in Liqa mərhələsində konkret hədəf nə olacaq” sualına isə belə cavab verib:

“Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ÇL-in Liqa mərhələsinə düşmək idi, ona da nail olduq. Püşk atılsın, sonra fikir bildirərik. Bu cür oyunlar ölkə futboluna inamı daha da çoxaldır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusudr ki, ən böyük turnirdə iştirak etsin. Ən azından 3-4 böyük klub olacaq, onların 1-2-sini Bakıda görəcəklər. Bu da futbolun sevilməsi üçün böyük addımdır. Həm AFFA, həm klublar, həm dövlət səviyyəsində futbola daha da böyük maraq olacaq. Bunu hamının canlı görməsi bizim işimizə rahatlıq gətirir”.

Qurban Qurbanov azarkeşi olduğu “Barselona” ilə mümkün qarşılaşma barədə də düşüncələrini bölüşüb:

“Hər şey ola bilər. “Barselona” ilə düşmək mənim üçün böyük təhlükə olardı. Amma sizə və azarkeşlərə görə sevinərəm ki, onlar Bakıda olacaqlar”.

“Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır”

“Ferenstvaroş”un baş məşqçisi Robbi Kin isə oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” güclü komandadır. Cavab matçının da çətin keçəcəyini bilirdim, amma futbolçularıma inanırdım. Biz bir qolla uduzduq. Çox çətin oyun oldu. “Qarabağ”ı təbrik edirəm. Biz yaxşı komandaya uduzduq. Yaxşı imkanlarımız oldu. Hədəfə doğru irəliləyirdik. Amma təəssüf ki, istədiyimiz kimi alınmadı. Uduzmağı sevmirəm. Baş məşqçi olaraq uduzmaq mənim üçün ağırdır. Emosiyalarım normaldır. Bir oyun bitdi. Oyunçular hər şeyi etdilər. Həvəsli idilər. Mübarizə aparmaq, qalib gəlmək lazımdır. Bəzi hallarda uduzursan, bəzən qalib gəlirsən. İdmandır. Eyni zamanda, biz çox axmaq qollar buraxdıq. Onları analiz edəcəyik. Rəqibə hədiyyələr də verdik.

Kadi Borges yaxşı oyunçudur, yaxşı pressinq edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də 2 həftə birlikdə olduq. Bizim də yaxşı oyunçularımız var. Kadiyə uğurlar arzulayıram.

“Qarabağ”ın Çempionlar Liqasında hara qədər irəliləyəcəyi məni çox da maraqlandırmır. Həqiqətən məni maraqlandırmır. Səmimi danışım. Mən onlara uğurlar arzulayıram. Artıq “Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır. Öz komandama fokuslanacağam”.

Seçilən
19
42
arena.az

10Mənbələr