Ermənistanla sülh prosesini, ona mümkün ola biləcək təhdidləri və nəticələrini cənab prezidentimiz İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində çox aydın izah etdi.
Birincisi, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd münaqişənin, qarşıdurmanın sonudur. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaqdır. Sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğuna dair Azərbaycanın baxışına əsaslanır.
İkincisi, formal olaraq sülh sazişinin imzalanmamasının xüsusi səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcud olmasıdır. Həmin müddəa çıxarılan kimi formal olaraq sülh sazişi də imzalanacaqdır. Yəni hər şey Ermənistandan asılıdır.
Üçüncüsü, paraflanan sənəd Cənubi Qafqaz, daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. İmkanları əldən qaçıran hökuməti müvafiq ölkənin xalqı, şahidlik edən dövlət və sənədi bəyənən dövlətlər, beynəlxalq ictimaiyyət heç bir zaman bağışlamaz.
Dördüncüsü, sülh prosesinə müdaxilə ehtimalı qalsa da, gələn ilin yayında keçiriləcək parlament seçkilərinin necə nəticələnəcəyinə baxmayaraq, sənədi kimin imzalamasından asılı olmayaraq, ona cəhd edənlər bilməlidirlər ki, sənədlər ABŞ dövlətinin şahidliyi ilə Ermənistanın adından iki dövlət - Azərbaycan və Ermənistan arasında imzalanıb. Əgər sülh prosesində hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Sənəd beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığından da razılaşmanın pozulması bütün dünyaya qarşı çıxmaq olar. Belə vəziyyətin Ermənistan üçün nə demək olduğu aydındır.
Nəhayət, imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanət olduğundan ondan imtina etmək çoxlu çətinliklər yaradar və erməni xalqını fəlakətə gətirər. Sülh, mehriban qonşuluq və rifah içində yaşamaq istəyən ermənilər belə bir hökuməti heç vaxt bağışlamazlar. Başqa cür hərəkət etmək fikrinə düşənlər qüvvələr nisbətinin hər baxımdan tamamilə Azərbaycanın xeyrinə olduğunu unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha şübhə altına qoysa, adekvat cavab veriləcəkdir. Bunun da nəticəsini indidən görmək olar.
Sülh, əmin-amanlıq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıqdan həmişə bütün xalqlar və dövlətlər fayda görüblər...
Musa Qasımlı,
Milli Məclis sədrinin müavini