AZ

Xıdırlıda həyatın ritmi dəyişir...

Daha 104 ailə köçürüldü

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafı üçün genişmiqyaslı işlər davam etdirilir. Bu gün Ağdamın Xıdırlı kəndi dirçəlişin və yenidənqurmanın simvoluna çevrilən ünvanlardan biridir. Uzun illər işğalın acısını yaşayan bu kənd indi tamamilə yenidən qurulur. Beləliklə, Xıdırlıda təkcə evlər yox, bir ümid, bir həyat, bir gələcək inşa edilir...

Mühüm layihələr həyata keçirilir

Kəndin bərpası üçün çoxsaylı infrastruktur layihələri həyata keçirilir. Lakin Xıdırlıda həyata keçirilən quruculuq işləri təkcə fərdi evlərlə məhdudlaşmır. Belə ki, Xıdırlı müasir kənd modeli kimi qurulur. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, həmçinin təhsil və səhiyyə işçiləri üçün müvəqqəti qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçası da tikilib.

Bu infrastruktur yeni sakinlərin gündəlik həyatını rahat və təhlükəsiz şəkildə davam etdirməsi üçün hər cür şərait yaradır. Xidmət sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların hamısı yenidən dizayn olunub və müasir standartlara uyğunlaşdırılıb.

Həmçinin Xıdırlı kəndinin layihəsində ekoloji tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu yaşıl zonalar təkcə kəndin gözəlliyinə xidmət etmir, eyni zamanda, sakinlər üçün istirahət məkanları və ekoloji sağlam mühit formalaşdırır. Geniş bulvarlar, ağaclar və bəzək kolları ilə bəzədilmiş park sahələri kəndin gələcəyini daha da ümidverici edir.

5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb

Xatırladaq ki, Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində ordumuzun qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu Azərbaycana təhvil verilib.

2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamda səfərdə olarkən bir sıra məntəqələrin təməli qoyulmuşdu. Ağdam rayonunun yeni təməli qoyulan 3 kəndindən biri isə Xıdırlı idi. Kənddə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ərazi 418 hektardır.

Növbəti qayıdış sevinci...

Dünən Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə - 370 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Xıdırlı Qarabağın dirçəliş strategiyasının canlı nümunəsidir. Tikilən evlər, çəkilən yollar, əkilən ağaclar bu torpaqlarda yenidən həyatın başladığını, Azərbaycanın doğma torpaqlarından əl çəkmədiyini və çəkməyəcəyini göstərir...

Yeganə BAYRAMOVA

Seçilən
7
yeniazerbaycan.com

1Mənbələr