AZ

ŞƏT-in 25-ci zirvə görüşü...

Ölkəmiz bu sammitdən nə gözləyir?

Azərbaycan əksər beynəlxalq siyasi və iqtisadi platformalarda təmsil olunur. Bu təmsilçilik ölkəmizin bir sıra dvidentlər qazanması baxımında olduqca əhəmiyyətlidir. Məlumdur ki, beynəlxalq platformalarda təmsilçilik, eyni zamanda, yeni tərəfdaşlar qazandırır. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaşlığı ilə seçilən bir ölkədir. Məhz buna görə də ölkəmizin beynəlxalq plataformalarda təmsilçiliyi hər zaman aktuallıq kəsb edib, bu, bəzi ölkələr və təşkilatlar üçün də cəlbedici olub. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunmaq Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir.

20-dən artıq dövlət rəhbərinin iştirakı ilə

Yeri gəlmişkən, 31 avqust - 1 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Çinin Tyançzin şəhərində keçiriləcək. Bu barədə məlumatı Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin köməkçisi Lyü Bin keçirdiyi mətbuat konfransında verib.

ŞƏT-in sammitində 20-dən artıq xarici dövlət rəhbəri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Tədbirə Rusiya və Belarus prezidentləri, Hindistanın baş naziri, İran və Türkiyə prezidentləri, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və digər ölkələrin liderləri dəvət olunublar.

Rəsmi Pekin bildirib ki, Çin beşinci dəfədir ŞƏT sammitinə ev sahibliyi edir və bu, təşkilatın yaranmasından bəri ən böyük tədbir olacaq. Beynəlxalq media bu sammiti Qlobal Cənubun ABŞ-yə qarşı həmrəyliyinin nümayişi kimi qiymətləndirir. Beynəlxalq medianın yazdığına görə, zirvə çərçivəsində təqdim ediləcək Tianjin Bəyannaməsi təhlükəsizlik, rəqəmsal iqtisadiyyat və yenilənə bilən enerji sahələrində yeni əməkdaşlıq təşəbbüslərini əhatə edəcək.

İlham Əliyevə böyük etimad var

Xatırladaq ki, ŞƏT 2001-ci ildə təsis olunub və hazırda 9 üzvü, 3 müşahidəçi dövləti, 14 dialoq tərəfdaşı var. Azərbaycan dialoq tərəfdaşları sırasında xüsusi çəkiyə malikdir. Bu mənada Prezident İlham Əliyevin dəvəti təsadüfi deyil. Ölkəmizin yerləşdiyi strateji coğrafi mövqe təşkilat üçün mühüm əhəmiyyət daşıyır və bu barədə dəfələrlə digər dövlətlər tərəfindən etiraflar olunub. Çin lideri Si Cinpinin də İlham Əliyevə və ölkəmizə böyük etimadı var. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur.

Məlumdur ki, ölkəmiz ŞƏT ilə əlaqələrin daha da inkişafı istiqamətində çox güclü səy göstərir. Azərbaycan bu platformada iştirak edərək bir tərəfdən regiondakı təhlükəsizlik məsələlərini, digər tərəfdən isə iqtisadi əməkdaşlıq və inkişafı daha da möhkəmləndirir. Bu baxımdan ŞƏT-in Tianjin şəhərində keçiriləcək 25-ci zirvə görüşü də dünya siyasətində mühüm hadisədir.

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ

Sözügedən sammitin ölkəmiz üçün əhəmiyyətlərindən danışan politoloq Tural İsmayılov “Yeni Azərbaycan”a şərhində bildirib ki, Azərbaycanın bu platformada iştirakı təsadüfi deyil: “Ölkəmiz 2005-ci ildən dialoq tərəfdaşı statusuna malikdir və enerji, nəqliyyat, regional təhlükəsizlik məsələlərinə görə ŞƏT-də mühüm tərəfdaş qismində çıxış edir. Bakı, xüsusilə Orta dəhlizin aparıcı aktoru kimi, ŞƏT məkanının Şərq-Qərb istiqamətli nəqliyyat-logistika inteqrasiyasında əsas həlqəyə çevrilib.

Çin zirvəsinə bir neçə aspektdən baxmaq lazımdır. İlk növbədə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın münasibətlərinin yeni mərhələyə qədəm qoyması gözlənilir ki, bu da Asiya siyasətinin ən vacib məqamlarından biridir. İkincisi, Azərbaycan Prezidenti həm ŞƏT sammitində, həm də Çin üçün mühüm olan Qələbə Bayramı tədbirlərində iştirak edəcək. Bu, Çin-Azərbaycan münasibətlərinin müzakirəsi və yeni qərarların qəbul olunması üçün əlavə imkanlar yaradır”.

Bəzi məqamlara aydınlıq gətirilə bilər

T.İsmayılov üçüncü məqam kimi Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin eyni tədbirdə olmasına diqqət çəkir: “Bu, Vaşinqton sammitindən sonra ilk görüşdür və yeni danışıqların, müzakirələrin aparılması üçün şərait yarada bilər.

Beləliklə, Tyançzin sammiti həm qlobal, həm də bizim üçün regional siyasi-iqtisadi münasibətlərdə bəzi məqamlara aydınlıq gətirə bilər”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
17
1
yeniazerbaycan.com

2Mənbələr