BAKI, 28 avqust. TELEQRAF
Türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlunun ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin sabiq müdiri Azər Maqsudovun məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin hüquqi varisinin vəkillərinin iştirak edə bilməyəcəkləri məlum olub.
Onlar məhkəməyə elektron müraciət edərək prosesin təxirə salınmasını xahiş ediblər.
Məhkəməyə təqdim edilən ərizəyə münasibət bildirən təqsirləndirilən şəxsin vəkili Musa Abdinov etiraz etmədiyini bildirib. O, barışıq üçün qarşı tərəfə təkliflər verildiyini də qeyd edib:
"Ötən prosesdən sonra biz onlara müəyyən məbləğ təklif etdik. Eyni zamanda, aylıq ödəniş şəklində kompensasiya verməyə hazır olduğumuzu da bildirdik. Hazırda onların cavabını gözləyirik".
Təqsirləndirilən Azər Maqsudov vəkilinin mövqeyi ilə razı olduğunu, qarşı tərəfdən hələlik cavab gəlmədiyini qeyd edib.
Prokuror cinayət işinin baxılması üçün zərərçəkmiş tərəfin iştirakının vacib olduğunu əsas gətirərək prosesin təxirə salınmasını istəyib.
Məhkəmə təxirə salınıb
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 15-də, saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.
Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Hadisədən sonra Azər Maqsudovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.