AZ

Kim Çen In hərbi parada Putinlə qatılacaq

Ajans.az BBC-ə istinadən xəbər verir ki,Çinin "Qələbə Günü" paradı Yaponiyanın İkinci Dünya Müharibəsində təslim olmasının 80-ci ildönümünə həsr olunacaq. Tədbirdə yüzlərlə təyyarə, tank, dron əleyhinə sistem və digər müasir silahların nümayişi gözlənilir. On minlərlə hərbçi və müharibə veteranı Tiananmen meydanında yürüş edəcək. Paradda Putin və Kimin də daxil olduğu 26-dan çox dövlət başçısı iştirak edəcək. Bu, Şimali Koreya liderinin 1959-cu ildən bəri ilk dəfə Çin hərbi paradına qatılmasıdır. Çin Xarici İşlər Nazirliyi Kimin səfərini "ənənəvi dostluğun göstəricisi" kimi dəyərləndirib və iki ölkənin regional sabitlik uğrunda əməkdaşlığı davam etdirəcəyini bildirib. Analitiklərə görə, Xi Cinpin üçün Kim və Putinlə birlikdə paradda görünmək Qərbə mesaj verməklə yanaşı, Vaşinqtonla mümkün gələcək danışıqlarda mövqeyini gücləndirir. Qeyd edək ki, Qərb liderlərinin əksəriyyəti Ukrayna müharibəsinə görə tədbirdə iştirak etməyəcək. Avropa İttifaqından yalnız Slovakiyanın Baş naziri Robert Fico Pekinə gedəcək. İndoneziya və Malayziya liderləri, həmçinin Myanmanın hərbi rəhbəri Min Aun Hlainq də paradda olacaq. Kim Çen In sonuncu dəfə 2019-cu ildə Pekini ziyarət etmişdi.

 

Seçilən
13
Ajans.az

1Mənbələr