AZ

Araşdırma: diqqət pozğunluğu dərmanları "yol qəzası, intihar və cinayət törətmə risklərini azalda bilər"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bu günlərdə adını indi daha tez-tez eşitdiyimiz Diqqət Əskikliyi və Hiperaktivlik Pozğunluğunun (DƏHP, ingiliscə ADHD) müalicəsində tətbiq edilən dərmanların pasiyentlərə fərqli sahədə müsbət təsiri ola biləcəyi müəyyən edilib.

Bir araşdırma göstərib ki, yeni diaqnoz qoyulmuş şəxslərin müalicəsi zamanı onlarda narkotik maddədən istifadə, intihar meyli, yol qəzasına yol vermə və cinayət törətmə kimi risklər azalıb.

Sözügedən problemlər impulsiv davranış və diqqətin asanlıqla yayınması kimi geniş yayılmış DƏHP əlamətləri ilə əlaqəli görünür.

Dünya üzrə uşaqların təxminən 5 faizinin və böyüklərin 2,5 faizinin DƏHP əlamətlərinə sahib olduğu düşünülür və getdikcə daha çox insana bu diaqnoz qoyulur.

Son araşdırma Böyük Britaniya mərkəzli tibb jurnalı British Medical Journal-da dərc olunub.

Araşdırma zamanı üzə çıxan amillər dərman müalicəsinin daha geniş faydalı olma potensialını təsdiqləyir. O cümlədən, xəstələrin dərmana başlayıb-başlamama qərarını vermələrinə də kömək edə bilər, - araşdırmada deyilir.

DƏHP diaqnozu qoyulmuş şəxslərin beyni müəyyən mənada digər insanların beynindən fərqli işləyir.

Diqqətini toplamaqda və hərəkətsiz oturmaqda çətinlik çəkmək, yüksək enerjili və impulsiv olmaq əsas əlamətlər arasında sayılır.

Bu simptomlar şəxsin həyatına ən azı orta səviyyədə təsir göstərirsə, DƏHP diaqnozu qoyulur.

Ən çox təyin olunan və "stimulyator" adlanan dərmanlar gündəlik simptomların idarə olunmasına kömək edir, lakin onların insanların davranışları üçün uzunmüddətli fayda verdiyinə dair məhdud sübut var.

Baş ağrısı, iştahın olmamağı və yuxu problemi kimi yan təsirlər bu dərmanlarla bağlı müzakirələri də gündəmə gətirir.

148 min 500 nəfərlik araşdırma

Bu araşdırma İsveçdə DƏHP diaqnozu qoyulmuş 6–64 yaş arası 148.500 nəfərə əsaslanıb.

Bu şəxslərin 57 faizinə dərman müalicəsi başlanıb və dərman müalicəsinə başlayanların 88 faizinə (Ritalin olaraq da tanınan) metilfenidat verilib.

Sauthempton Universiteti və Stokholmdakı Karolinska İnstitutunun tədqiqatçıları aşkar ediblər ki, DƏHB dərmanlarının qəbulundan sonra aşağıdakı faktorlar azalıb:

Təkrarlanan hadisələr təhlil edildikdə, tədqiqatçılar aşkar ediblər ki, DƏHP dərmanı ilə bu faktorların azalması ilə əlaqəsi var.

Araşdırmanın müəllifi və Sauthempton Universitetində uşaq və yeniyetmə psixiatriya professoru olan Prof. Samuele Cortese belə deyir:

"DƏHP-i müalicə etməsəniz, çox vaxt risklərin nə ola biləciyini belə təsəvvür edəmməzsiniz. Artıq əlimizdə [dərmanların] bu riskləri azalda biləcəyinə dair sübutlar var".

Bu vəziyyətin ən ümumi izahı odur ki, dərmanlar impulsiv davranışları və konsentrasiya çatışmazlığını azaldır.

Bu da sürücülük zamanı qəza riskini azaltmaq və ya cinayətə yol aça biləcək aqressiv davranışları basdırmaq kimi təsirlər yaradır.

Tədqiqatçılar araşdırmanın mümkün qədər möhkəm təməl üzərində qurulduğunu deyirlər, lakin onu da inkar etmirlər ki, bu nəticələr insanların genləri, həyat tərzi və DƏHP-in daha ağır forması kimi amillərdən də təsirlənə bilər.

Bir çox ölkədə DƏHP üçün uyğun dərman əldə etmək asan deyil və bəzi dərmanların təminatı yetərsizdir.

Qərbi Avstraliyadakı Curtin Universitetinin əməkdaşı Prof. Stuart Kinner araşdırmanın "DƏHP diaqnozu və müalicəsinin geniş faydalarını" ortaya qoyduğunu bildirir.

Kinner deyir:

"DƏHP diaqnozunun qoyulmaması və müalicə edilməməsi alkoqolluğa və ya digər narkotiklərlə özünü müalicə etməyə çalışmağa, zəif psixi sağlamlığa, müxtəlif qəzalar nəticəsində yaralanmalara və ya cinayət törədərək həbs olunmağa qədər aparıb çıxara bilər".

Aston Universitetində klinik əczaçılıq professoru olan Lan Maidment deyir ki, araşdırma bu dərmanların potensial faydaları ilə bağlı anlayışlarına töhfə verir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) 2016–2022-ci illərdə 3–17 yaş aralığında əlavə 1 milyon uşağa DƏHP diaqnozu qoyulduğunu açıqlayıb.

Mərkəz bu inkişaflarla birlikdə DƏHP-i "yayılmaqda olan ictimai sağlamlıq problemi" olaraq xarakterizə edib.

Seçilən
115
bbc.com

1Mənbələr