AZ

Kriptovalyuta gəlirlərindən vergi tutulacaq

Yazını böyüt
Yazını kiçilt

Hər əməliyyat təsdiqlənsə də, istifadəçilərin kimliyi açıq görünmür"

“Azərbaycanın vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlir, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər”. Hafta.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.

Maraqlıdır, Azərbaycanda kriptovalyuta gəlirlərini vergiyə cəlb etmək mümkündürmü? Bazar bu prosesə hazırdırmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən UNEC Biznes Məktəbinin müəllimi, "Crypto Consulting" MMC-nin direktoru Elnur Quliyev bildirib ki, mövcud bazar bu prosesə hazır deyil.

E.Quliyevin sözlərinə görə, vergi orqanlarının işi çətin olacaq. O, bunu kriptovalyuta əməliyyatlarının blokçeyn texnologiyaları üzərindən - mərkəzsiz və anonim aparılması ilə əlaqələndirib:

“Hər əməliyyat təsdiqlənsə də, istifadəçilərin kimliyi açıq görünmür. Bundan əlavə, kripto-aktivlərin müxtəlif birjalar arasında tez-tez köçürülməsi və fərqli tokenlərin mövcudluğu hesablama prosesini daha da mürəkkəbləşdirir. Azərbaycanda əməliyyatların izlənməsi üçün hüquqi və texnoloji mexanizmlər olmadığından, vergi ödənişləri faktiki olaraq könüllülük prinsipi əsasında həyata keçirilir”.

Ekspertin sözlərinə görə, müasir infrastruktur formalaşdırılarsa, bu, həm dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına, həm də investorların daha etibarlı mühitdə fəaliyyət göstərməsinə şərait yarada bilər. Onun fikrincə, Azərbaycanın da beynəlxalq təcrübədən çıxış edərək daha məqsədyönlü addımlar atması vacibdir:

“Kriptovalyuta əməliyyatlarının rəsmi qeydiyyata alınması "kölgə iqtisadiyyatı"nın həcmini azalda, gənclərin və "freelancer"lərin sosial təminat sisteminə inteqrasiyasına şərait yarada, eyni zamanda yerli və xarici investorların etimadını gücləndirə bilər. Vergi mexanizmlərinin tətbiqi yalnız fiskal maraqlara deyil, həm də bazarın legitimləşdirilməsinə xidmət etməlidir. Əks halda, sərt və əlavə yük yaradan qaydalar bəzi vətəndaşları əməliyyatlarını dayandırmağa və yaxud xarici platformalara üz tutmağa məcbur edə bilər”.

E.Quliyev hesab edir ki, Azərbaycanda kriptovalyuta əməliyyatları üçün ayrıca, xüsusi vergi qaydalarının hazırlanması daha məqsədəuyğundur. Onun sözlərinə görə, mövcud qanunvericilik müəyyən dərəcədə kifayət etsə də, sahəyə uyğunlaşdırılmış ayrıca mexanizm həm vergi intizamını gücləndirər, həm də investorlar üçün daha şəffaf və etibarlı mühit yaradar.

Mütəxəssis onu da vurğulayıb ki, Azərbaycanın kriptovalyuta sektorunda həm böyük imkanlar, həm də ciddi risklər mövcuddur:

“İmkanlara gəlincə, gənclər və investorlar arasında kriptoya yüksək maraq var. Azərbaycan Türkiyə, Gürcüstan və BƏƏ kimi aktiv kripto bazarlarının yaxınlığında yerləşir. İnternet və mobil ödəniş sistemlərinin inkişafı rəqəmsal aktivlərin istifadəsini asanlaşdırır. Yerli IT və fintech şirkətlərin kripto sahəsinə marağı var. Zəif tərəflərə gəldikdə, kriptovalyutaların istifadəsi və tənzimlənməsi ilə bağlı dəqiq qanunvericilik yoxdur. Əhalinin böyük hissəsi kripto risklərini anlamır, “tez qazanmaq” psixologiyası geniş yayılıb. Maliyyə alətləri məhduddur, yerli kripto-birja və ya mübadilə platformaları yoxdur. Saxta layihələr və piramida tipli sistemlər insanların inamını zədələyib. Bank sektorunun passivliyi müşahidə olunur. Banklar kriptovalyutalar ilə əməliyyatlara konservativ yanaşır, amma təşəbbüs göstərmirlər və sair. Ümumiyyətlə, Azərbaycanda kriptovalyuta sektorunun SWOT analizi göstərir ki, güclü tərəflər və inkişaf perspektivləri düzgün istifadə olunarsa, ölkəmiz rəqəmsal aktivlər sahəsində regionda öncül mövqe tuta bilər. Bununla belə, hüquqi boşluqların aradan qaldırılması, ictimai maarifləndirmənin gücləndirilməsi və bank sektorunun innovativ yanaşmaya açılması vacibdir. Yalnız bu halda kriptovalyuta bazarı təhlükəsiz, dayanıqlı və inklüziv şəkildə inkişaf edərək Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasına töhfə verə bilər”.

Seçilən
7
hafta.az

1Mənbələr