“Formula 1” üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək. Sosial şəbəkələrdə yayılan məlumatlarda ali təhsil müəssisələrinin dərslərinin yarış səbəbindən sentyabrın 27-də başlayacağı iddia edilir.
Bu məlumat həqiqəti nə dərəcədə əks etdirir?
Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Bütün ali təhsil müəssisələrini əhatə edəcək belə bir qərar qəbul edilməyib".
Yarışın keçiriləcəyi məkanı nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətiylə əlaqə saxladıq.
UNEC-dən aldığımız məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyindən universitetə məlumat daxil olmayıb:
"Əgər məlumat daxil olmasa, çox güman ki, dərslər olacaq",- deyə universitetdən bildirilib.
ADPU-dan verilən məlumata əsasən, rəsmən belə bir qərar və ya məlumat yoxdur:
"Dərslər normal qaydada sentyabrın 15-də başlayacaq. Əgər hansısa qərar olarsa, F1 günlərində tədris ona uyğun tənzimlənəcək".