AZ

“Qarabağ”ın Avropa miqyasında böyük uğur əldə etməsi təəccüblüdür və möcüzədir”

"Qarabağ"ın qələbəsi böyük bir uğurdur və Azərbaycan çempionatından bir komandanın uğur qazanması möcüzədir. Çünki çempionatın səviyyəsi bəllidir, yəni futbola münasibətdə müəyyən qədər diletantlıq bu prosesi daha yüksək səviyyələrə qaldırmağa imkan vermir".

Bu sözləri Ölkə.az-a açıqlamsında Milli Məclisin deputatı fazil Mustafa "Qarabağ" futbol komandasının UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq ölkə çempionatında oynayan komandaların hansısa çox cüzi bir hissəsində uşaq futboluna diqqət var: "Qəbələ" kimi bir komandanın bu qədər maddi və texniki bazası olduğu halda, müəyyən səviyyədə duruş gətirə bilməməsi də üzücüdür.

Yaxud tutaq ki, "İmişli", "Araz-Naxçıvan" və bir sıra komandaların öz meydançasında oynamaması, oynaya bilməməsi, meydançaların olmaması problemi var. Belə bir vəziyyətdə "Qarabağ"ın Avropa miqyasında böyük uğur əldə etməsi təəccüblüdür.

Heç "Kayrat"la da müqayisə etməyin. "Kayrat"ın maddi texniki bazasını araşdırsanız, görərsiniz ki, "Qarabağ"dan qat-qat yüksəkdir. Həm də təlim-məşq strukturu, infrastrukturu da kifayət qədər yüksək səviyyədədir. İndi ot meydançası Azərbaycanda böyük bir problemdir. Yəni böyük əksəriyyət futbolçuların dizləri elə vaxtından əvvəl sıradan çıxır və gələcəyin futbolçuları yetişə bilmir".

Deputat qeyd edib ki, bu istiqamətdə də ölkə prezidenti böyük diqqət ayırır:

"Ona görə də Qarabağın bu uğuru sevindiricidir. Ölkəmizi necə ki, Azərbaycan Prezidenti diplomatiyada, hərbi sahədə, torpaqların azad olunmasında göstərdiyi böyük bir fədakarlığı, "Qarabağ" futbol meydançasında eyni qaydada göstərir. Yəni ölkənin imicini qaldırmaq üçün, ölkəni inkişaf etdirmək üçün sadəcə fədakarlığa ehtiyac var, ölkəni sevməyə ehtiyacı var və bu ölkəni sevəndə onun da yüksəlişi üçün cani dildən çalışırsan. Hətta mən hesab edirəm ki, "Qarabağ"ın müəyyən dərəcədə hələ əngəllərlə üzləşməsi ilə bağlı bır sıra problemlər də var.

Digər tərəfdən, bu, Azərbaycanın imicinə böyük təsir edir. Burada həm maddi tərəfdən klubun varlanmasından söhbət gedir, həm də ölkənin adının səslənməsindən. Biz Gürcüstan millisindən qat-qat geridəyik. Amma Gürcüstanın heç bir klubu dünya miqyasında Avropa Çempionlar Liqasına qatıla bilmir.

Amma digər məsələlərə baxın: Özbəkistan millisi dünya çempionatına qatıldı, Gürcüstan millisi isə Avropa çempionatına. Bizdə isə hələ ki bir irəliləyiş olmadı. Ona görə də hər hansı komandanın bu cür uğuru, sözsüz ki, başqaları üçün də ibrət olmalıdır. Komandanın gələcəyi ilə bağlı dəstək göstərilməli, yaxşı oyunçuların alınması istiqamətində isə, mənim fikrimcə, dövlətin də müəyyən strukturlara köməklik göstərməsi vacibdir. Çünki bəzi mövqelərdə futbolçu çatışmazlığı var və bu məsələ də öz həllini tapmalıdır".

Həmidə İbrahimova

Seçilən
2
olke.az

1Mənbələr