Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər enerji təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan öz zəngin təbii ehtiyatları və etibarlı tərəfdaş imici ilə ön plana çıxır. Ölkəmizin həm Avropa, həm də Yaxın Şərq istiqamətində enerji ixracını genişləndirməsi strateji əhəmiyyət daşıyır. Bu prosesdə siyasi iradə və regional əməkdaşlıq həlledici rol oynayır. Azərbaycanın qaz təchizatındakı rolu isə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan önəm kəsb edir.
News24.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycan regionun enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biridir.
“Məhz cənab Prezidentin siyasi iradəsi nəticəsində bu gün Azərbaycanın, o cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu əhəmiyyətli dərəcədə artıb.
Bir tərəfdən, Azərbaycan Avropanın mavi qaz idxal etdiyi ölkələr arasında ilk "beşlik"də yer alır. Digər tərəfdən, hazırda Azərbaycan 14 ölkəyə mavi qaz ixrac edir. Bu rəqəm əvvəllər 12 idi. Sonradan Ukrayna və Suriya da bu imkanlardan yararlanmağa başlayıb. Nəzərə alaq ki, bu 14 ölkədən 12-si Avropa ölkəsidir (bura Gürcüstan və Ukrayna da daxildir), digər iki ölkə isə Türkiyə və Suriyadır. Əlavə olaraq, Türkiyənin də Avropa ölkəsi sayılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da önəm qazanır”.
Millət vəkili əlavə edib ki, Azərbaycanın mavi qazı artıq Yaxın Şərqə də ixrac olunmağa başlanıb:
“Suriyaya qaz nəqlindən sonra bu ixracın İordaniya və Misirə qədər genişlənməsi imkanı yaranıb. İki əsas istiqamət üzrə Suriya üzərindən Yaxın Şərqin digər ölkələrinə qaz ixracı, Yunanıstan–Bolqarıstan interkonnektoru vasitəsilə Mərkəzi və Şərqi Avropa ölkələrinə qaz nəqli (bu interkonnektor artıq istifadəyə verilib) mümkündür”.
Deputat qeyd edib ki, hazırda Mərkəzi və Şərqi Avropada Azərbaycanın mavi qazından istifadə etmək istəyən ölkələrin sayı artmaqda davam edir:
“Bu da onu göstərir ki, cənab Prezidentin müsahibədə qeyd etdiyi kimi, Azərbaycan növbəti mərhələdə də regionun enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayacaq. Mövcud potensial və qaz ehtiyatları isə, Azərbaycanın daha çox ölkəyə mavi qaz nəql etməsi üçün geniş imkanlar yaradır”,- deyə V.Bayramov bildirib.
Xatırladaq ki, Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir:
- Türkiyə
- Gürcüstan
- İtaliya
- Yunanıstan
- Bolqarıstan
- Rumıniya
- Macarıstan
- Serbiya
- Sloveniya
- Xorvatiya
- Şimali Makedoniya
- Slovakiya.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyard 899 milyon kubmetrdən çox təbii qaz ixrac edilib. Bu dövrdə ixracın ümumi dəyəri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün bildiririk ki, 2024-cü ilin eyni dövründə 4 milyard 933 milyon kubmetr təbii qaz ixrac olunmaqla, bu ixracın dəyəri 1 milyard 752 milyon dollar olub.