Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müasir dövrdə dövlət maliyyəsinin şəffaf idarə olunması təkcə iqtisadi sabitliyin deyil, həm də cəmiyyətin dövlətə inamının əsas dayaqlarından biridir. Neft gəlirlərinin azaldığı, iqtisadiyyatın dayanıqlı mənbələr hesabına inkişaf etdirilməsinin zəruri olduğu bir vaxtda büdcə xərclərinə nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Bu baxımdan Prezidentin imzaladığı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması haqqında fərman sadəcə texnoloji yenilik deyil, həm də idarəetmədə tamamilə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Təəssüf ki, ölkə mediasında geniş işıqlandırılmayan bu sənəd əslində, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın təmin olunması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, yeni mexanizmin əsas icra yükü Maliyyə Nazirliyinin üzərinə düşəcək. Əgər bu sistem keyfiyyətlə tətbiq olunarsa, növbəti illərdə multiplikativ effekt yaradaraq bütövlükdə iqtisadiyyata müsbət təsir göstərəcək. Çünki fərmanın mahiyyəti illərdir müşahidə olunan problemlərə – mənimsəmələrə, şişirdilmiş tenderlərə, səmərəsiz xərclərə və qeyri-şəffaf maliyyə əməliyyatlarına nəzarət mexanizmi qurmaqdan ibarətdir:
"Yeni sistem sayəsində büdcə gəlirləri və xərcləri, dövlət şirkətlərinin dividendləri, büdcədənkənar fondlar və dövlət sifarişi ilə icra olunan layihələr rəqəmsal müstəvidə izlənəcək. Bundan əlavə, elektron müqavilələrin tətbiqi, xəzinədarlıq nəzarətinin gücləndirilməsi və maliyyə ekspertizasının genişləndirilməsi maliyyə əməliyyatlarında manipulyasiya imkanlarını minimuma endirəcək".

Eldəniz Əmirov: Bu, ölkəmizdə ilk dəfə maliyyə intizamının rəqəmsal izlənməsinə imkan yaradan ciddi bir mexanizmdir
Onun sözlərinə görə, bununla belə, fərmanın uğuru yalnız onun icra keyfiyyətindən asılı olacaq. Əgər sistem peşəkar kadrlarla, güclü texniki infrastrukturla və davamlı nəzarətlə həyata keçirilərsə, ölkənin maliyyə sistemi tamamilə yeni mərhələyə qədəm qoya bilər. Əks halda isə gözləntilərin doğrulmaması riski qalacaq:
"Bu, ölkəmizdə ilk dəfə maliyyə intizamının rəqəmsal izlənməsinə imkan yaradan ciddi bir mexanizmdir. Bu addım gələcək üçün ümidverici bir başlanğıc hesab edilə bilər".
Əli Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.