AZ

Paşinyan sülhə yaxınlaşır: 4 kənd məsələsi və sərhəd danışıqları

Cənubi Qafqazda sülh prosesləri intensiv mərhələyə qədəm qoyub. Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışlarında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduqlarını etiraf edir. ABŞ-də keçirilən görüşlər və paraflanma mərhələsi də bunun real siyasi gündəlikdə olduğunu göstərir. Politoloq Əlimusa İbrahimov Editor.az-a verdiyi açıqlamada sülh müqaviləsinə aparan yol, gündəmdə olan 4 kənd məsələsi və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı mövqeyini açıqlayıb.

Politoloq Əlimusa İbrahimov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan bəhs edir. ABŞ-də müqavilənin paraflanması isə imzalanma mərhələsinə çox yaxın olunduğunu göstərir.

Onun sözlərinə görə, Paşinyan Azərbaycanın hələ də Ermənistanın nəzarətində qalan 4 kəndi ilə bağlı məsələyə də toxunub:

“Ermənistan hakimiyyəti bu kəndlərin qaytarılmamasını həmin ərazilərdən onlara aid kommunikasiya xətlərinin keçməsi ilə izah edir. Bu kəndlər ya sülh müqaviləsi imzalanana qədər, ya da sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində mütləq qaytarılmalıdır”.

Ə.İbrahimov eyni zamanda qeyd edib ki, Paşinyanın leksikonunda zaman-zaman “Ermənistanın Azərbaycanda torpaqları var” kimi iddialar səslənir. Onun fikrincə, bu kimi məsələlərin həqiqiliyini dövlət başçıları daha yaxşı bilirlər. Əsas məqam isə odur ki, iki ölkə sülh müqaviləsinə təmiz və dəqiq müəyyən olunmuş sərhədlərlə çıxmalıdır.

“İnanıram ki, sülh müqaviləsi imzalanana qədər sərhədlərin delimitasiya və demarkasiyası məsələsi öz həllini tapacaq və tərəflər razılığa gələcək,” – deyə politoloq bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr