“Əvvəl 14 komanda ilə təşkil olunan və 26 tur davam edən çempionatda komanda sayının kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsindən sonra II Liqada “altılıq” sisteminin sisteminin tətbiqini məqsədəuyğun hesab etdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
II Liqada yeni mövsüm sentyabrın 4-də start götürəcək. Turnir 12 komandanın iştirakı ilə 2 dövrəli sistemlə keçiriləcək.
PFL-in vəzifəli şəxsi növbəti çempionatınq reqlamentində dəyişiklik etdiklərini söyləyib:
“Çünki 22 tur çox az olardı. İndi isə komandalar iki dövrənin ardınca daha 5 oyun keçirəcəklər və yekunda 27 turda mübarizə aparacaqlar.
Hesab edirik ki, bu, II Liqa üçün normaldır. Yeni mövsümdə əsas yeniliklərdən biri pley-off sayının artırılmasıdır.
II Liqanın qalibi birbaşa I Liqaya yüksələcək, ikinci yerin sahibi I Liqanın 9-cusu ilə pley-offda üz-üzə gələcək.
Düşmə zonasında isə daha iki pley off-olacaq. II Liqanın sonuncusu yarışı birbaşa tərk edəcəksə, 11-ci yerin sahibi Region Liqasının finalçısı, 10-cu pilləni tutacaq komanda isə Region Liqasının 3-cüsü ilə pley-offda qarşılaşacaq.
Biz Region Liqası komandalarından II Liqaya olan marağını müşahidə etdik və onlara əlavə şans yaratmaq üçün belə bir sistemin formalaşdırılması məqsədəuyğun sayıldı”.