AZ

Mərkəzi Asiya ölkələrinin Əfqanıstan üzrə xüsusi nümayəndələrinin ilk iclası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Daşkənddə Mərkəzi Asiya ölkələrinin Əfqanıstan üzrə xüsusi nümayəndələrinin ilk iclası keçirilib. Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinin məlumatına görə, tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər.

Hafta.az-ın yazdığına görə, iclas iştirakçıları “region ölkələri üçün ümumi maraq doğuran məsələlər üzrə müntəzəm və məqsədyönlü dialoq üçün müstəqil regional platforma kimi Əfqanıstan məsələsi üzrə xüsusi nümayəndələr səviyyəsində Təmas Qrupunun yaradılmasının aktuallığını və vaxtında olmasını” qeyd ediblər. Fotoya əsasən, görüşdə Tacikistanın Özbəkistandakı səfiri Abducabbor Rahmonzoda təmsil edib.

Həmsöhbətlər Mərkəzi Asiya və Əfqanıstanın geostrateji mövqeyini, tarixən bağlı mədəni və iqtisadi məkanı, habelə Avrasiyada sabitlik və təhlükəsizliyin təmin edilməsində ümumi marağı nəzərə alaraq Əfqanıstan məsələsinə müstəqil yanaşmanın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

“Tərəflər konsensus əsasında Əfqanıstandakı vəziyyətə ümumi, balanslaşdırılmış və real yanaşmalar hazırlamaq istəklərini təsdiqləyib, Mərkəzi Asiya ilə Əfqanıstan arasında ticarət-iqtisadi, nəqliyyat, logistika və mədəni-humanitar əlaqələrin bərpası və inkişaf etdirilməsi zərurətini qeyd ediblər”, - deyə Özbəkistan XİN məlumat yayıb.

Mərkəzi Asiya ölkələrinin nümayəndələri region ölkələrinin maraqlarını və milli prioritetlərini nəzərə almaqla Əfqanıstanın mövcud faktiki hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparıb və regional təhlükəsizlik, o cümlədən transsərhəd cinayətkarlığa, ekstremizm və terrorizmə, habelə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində koordinasiyanın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Əfqanıstanın regional səylərdə rolunu qeyd edən görüş iştirakçıları Əfqanıstan problemi ilə bağlı fikir mübadiləsi, məsləhətləşmələr və səylərin əlaqələndirilməsi platforması kimi Təmas Qrupunun davamlı işinin vacibliyini qeyd edib və bu formatda mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəliblər. Təmas Qrupu Əfqanıstan üzrə regional gündəliyin formalaşmasında və bütün makroregionun davamlı inkişafının təmin edilməsində Mərkəzi Asiya dövlətlərinin müstəqil və məsuliyyətli rolunun gücləndirilməsinə kömək edəcək”, - XİN yekunlaşdırıb.

Seçilən
4
hafta.az

1Mənbələr