AZ

Sülhün yeni səhifəsi: Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Tarixin dönüm nöqtələri olur – xalqların taleyində yeni səhifə açan məqamlar. 26 avqust 2025-ci ildə Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə də məhz belə anlardan biri oldu. Bu çıxış Azərbaycanın yaxın keçmişinin yekunlarını, bu günün reallıqlarını və gələcəyin istiqamətlərini aydın göstərdi.
“Otuz illik münaqişəyə nöqtə qoyuldu” – Prezidentin bu sözləri təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm mərhələni ifadə etdi. 8 avqustda Vaşinqtonda imzalanan razılaşma ilə Azərbaycan haqq işini başa çatdırdı, bölgəyə sülhün və əməkdaşlığın qapısını açdı. Bu sənəd artıq sadəcə diplomatik protokol deyil, yeni geosiyasi nizamın rəmzidir.
Prezidentin vurğuladığı əsas şərt aydındır: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəalar aradan qaldırılmalıdır. Bu tələb yalnız hüquqi deyil, həm də mənəvi sınaqdır. Azərbaycan sülhün tərəfdarıdır, lakin bu sülh yalnız dürüst qonşuluq və qarşılıqlı etimad üzərində qurula bilər.
Müsahibədə diqqətçəkən məqamlardan biri İranla münasibətlərə verilən önəm idi. Prezidentin “Biz eyni dildə danışırıq” fikri diplomatiyanın ən gözəl ifadəsidir. Burada yalnız dil deyil, ruh yaxınlığı da var. “Zəngəzur dəhlizi”nin təhlükə yox, əksinə, İran üçün fürsət olduğu mesajı regionda yeni əməkdaşlıq modelinin əsasını qoyur.
Zəngəzur dəhlizi, Şimal–Cənub xətti, TRIPP marşrutu – bunlar Azərbaycanın coğrafiyasını dünyanın əsas yollarına çevirən böyük layihələrdir. Prezidentin sözlərindən aydın görünür: Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də qlobal nəqliyyat qovşağıdır. Bakıdan Naxçıvana, oradan Yaxın Şərqə, Asiyadan Avropaya uzanan yolların mərkəzində Azərbaycan dayanır.
Prezidentin sektarizmə qarşı fikirləri isə təkcə region üçün deyil, bütün müsəlman dünyası üçün çağırışdır. Azərbaycan sünni və şiə icmalarının, xristianların və yəhudilərin harmoniyada yaşadığı unikal məkandır. Bu model həm daxili birliyi möhkəmləndirir, həm də beynəlxalq aləmdə ölkəmizin humanist obrazını gücləndirir.
Müsahibənifərqli cəhətlərindən biri də odur ki, yalnız informasiya xarakterli çıxış deyildi; o, həm də Azərbaycan xalqının qəlbində qürur, inam və etimad hissi oyadan, milli ruhu yüksəldən nitq oldu. Ölkə başçısının hər bir ifadəsi, hər bir vurğusu Azərbaycanın gücünü, liderin müdrikliyini və diplomatlıq bacarığını açıq şəkildə göstərirdi.
Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma təşəbbüslərinə verdiyi önəmdir. Azərbaycanın həyata keçirdiyi iqtisadi dəhlizlər, nəqliyyat və kommunikasiya layihələri yalnız milli inkişaf məqsədini daşımır, eyni zamanda bütün regionun tərəqqisinə xidmət edir. Bu, həm də Azərbaycanın qlobal perspektivi nəzərə alan uzaqgörən və praqmatik siyasətinin bariz nümunəsidir. Dövlətimizin başçısının bu yanaşması ölkəmizin güclü, balanslı və müdrik siyasət yürütməsinin əyani sübutudur.
Müsahibədə enerji və infrastruktur siyasəti də geniş şəkildə müzakirə olundu. Cənab Prezident bildirdi ki, enerji layihələri yalnız Azərbaycanın iqtisadi inkişafına deyil, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Onun strateji idarəçiliyi və diplomatlıq bacarığı Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Eyni zamanda, regionda balans yaratmaq, sülhü qorumaq və qarşılıqlı anlaşmanı təşviq etmək mesajları həm Azərbaycan xalqı, həm də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir.
Müsahibənin mühüm hissələrindən biri Türk Dövlətləri Təşkilatına dair açıqlamalardır. Cənab Prezident qeyd etdi ki, TDT hazırda böyük potensiala malikdir və Azərbaycan daim bu qurumu gücləndirməyə sadiqdir. Təşkilat əvvəlcə məşvərətçi qrup və şura kimi fəaliyyətə başlamış, zamanla isə strateji platformaya çevrilmişdir. Bu, göstərir ki, Azərbaycan yalnız milli maraqları qorumaqla kifayətlənmir, həm də Türk dünyasında əməkdaşlığın və inteqrasiyanın güclənməsinə öncülük edir.
Azərbaycan və Türkiyə arasında mövcud sıx münasibətlər 2021-ci ildə Şuşada imzalanmış Bəyannaməyə əsaslanır. Bu sənəd iki ölkəni hərbi və siyasi müttəfiqlər kimi birləşdirir və yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bundan əlavə, Özbəkistanla imzalanmış müttəfiqlik müqaviləsi və digər üzvlərlə mövcud strateji tərəfdaşlıq sənədləri Azərbaycanı regionda aparıcı və etibarlı tərəfdaş kimi təqdim edir.
Cənab Prezident vurğuladı ki, təşkilatı nadir edən əsas amil üzv ölkələrin ortaq tarixi köklərə və mədəni dəyərlərə malik olmasıdır. Bu xüsusiyyət TDT-yə yalnız regional deyil, həm də qlobal səviyyədə unikal mövqe qazandırır. Üzv ölkələrin əhalisinin artması və iqtisadi inkişafla dəstəklənməsi əlavə üstünlük yaradır, Türk dünyasının potensialını daha da gücləndirir. Azərbaycanın strateji mövqeyi, ordusunun gücü və ərazisindən keçən nəqliyyat dəhlizləri regionun logistika imkanlarını artırır, ölkəmizi həm strateji, həm də iqtisadi baxımdan önəmli bir oyunçu kimi təqdim edir.
Cənab Prezident həmçinin qeyd etdi ki, TDT üzvləri arasında siyasi sabitlik və dost münasibətlər mövcuddur, bu isə təşkilatı daha da gücləndirir. Gələcəkdə TDT konkret layihələr, investisiyalar, enerji və daşımalar sahəsində əməkdaşlıq, mədəniyyət və humanitar layihələrlə daha da möhkəmlənəcək. Azərbaycan bu platformada həm regional, həm də qlobal arenada rol oynayan, sabitliyi təşviq edən güclü bir oyunçu kimi çıxış etməyi hədəfləyir.
Xüsusi olaraq vurğulamaq yerinə düşər: Cənab Prezidentin bu müsahibəsi Azərbaycan vətəndaşları üçün qürur, inam və gələcəyə ümid mənbəyidir. Onun uzaqgörən siyasəti, diplomatlıq bacarığı və milli maraqlara sadiqliyi göstərir ki, Azərbaycan yalnız regionda deyil, beynəlxalq arenada da sabitləşdirici və müsbət rol oynayan güclü liderdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın təşəbbüsləri yalnız ölkəmizin deyil, bütün Türk dünyasının gələcəyinə inam yaradır və beynəlxalq ictimaiyyətə Azərbaycanın nüfuzunu nümayiş etdirir.
Beləliklə, Cənab Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan yalnız regional lider deyil, həm də qlobal miqyasda sabitliyi və əməkdaşlığı təşviq edən etibarlı gücdür. Bu yanaşma milli maraqların qorunmasını, qonşular və beynəlxalq tərəfdaşlarla konstruktiv münasibətlərin inkişafını təmin edir, Azərbaycan vətəndaşları üçün qürur və inam hissi yaradır, ölkəmizin beynəlxalq siyasətdəki strateji mövqeyini bir daha təsdiqləyir.





Seçilən
15
1
aia.az

2Mənbələr