AZ

METRO VƏ AVTOBUSDA GEDİŞ HAQQI 1 MANAT OLACAQ? “Günlük, həftəlik, aylıq və illik gediş biletləri təsis edilməlidir”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ötən gün bir sıra mətbu orqanlarda Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı müxtəlif iddialar yayılıb. Dərs ilinin başlaması ərəfəsində, qısa zaman kəsimində, işıq sürəti ilə bir sıra KİV-lərdə tirajlanan bu xəbər əhali arasında böyük çaşqınlığa səbəb olub. Yayılan iddialara görə, ictimai nəqliyyatda 50%-lik bir artımdan söhbət gedir. Bildirilir ki, metro və avtobuslarda gediş haqqı təxminən 1 manata qədər artırıla bilər.

Məlumat üçün bildirək ki, son olaraq ictimai nəqliyyat tarifləri daşıyıcı şirkətlərin müraciəti əsasında 30 iyun 2024-cü il tarixində yenidən tənzimlənib. Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.

Ümumən isə son illərin statistik təhlilləri göstərir ki, ölkədə ictimai nəqliyyatda gediş haqqının artım tempində bir canlanma var.

Məsələn, 2007–2017-ci illərdə avtobus və metroda sərnişin daşıma qiymətləri 20 qəpik təşkil edirdisə, 2018-ci ildən sonra gediş haqları 30 qəpiyə artırılmışdı. Bu dövr ərzində artım 50% olmuş, yəni orta illik artım təxminən 4,5% təşkil etmişdir. 2018–2024-cü illərdə tarif daha sürətli yüksəlmiş, 50 qəpiyə çataraq 66,7% artım tempinə nail olmuşdur. Bu, illik ortalama 10,7%-lik bir artım deməkdir ki, bu da əvvəlki dövrə nisbətən iki dəfə sürətlidir. Ümumilikdə, 2007–2024-cü illər ərzində Bakı avtobus tarifləri 150% artmışdır. Sözügedən artım həm iqtisadi faktorlarla, həm də nəqliyyat xərclərinin artması ilə izah olunmuşdu.

Metroya gəlincə, burada da son illər gediş haqqının artımı diqqət çəkən məsələlərdən biridir. 2018-ci ildə metroda bir gedişin qiyməti 30 qəpik müəyyən edilmişdi. 2023-cü ilə qədər bu tarif 40 qəpiyə yüksəldi ki, bu da təxminən 33,3% artım deməkdir. Bu dövr ərzində illik orta artım təxminən 6,7% təşkil etmişdir. Sonrakı iki ildə, yəni 2023–2025-ci illərdə metro gediş haqqı 50 qəpiyə çatdırılıb. Bu dövrdə artım tempi daha sürətlidir – ümumən 25% artım qeydə alınıb. İllik orta artım 12,5%-ə bərabər olub ki, bu da əvvəlki dövrə nisbətən təxminən iki dəfə yüksəkdir. Ümumilikdə, 2018–2025-ci illər ərzində metro gediş haqqı 30 qəpikdən 50 qəpiyə yüksələrək 66,7% artım göstərmişdir. Statistik təhlil bir daha göstərir ki, avtobusda olduğu kimi, burada da artım tempi xüsusilə son iki ildə sürətlənib.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycanda birdəfəlik gediş haqqının məbləği ancaq turistləri maraqlandıran məsələ olmalıdır.

Ekspertə görə, Azərbaycandakı sistem yanlışdır: “Birdəfəlik gediş haqqının neçəyə olması nəqliyyatdan az-az istifadə edənlərə aid edilməlidir. Azərbaycanda günlük, həftəlik, altı aylıq və bir illik gediş biletləri təsis edilməlidir. Bu biletləri alan vətəndaşlar üçün nəqliyyatda gediş haqqı fərqli hesablanmalıdır. Məsələn, siz bir günlük bilet alırsınızsa, gün ərzində istədiyiniz qədər nəqliyyatdan istifadə edirsinizsə, o zaman gediş haqqı gündəlik məbləğdən bir qədər ucuz olmalıdır. Bir aylıq alırsınızsa, 20 faiz ucuz olmalıdır. 6 aylıq alınırsa, 30-35 faiz ucuz olmalıdır. Bir illik alınırsa, necə ki, Avropa ölkələrində bu var, bu, gündəlik gediş haqqından 50 faiz ucuz olmalıdır. Belə bir sistem qurulmalıdır. Bundan başqa, tələbələr və təqaüdçülərə xüsusi biletlər satılmalıdır. Onlar xüsusi kateqoriya kimi qeyd edilməlidirlər”.

N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda müsbət mənada mürəkkəb və işlək bir sistemin təsis olunmasına ehtiyac var. İqtisadçı vurğulayır ki, zaman-zaman nəqliyyatda gediş haqqı artırılsa da, bunun insanların məmnuniyyətinə və daşımada keyfiyyət artımına heç bir təsiri olmur.

Məlum məsələdir ki, ictimai nəqliyyatda gediş haqqının artırılması əhalinin gündəlik həyatına birbaşa təsirsiz ötüşməyəcək. Xüsusilə aztəminatlı və orta gəlirli ailələr üçün bu, büdcəyə əlavə yük deməkdir. Bu zaman gündəlik işə gedib-gəlmək xərcləri yüksələcək və ailələrin digər ehtiyaclar üçün sərf edə biləcəyi məbləğ azalacaq. Digər tərəfdən, gediş haqqının artırılması ictimai nəqliyyata marağı azalda, şəxsi avtomobillərə üstünlük verilməsinə səbəb ola bilər ki, bu da paytaxtın əsas problemlərindən olan tıxac məsələsini daha da həlli mümkünsüz olan xaosa çevirə bilər. Hər halda, ümid edirik ki, müvafiq qurumlar bu barədə qərar verərkən daha diqqətli davranıb, yuxarıda qeyd olunan bu amilləri də nəzərə alacaqlar...

E. Bəyməmmədli

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr