Kredit borcunun ödənilməsi ilə bağlı maaşdan tutulma məsələsi vətəndaşlar arasında tez-tez sual doğuran mövzulardan biridir. Azərbaycan qanunvericiliyinə əsasən, banklar əmək haqqından tutma həyata keçirə bilər, lakin bunun müəyyən məhdudiyyətləri mövcuddur. Kredit borcuna görə bank maaş kartındakı vəsaiti tam tuta bilərmi? Borc öhdəliklərinə görə işçinin maaşının maksimum neçə faizi tutuluna bilər və bu zaman istisnalar varmı?
Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Əmək Məcəlləsi banklara kreditin müəyyən hissəsinin əmək haqqına yönləndirilməsi ilə bağlı hüquqları tanıyır və bu prosesin qanuni çərçivəsini formalaşdırır:
“Belə ki, Əmək Məcəlləsinə əsasən, kredit də daxil olmaqla əmək haqqından edilən bütün tutmalar əmək haqqının 50 faizindən artıq ola bilməz. Məsələn, minimum əmək haqqı 400 manat götürülsə, bütün növ tutmalar daxil olmaqla maksimum 200 manat tutulmalıdır. Orta aylıq əmək haqqı 1000 manat ətrafındadırsa, bu halda əmək haqqından maksimum 500 manat tutula bilər. Burada nəzərə alınmalıdır ki, əmək haqqının 50 faizi məhz kreditin ödənişi üçün tutulmur — digər tutmalar, həmkarlara ödənişlər və sosial ayırmalar da nəzərə alınır.
Vətəndaş öz razılığı ilə, kredit müqaviləsində əmək haqqını girov kimi təqdim edibsə və əmək haqqının tam məbləği kredit ödənişi üçün nəzərdə tutulubsa, bu halda bank əmək haqqının tam məbləğini tutmaq hüququna malikdir. Bu zaman hesablamalar əvvəlcədən aparıldığı üçün vətəndaşın digər gəlir mənbələri nəzərə alınır. Yəni vətəndaşın əmək haqqı tamamilə kredit öhdəliyinin yerinə yetirilməsi məqsədilə tutulsa belə, vətəndaşın ailə büdcəsini və aylıq xərclərini təmin edən digər mənbələrdən gəlirləri mövcud olur.
Yəni ümumiləşdirmiş olsaq, əgər vətəndaş birbaşa olaraq kredit müqaviləsi ilə razılıq verməyibsə, bu zaman maksimum kredit ödənişi də daxil olmaqla, əməkhaqqından maksimum tutmala 50%-i keçə bilməz. Bu, qanunvericiliyə ziddir və bu, məhkəmə predmetidir. Belə hallar mövcuddursa, vətəndaşlar məhkəmələrə müraciət edib öz hüquqlarını tələb edə bilərlər.
Yox, əgər vətəndaş kredit müqaviləsi ilə kredit məbləğini tam olaraq əmək haqqına yönləndirilməsi ilə bağlı qarşı tərəfə səlahiyyət hüququ veribsə və bu zaman əmək haqqının 100%-ə qədər olan hissəsi kredit öhdəliyinin yerinə yetirilməsi məqsədilə tutula bilər”.
Mehin Mehmanqızı