AZ

“Prezidentin müsahibəsində sülh və əməkdaşlıq mesajları geniş yer alıb”



“Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə regional və qlobal əhəmiyyətli məsələlər ətrafında Azərbaycan dövlətinin baxışlarının dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Çünki müxtəlif dairələrdə Azərbaycanla bağlı bu günə qədər səsləndirilən qərəzli fikirlərin daha dolğun cavabı məhz dövlət başçımız tərəfindən verildi. Yəni Azərbaycanın öz ərazilərini işğaldan azad etməkdən başqa bir niyyətinin olmadığı, Zəngəzur dəhlizinin hərb yolla açılmasına dair səsləndirlən fikirlərin əsassızlığı, eyni zamanda, dəhlizin heç bir dövlətin maraqlarına qarşı yönəlmədiyinə dair açıqlamalar daha çox diqqətçəkəndir”.

Bu barədə 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Prezidentin müsahibəsindəki əsas istiqamətləri şərh edərkən bildirib.

Deputat deyib ki, dövlət başçısı bu məsələlərə münasibət bildirəndə tariximizə ekskursiya edərək, Qərbi Zəngəzurun 1920-ci ildə Rusiya tərəfindən qoparılaraq Azərbaycanı iki yerə böldüyünü, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi faciələri, Xocalı soyqırımı, məhz azərbaycanlıların məcburi köçkünə çevrildiyini, İkinci Qarabağ müharibəsi zamanı məqsədimizin ancaq öz ərazilərimizi işğaldan azad etmək olduğunu diqqətə çatdırdı:

“Prezident bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt darmadağın etdiyimiz Ermənistan ordusunda 12 mindən çox fərarinin olması ordumuza Zəngəzur dəhlizini açmaq üçün heç bir çətinlik yaratmadığına dair fikirlər son 5 ildə Azərbaycan ətrafında qərəzli mövqe tutanlara verilən ciddi cavab oldu”.

Deputat söyləyib ki, dövlət başçısının müsahibəsində sülh və əməkdaşlıqla bağlı mesajlar daha geniş yer alıb. Azərbaycanın yaratdığı yeni reallıqlar Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Bu baxımdan Zəngəzur dəhlizin açılması ancaq Naxçıvanla quru əlaqənin yaradılması deyil, həm də Ermənistana tranzit ölkə olmaq imkanını qazandırmaqla yanaşı, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin genişləndirlməsinə böyük imkanlar yaradacaqdır.

Prezident İlham Əliyev Azərbaycan-İran münasibətlərinə də toxunaraq bizim üçün İranın xalq tərəfindən seçilmiş hakimiyyətinin mövqeyinin əsas olduğunu, müxtəlif dairələrdə səsləndirilən qərəzli fikirlərin heç bir əhəmiyyət daşımadığını və münasibətlərimizin inkişafına böyük dəyər verdiyimizi bildirdi”.

Deputat Azərbaycan-ABŞ münasibətlərinə dair dövlət başçısının fikirlərinə də toxunub: “Prezident Bayden administarasiyanın Azərbaycanla bağlı qərəzli və ədalətsiz siyasəti nəticəsində münasibətlərimizin sıfıra enməsinə baxmayaraq, Tramp administrasiyası ilə çox yaxşı münasibətlər qurulduğunu və Trampın hakimiyyətə qayıtmasına çox böyük dəyər verdiyimizi ifadə etdi. Müsahibədə Azərbaycanın sabitləşdirici rolundan danışan dövlət başçısı söylədi ki, Suriya-İsrail və Türkiyə -İsrail arasında gərginliyin azaldılmasına verdiyimiz töhfə Azərbaycanın beynəlxalq gündəliyini sülh və ədalət üzərində qurulduğunu bir daha təsdiq etmiş oldu.

Ümumiyyətlə, bir saatdan çox çəkən müsahibə zamanı Prezident bir çox məsələlər ətrafında siyasətimizin necə olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, beynəlxalq auditoriyaya ünvanlanan müxtəlif mövzuları əhatə edən çoxsaylı mesajları ilə regionumuzda münasibətlər sisteminin yenidən formalaşdırılmasında Azərbaycanın tutduğu yolu qlobal və regional aktorların diqqətinə çatdırdı ki, bu da mühüm əhəmiyyət daşıyır”.

Pərvanə Sultanova




Seçilən
16
1
aia.az

2Mənbələr