AZ

Putin-Zelenski görüşü: sıfır ehtimal və Ukraynanın siyasi durumu - ÖZƏL

Vladimir Putinin Volodimir Zelenski ilə görüş ehtimalı azdır. Bunun səbəbləri: Zelenski ilə görüş Putinə siyasi legitimlik verər; Rusiya ABŞ ilə strategiyasına uyğun olaraq, görüş üçün şərtlər qoymaqla sanksiyalardan yayına bilər. Dünya liderləri görüşü təşviq edir, bəzi ölkələr isə baş tutmazsa, Kremli sanksiyalarla hədələyir.
Putin-Zelenski görüşünün baş tutmamasının əsas səbəbləri nələrdir? Bu görüş nə zaman baş tuta bilər?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib: 
"  Zelenskinin və Vladimir Putinin görüşünün ehtimalını sıfır səviyyəsində dəyərləndirirəm, çünki bu görüş olmayacaq. Heç vaxt Putin vaxtı ötmüş prezidentlə bir masa arxasında oturmayacaq. Putin  bu haqda deyir ki, biz həmişə dialoqa hazırıq, danışıqlara həmişə açığıq və s. Amma bunlar hamısı, mən deyərdim ki, ardında bir nəticə olmayan ritorikadır. Çünki Zelenski faktiki olaraq öz legitimliyini itirib, ölkəsinin də legitimliyini zəif vəziyyətə gətirib çıxarır. Yəni, biz görürük ki, onun adından kim danışır? Avropalılar danışır. Və Alyaskada  Putinlə Trampın görüşü olanda biz gördük ki, onlar faktiki olaraq Ukraynanın müqəddəratı ilə bağlı danışıqları aparırlar.
Hansı nöqtədə onların sözü düz gəlib, əyri gəlib, onu bilmək olmaz. Amma hər halda o vəziyyət göstərdi ki, Avropa da bu şəraitdə demək olar ki, çox sönük, əlində heç bir səlahiyyət olmayan tərəf kimi çıxış edir. Bəli, Avropa deyir ki,  müharibə dayanmasın. Avropa çalışır ki, Zelenski duruş gətirsin. Amma Putin də deyib ki, biz nə zaman lazım bilsək, o zaman hərbi əməliyyatlara son qoyacağıq. Amma mən hələ ki, görmürəm bu ehtimalı. Çünki bu döyüşlər gedəcək. Mən elə düşünürəm ki, əvvəl-axır Rusiya öz nəzarətini götürə biləcək və ərazilərin də perimetrini böyüdəcək. Burada artıq Ukraynanın daxilində çox böyük narazılıqlar yaranır. Yəni, siyasi qüvvələr hərəkətə gəlib, hətta oliqarxlar uzaqdan uzağa öz hiddətlərini bildirirlər ki, Ukrayna  çox faciəvi vəziyyətə düşür. Və bunun da günahı Zelenskinin üzərindədir. Çünki o, vaxtı ötmüş bir prezident kimi artıq real baxımdan heç bir səlahiyyət daşımır. Demək olar ki, müharibənin uzanması ilə bağlı o, öz prezidentlik müddətini süni surətdə uzadır. Bu isə Ukrayna üçün çox böyük bəlalar gətirir.
İlk növbədə Ukraynalıların genefondu məhv edilir. Digər tərəfdən, Ukrayna hərbi birləşmələri döyüş bölgələrində artıq demək olar ki, mövqeləri əldən verir. Sonra Rusiyanın hərbi sənaye kompleksinin istehsal qüvvəsi günbəgün artır. Bu, heç bir sirr deyil. Amma Ukraynanın imkanları məhdud olsa da, daha çox ümidini xarici qüvvələrə bağlayır ki, onlar dəstək göstərsinlər. Yəni, belə müharibəni aparmaq heç vaxt böyük perspektiv vermir. İnanmıram ki, ön xəttdə Ukrayna-Rusiya döyüşündə bir dönüş yaransın. Mən onun heç bir ehtimalını, heç bir işarəsini görmürəm.Təbii ki, belə olduğu halda əsas sözü Ukrayna xalqı deməlidir. Bu yaxınlarda korrupsiyay ilə bağlı Qərbin institutlarının Ukraynada yaratdığı iki qurumu Zelenski  ləğv etmək istədi, amma cəmiyyət ica vermədi. Çünki  bir yandan korrupsiyanın və rüşvətxorluğun inkişafına gətirib çıxaracaq, digər yandan da söz azadlığına zərbə vuracaqdı. Ona görə də Zelenski geri çəkilməli oldu və demək olar ki, bu, son dönəmdə onun daxili siyasətdəki birinci məğlubiyyəti idi. Onun siyasi  dayaqları getdikcə zəifləyir. Ona görə hesab edirəm ki, müharibənin tez bir zamanda dayanması Ukrayna xalqının xeyrinə olacaq. Amma digər tərəfdən, heç hipotetik olaraq da Zelenski bu ilə razılaşmır və xarici fəallığını artırır ki, "bizə kömək verəcəklər, biz sözümüzü deyəcəyik" və s. Bu böyük faciədir. Düşünürəm ki, Zelenskinin aqibəti də bir o qədər yaxşı olmayacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr