AZ

Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yeni reallıqlara ədalətli və dürüst yanaşmanınnümunəsidir 

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” dövlət telekanalına müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı son proseslərə, eləcə də regional və qlobal müstəvidə baş verən geosiyasi hadisələrlə bağlı mühüm məsələlərə toxundu.

İlk növbədə dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış bəyanatın əhəmiyyətindən bəhs edərək, bu sənədin Cənubi Qafqazda uzun illər yaşanan qarşıdurma və gərginliyin sonu, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlanması kimi dəyərləndirdi. Azərbaycanın dürüstlüyə və ədalətə söykənən prinsipial mövqeyi artıq bölgədə sülh və humanizmin bərqərar olması, xalqlar arasında nifaqın əbədi səadətə çevrilməsi üçün möhkəm zəminlər yaradır.

Sözsüz ki, sülhə gedən yolun sonuna çatmaq asan və rəvan olmayıb. Dövlət başçısının qeyd etdiyi kimi 30 il əvvəl Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal edərək səkkiz milyon nəfər əhalisinin bir milyonunu evindən didərgin salan Ermənistan üzərində tarixi Zəfər qazandıqdan və öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycanın sülh üçün aramsız səyləri olub. Sülh prosesində boşluqlara rəğmən, Azərbaycanın israrlı təkidləri sayəsində rəsmi İrəvan sonda masaya oturaraq Vaşinqtonda tarixi sazişə imza atdı.

Sülh sənədi Azərbaycanın baxışlarına əsaslanır və əsas detallardan biri kimi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəaya dəyişikliyin təsbitini nəzərdə tutur.

Azərbaycanın humanist və sülhsevər diplomatiyasını pozmağa çalışmaq niyyətləri isə İrəvan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Dövlət başçısının mesajından da aydın olur ki, Ermənistanın belə bir niyyəti olarsa bu, ABŞ kimi qlobal gücə və elə bu prosesi alqışlayan beynəlxalq ictimaiyyətə qarşı çıxmaq demək olardı.

Bütün bu sadalananların konteksində Paşinyan iqtidarı və ölkənin taleyini düşünən erməni elitası yaxşı anlayır ki, Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Ən əsası isə Azərbaycan İrəvana bir mütləq və inkaredilməz gerçəkliyi də unutdurmur - Ağ Evdə paraflanmış sənəddən imtina regiondakı güc balansının qəti dominantı olan Azərbaycanın adekvat cavabları sayəsində zərərli nəticələr verə bilər.

Dövlət başçısının “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi barədə suala cavabı mükəmməl olmaqla yanaşı, tarixi ədalətsizliklərin xatırladılması baxımından məharətli diplomatik istedadın təcəssümü kimi yadda qaldı. Prezident İlham Əliyev qısa tarixi xronikaya keçid edərək əslində bu dəhlizin Azərbaycana aid coğrafi hissə və marşrut olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 1920-ci ilin aprelində rus ordusunun işğalından cəmi bir neçə ay sonra “Qərbi Zəngəzur” adlandırdırılan legitim ərazimizin Ermənistana verilməsi ilə Azərbaycanın suveren dövlətçilik aktı, beynəlxalq hüquq prinsipi pozulub, Azərbaycan əsas hissə və Naxçıvan olmaqla iki yerə bölünüb. Bu geosiyasi məntiq və beynəlxalq yanaşma bir daha ona dəlalət edir ki, Qərbi Zəngəzur adlı tarixi torpağımızdan keçəcək yeni kommunikasiya ərazisi sözün hər bir mənasında Azərbaycan marşrutu kimi səciyyələndirilə bilər.

Müasir siyasi reallıqlar kontekstində yaradılan Zəngəzur dəhlizinin qurulması isə Azərbaycanın qətiyyəti və haqlı tələbi ilə güclü beynəlxalq təhlükəsizlik zəmanətləri fonunda təmin olunacaq. Çünki Ermənistanın verdiyi zəmanətlər kifayət edə bilməz və ABŞ-nin yeni administrasiyası Bakının bu qanuni narahatlığını doğru qəbul edərək daha möhkəm və zəmanətli qlobal təhlükəsizlik arxitekturası qurmaq üçün “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nu labüd hesab edir.

Azərbaycan Zəngəzur dəhlizi ilə bərabər, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini vahid habda birləşdirmək səylərini artırır. Cənab Prezidentin mövcud 

situasiyalara bu nöqteyi-nəzərdən yanaşaraq qonşu İranın narahatlığına səbəb olan “Tramp dəhlizi” barədə vəziyyətin əsl mahiyyətini də anlatdı. Prezident PezeşkianınZəngəzur dəhlizi ilə bağlı mövqeyini məntiqli hesab etdiyini vurğulayan dövlətimizin başçısı bu nəqliyyat bağlantısının İran üçün təhlükə və milli maraqlarına zidd olmadığını, regional əməkdaşlıq açarı olduğunu xatırlatdı: “Bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bizim İran Hökuməti ilə “Araz dəhlizi” adlanan və Ermənistandan yan keçməklə layihə icra mərhələsindədir... Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq” fikirləri Zəngəzur dəhlizinin bütün qitələri birləşdirən qlobal trans-kommunikasiya olmasının detallı izahıdır.

Ermənistana ünvanlalan mesaj isə bu ölkənin gələcəyə açılan rifah qapısını vaxt itirmədən düzgün məntiqlə dəyərləndirməyə çağırış hesab edilə bilər. Qeyd edildiyi kimi, bu nəqliyyat qovşağı İrəvanı dünyaya inteqrasiya etməklə əhəmiyyətli gəlirlər qazanmasını təmin edəcək: “İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək”. Bir sözlə, rəsmi Bakı regionda ayrı-seçkilik deyil, iqtisadi-kommunikativ həmrəylik modeli formalaşdırır.

“Əl-Ərəbiyyə” telekanalına müsahibədə mühüm məqamlardan biri Rusiya ilə bağlı son dövrlərdə müşahidə edilən vəziyyətlə bağlı oldu. Dövlət başçısı bu məsələdə də geridönməz qətiyyətli mövqeyinə sadiq qalaraq “Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik” bəyanı ilə bir daha Kremlin öz məsuliyyətini dərk etməyə çağırdı.

Prezident İlham Əliyevin regional və beynəlxalq situasiyalar haqqında dərin siyasi məna kəsb edən baxış tərzi də maraq doğurur. O, Yaxın Şərq regionunda, o cümlədən Suriyada baş verən  dəyişikliklər və yeni quruculuqda Azərbaycanın yaxından iştirakını və verdiyi dəstəyi, qaz nəqli və bu bölgədə enerjinin şaxələndirilməsi, rəsmi Bakının Asiya, Orta Şərq və ərəb regionları ilə bağlı mövqeyini bir daha konkretləşdirdi. Habelə İsrail ilə Suriya arasında mövqeyimizin yalnız sülh və köməkdən ibarət olması, Türkiyə ilə İsrail arasında da ümumi dil tapılmasında Azərbaycanın rolu, Körfəz Əməkdaşlıq Ölkələri, ələlxüsus da Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə nəticəyönümlü əlaqələrin inkişafına  verilən önəm Azərbaycanın siyasi və iqtisadi humanizminin təntənəsini, nümunəvi tolerant davranışını və mədəniyyətlərarası dialoqda unikal model yaradıcısı olduğunu sərgiləyir.

Prezident İlham Əliyev türk dünyasının müasir geosiyasi proseslərdə roluna da nəzər salaraq Türkiyə və Azərbaycan arasında imzalanmış hərbi və siyasi müttəfiqlik Bəyannamənin digər türk dövlətləri üçün uğurlu formata çevrildiyini, Türkiyənin qlobal miqyasda aparıcı hərbi güc olduğunu, eləcə də hərbi qüdrətini döyüş meydanında nümayiş etdirən Azərbaycan Ordusunun sarsılmaz potensialı və digər faktorlar müqabilində TDT-nin  regional və qlobal gücə çevrildiyini danılmaz gerçəklik kimi xarakterizə etdi.

Ramid Namazov

Milli Məclisin deputatı

 

Seçilən
1
1
redaktor.az

2Mənbələr