ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 28-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev Konstitusiyası müstəqil, suveren, qüdrətli Azərbaycanın dinamik inkişafını təmin edən hüquqi sənəddir!” mövzusunda Regional Konfrans keçirilib.
"Unikal" xəbər verir kİ, Qazax Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəydən olan qonaqlar, idmançılar, gənclər, mədəniyyət, təhsil, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, konfransın əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan Respublikasının dövlətçilik və hüquq tarixinin ən parlaq səhifələrindən biridir. Preambulasında başlıca niyyətlərdən biri kimi bəyan edilən Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması 44 günlük Vətən müharibəsində reallaşan Konstitusiyamız öz hüquqi qüvvəsini işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar etdi. Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli ideyasının əsas məqsədlərindən birinə çevrilərək daha böyük cəsarət və prinsipiallıqla yeni reallıqlar şəraitində qorunmaqdadır. Bütün bunları nəzərə alaraq dövlət başçısının müvafiq Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. C.Hüseynova respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlərin – elmi-praktik konfransların, seminarların, dəyirmi masaların, ağacəkmə aksiyalarının, tədbirlərin, intellektual yarışların, müsabiqələrin keçirildiyini, ölkəmizin bütün regionlarını təmsil edən müxtəlif peşə və ixtisas qrupundan olan gənclərin rayonumuza səfərlərinin təşkil edildiyini, sonuncu düşərgə olaraq avqustun 21-dən 26-dək tərkibi gənc magistr, alim və tədqiqatçılardan ibarət “Gənc alimlərin yay düşərgəsi”nin təşkil olunduğunu diqqətə çatdırıb. Bugünkü tədbirin də “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin məntiqi davamı olduğunu söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Geniş məruzə ilə çıxış edən icra başçısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev Konstitusiyası müstəqil, suveren, qüdrətli Azərbaycanın dinamik inkişafını təmin edən hüquqi sənəddir!” mövzusunda keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri 2025-ci ilin Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edildiyini, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünün təntənə ilə qeyd olunduğunu bildirib. Rayon rəhbəri vurğulayıb ki, bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. 1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermirdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu. Nəhayət 12 noyabr 1995-ci il tarixdə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. İcra başçısı 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli Lider Heydər Əliyev qeyd etdiyi “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir” dəyərli sözləri iştirakçıların diqqətinə çatdıraraq bu gün həmin sözlərin reallığa çevrildiyini söyləyib. İcra başçısı qeyd edib ki, hazırda dövlətimizin müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Əlbəttə ki, bu qələbə Müzəffər Ali Baş Komandan başda olmaqla, Azərbaycan gəncliyinin qələbəsi idi. Ölkə başçısı gənclərin Vətən müharibəsindəki şücaətini qiymətləndirərək demişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə edir və etməkdədir. Biz qürurla deyə bilirik ki, bu gün Azərbaycan Respublikası ölkə Prezidentinin rəhbərliyi altında tarixində ən güclü dövrlərindən birini yaşayır. Təkcə hərbi sahə deyil, diplomatik müstəvidə də əldə olunan nailiyyətlər ölkəmizi regionun lider dövləti, beynəlxalq münasibətlər sistemində isə etibarlı tərəfdaş kimi tanıdır. Respublika Prezidenti İlham Əliyevin Prezident Donalt Trampın dəvəti ilə 2025-ci ilin 7-8 avqust tarixlərində ABŞ-a səfəri və Ağ Evdəki tarixi bəyanatı – Azərbaycan diplomatiyasının yeni mərhələsi, tarixi qələbəsi və uğuru oldu. Səfər çərçivəsində iki dövlət arasında münasibətlərdə yeni səhifə açıldı, eyni zamanda Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından dönüş nöqtəsi oldu. Cənab Prezidentin işgüzar səfəri zamanı baş tutan görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar ölkəmizin xarici siyasət kursunun uğurlu və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Ağ Evdəki tarixi çıxışı, strateji sənədlərin imzalanması və sülh prosesinə verilən töhfə ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Bu səfər göstərdi ki, Azərbaycan təkcə regionun deyil, həm də beynəlxalq siyasətin fəal və etibarlı oyunçusudur. Azərbaycanın əsl müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azəraycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. Ə.Məsmalıyev bildirib ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Respublika Prezidentinin müvafiq Sərəncamı Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur. Azərbaycan Respublikasının Konstitusiyası – dövlətin əsas qanunu olaraq – hüquqi sistemin təməlini təşkil edir. Belə ki, Konstitusiyada qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqları, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kimi əsas prinsipləri təsbit edilir. Bu sənəd ölkədə hüquq sisteminin təməlini qoymuş və Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun inkişafını təmin etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını tanımaqla kifayətlənmir, eyni zamanda onların təminat sistemini də müəyyənləşdirir. Konstitusiyanın III fəsli bu hüquq və azadlıqların geniş aspektini ehtiva edir. Onların reallaşdırılması üçün Konstitusiya hüquqi müstəvidə dövlətin pozitiv öhdəliklərini müəyyən edir. Natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Konstitusiya dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz suverenliyini bərpa etdi. Bu müstəqillik xalqın iradəsinə, milli kimliyinə və tarixi ədalətə əsaslanır. Bu gün Azərbaycan regional və qlobal səviyyədə söz sahibi olan bir dövlətdir. 44 günlük Vətən müharibəsində əldə edilən zəfər “Dəmir yumuruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”. Azərbaycanın müstəqilliyi əbədidir, çünki onun arxasında xalqın iradəsi, qanı, canı bahasına qorunan torpaqlar və güclü dövlətçilik ənənəsi dayanır. Natiq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” imzaladığı 19 sentyabr 2024-cü il tarixli Sərəncamla hər il sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəyini söyləyib. Bu addımın Azərbaycanın müasir tarixində daha bir şərəfli günün qeyd olunmasına səbəb olduğunu dilə gətirib. Suverenlik dövlətin daxili və xarici işlərdə müstəqilliyini və tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsipdir. Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edilərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir. 2025-cİ ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi əsaslarının, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu il Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyyət daşıyır. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir.
Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Rauf Rüstəmov, Ağstafa şəhəri Texniki və Humanitar fənlər təmayüllü Liseyin Uşaq Birliyi Təşkilatının rəhbəri Naidə Həsənova, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, Şəmkir rayon sakini, Bakı Dövlət Universitetinin tələbəsi Kənan Xəlilov çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Bildirilib ki, bu gün ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının, Heydər Əliyevin ölməz ideyalarının izi olmasın. Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ölkəmizdə hüquq islahatlarının, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu işlərin böyük bir qismi humanizm prinsipləri ilə, insan hüquq və azadlıqlarının qorunması ilə sıx bağlıdır. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, müstəqil Azərbaycanımızın ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyev siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi işinə xidmət edəcəkdir. Konstitusiya vətəndaşlıq sistemi olmaq etibarilə həm də dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını əks etdirir. Məhz buna görə ən ali qanundur. Konstitusiya ona görə "Əsas Qanun" adlandırılır ki, o ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizamlamağa şərait yaradır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısıdır. Dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prioritetlərini əks etdirir. Şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil, bəşəri qaydalarını müəyyən edir. Əsas Qanunumuzun ölkə həyatında və cəmiyyətin inkişafında müstəsna rolu vardır. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənclər Konstitusiyamızı diqqətlə öyrənməli, öz hüquqlarını aydın bilməli, onlardan düzgün və səmərəli istifadə etmək yolunu mənimsəməlidirlər. Bütün vətəndaşlar kimi, gənclər də dövlətimizin Əsas Qanununda əksini tapmış vəzifələrini vaxtında və düzgün yerinə yetirməyə borcludurlar. Çünki hər bir vətəndaş Konstitusiyamızın qarşıya qoyduğu, ona aid olan vəzifələrin icrasına cavabdehdir və onu pozmağa görə qanun qarşısında ciddi məsuliyyət daşıyır. Gənclər can-başla dövlətin özəyi olan ailəyə, dövlət dili hesab edilən Azərbaycan dilinə, dövlət rəmzlərimiz olan bayrağımıza, gerbimizə və himnimizə hörmət etməlidirlər. Konstitusiyamızda əksini tapan bütün insan və vətəndaş hüquqları, eləcə də azadlıqları qanunla ciddi şəkildə qorunur və gənclər də bu hüquqların himayəsi altındadırlar. Bütün insanların, o cümlədən hər bir gəncin ləyaqəti qorunur və ona hörmət edilir. Azərbaycan cəmiyyətində yaşayan bütün insanlar kimi gənclərin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır. Gənclərimiz bilməlidirlər ki, heç kimə bu hüquqlardan sui-istifadəyə icazə verilmir. Prezident İlham Əliyev prezidentlik fəaliyyətində hər zaman gəncliyə inanıb, ona arxalanıb, eyni zamanda, sərhədlərimizin keşiyində duran, erməni təcavüzkarları ilə üzbəüz səngərlərdə dayanan gənc nəslə güvənib. Azərbaycan gəncliyi də, öz növbəsində, bu etimadı daim doğruldub. Xalqımız möhtəşəm Zəfərimizdə bunun bir daha şahidi olub. gənclərimiz mövcud siyasətin uğurlu davamına, müasir Azərbaycanı dünyaya tanıdan, uğurlu inkişaf strategiyası quran Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Çünki son illər ərzində həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün böyük imkanlar yaradıb. Məqsədyönlü siyasət nəticəsində yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncliyində özünə, öz bacarığına, qabiliyyətinə, istedadına inam hissi artıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Konstitusiya hər bir müasir dövlətin hüquqi strukturunda normativ nüvəni təşkil edir. Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin əsas sütunudur. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri keçiriləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir.
Rəsmi hissədən sonra tədbir Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkil etdiyi musiqili proqramla davam etdirilib. Gənc müğənni Ramal Balacanov, gənc skripkaçı Müjgan Məhərrəmova, gənc Aşıq Samir Cəlaloğlu öz musiqi töhfələri ilə tədbirə rəng qatıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.