Tarixi zəfərin sadəcə dadını çıxarmaq lazımdır. Bundan sonra nə olacağını bilən yoxdur.
Futbolu sürünən bir ölkəyik. Uzun müddətdə ayağa qalxana bənzəmirik. Dərd yaradacaq gündəmin içində olmayın. Geridə qalan möhtəşəm gecədən həzz almaq lazımdır.
Bu arada, yalnız Türkiyə yox, bütün Avropa “Qarabağ”dan danışır. “Braqa”nın, “Bayer”in, UEFA-nın rəsmi səhifəsi Ağdam klubundan paylaşım edir. Qardaş ölkə gündəmini çoxdan aşmışıq, fərqində deyilik.
Hələlik transfer, güclənmək, biabır olmaq və s. kimi məsələlərin də başın buraxmaq lazımdır. Bilmək olmaz nələr baş verəcək. “Qarabağ”ı təxmin etmək çətindir.
Ümumiyyətlə, biz hələ komandasından ÇL-də də yaxşı nəticə gözləyən futbolsevər ola bilmərik. Çünki biz bu turnirə qatılmağı tarix adlandırırıq. İkisi bir yerdə düz gəlmir.
Ardıcıl Çempionlar Liqasına vəsiqə qazananda, nəticənin də dərdini çəkərik. Qitənin ən nüfuzlu klublararası turnirində yaxşı nəticə gözlənən komandalar stabil oralarda çıxış edənlər olur. Tələsməyin.
Düzdür, dərdə öyrənmiş adamları sevindirmək çətindir. İndidən biabır olmağın dərdini çəkirlər.
Premyer Liqa klublarının bazası, stadionu, meydançası yoxdu ey….Hələ biabır olmamısınız?
Azərbaycan çempionu tarixində ikinci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb. Möhtəşəm uğurdur.
Çərlətməyin, sevinin!
Həsən Quluzadə