


– Yəni siz Almaniyaya uzunmüddətli qalmaq məqsədilə gəlməmişdiniz?Xeyr, səmimi deyim, mənim heç vaxt burada qalmaq fikrim olmayıb. Düşünürdüm ki, oxuyacam və qayıdacam. Amma Almaniya bir az səviyyə-seviyə keçilən oyun kimidir. Gəlirsən, universiteti bitirirsən, deyirsən ki, “bir az işləyim, təcrübə yığım, sonra qayıdaram”. Sonra sənə deyirlər ki, iki ildən sonra daimi oturum ala bilərsən. Düşünürsən, yaxşı, qoy alım. İki ildən sonra deyirlər, dörd il işləsən, pasport ala bilərsən. Onda deyirsən, yaxşı, dörd il də gözləyim. Beləcə illər keçir və sən fərqinə varmadan burada daimi həyat qurmuş olursan. Mənim yadımdadır, evimi dəyişəndə bir sürücü mənə dedi: “Qızım, universitetini oxu, diplomunu götür və qayıt. Yoxsa qalacaqsan”. Mən o vaxt sözlərini ciddiyə almadım, amma sonradan başa düşdüm ki, düz deyirmiş. Almaniyaya gəlmək asandır, amma buradan getmək çox çətindir. – Deməli, burada insanı saxlayan sistemin özüdür? Bəli. Almaniya kapitalını, insan resursunu asanlıqla buraxmır. Sistemi elə qurublar ki, gələn heç bir ekspat geri getmək istəmir. Çünki burada özünə şərait qurandan sonra başqa ölkəyə dönmək çox çətin olur. Ən azı “burada qalsam, uşaqlarıma da yaxşı imkanlar yaradaram” düşüncəsi insanı saxlayır. – Bəs dil öyrənməyin ən yaxşı üsulu nədir? Kurs, proqram, yoxsa başqa bir yol? Mən deyərdim ki, ən yaxşı üsul həyatı yaşayaraq öyrənməkdir. Təbii ki, kurslar da var, proqramlar da. Amma hamının qavrama qabiliyyəti fərqlidir, birinə uyğun gələn üsul başqasına uyğun gəlmir. Ona görə də ən praktik yol – cəmiyyətə qarışmaqdır. Məsələn, ilk öncə supermarketdə kassirlə almanca danışmaq, gündəlik hər şeyi oxumaq, televizorda xəbərlərə baxmaq. Mən seriallara çox baxmıram, amma xəbərlər insana cəmiyyətdə nə baş verdiyini öyrədir. Qulağı alışdırmaq, söz öyrənmək, cümlə qurmaq – bunlar bir-birinin ardınca gəlir. Almanlar çox pozitiv yanaşırlar. Görəndə ki, kimsə onların dilini öyrənir, mədəniyyətinə hörmət edir, bunu yüksək qiymətləndirirlər. Bu da inteqrasiya prosesini xeyli asanlaşdırır. – Maraqlıdır, açıqlamalarınızın birində Almaniyadakı iş təcrübəsi Azərbaycanın iş təcrübəsindən daha fərqlidir demişdiniz. Nəyi nəzərdə tutursunuz? Bəli, bu məqam çox vaxt yanlış anlaşılır. Mən heç vaxt “Almaniyanın təcrübəsi Azərbaycandan üstündür” deməmişəm. Sadəcə, hər ölkənin öz iş mədəniyyəti var. İstər Almaniya olsun, istər İsveç, istər Fransa – fərqi yoxdur, yeni ölkəyə gedəndə, əvvəlki qazandığınız təcrübəni bir kənara qoymalı olursunuz. Çünki hər şey fərqlidir – idarəetmə, əmək münasibətləri, hətta insan resursları anlayışı belə. Ona görə də insan burada işləmək üçün yalnız savadını yox, həm də bu yeni iş mədəniyyətinə uyğunlaşmaq bacarığını göstərməlidir. Mən bunu belə izah edim: bizim üçün savad çox önəmlidir, amma təkcə savad kifayət etmir. Əsas sual budur – sən həmin ölkənin iş mədəniyyəti ilə tanışsanmı? Çünki korporativ mühitlər ölkədən ölkəyə, hətta şirkətdən şirkətə tamamilə fərqlənir. – Yəni Azərbaycanda əldə edilən təcrübə Almaniyada keçərli olmur? Keçərli olur, amma şərtlidir. Əgər Azərbaycanda yalnız yerli şirkətlərdə çalışmısansa, buraya gələndə iş bacarıqlarını sıfırdan aşağı dəyərləndirirlər. Yəni savadın var, amma təcrübən uyğun gəlmir. Əksinə, əgər xarici şirkətdə işləmisənsə, bu, müəyyən qədər üstünlük verir. Amma hər halda əsas məsələ odur ki, sən yeni ölkənin iş mühitinə uyğunlaşa biləsən. Mən özüm Almaniyanın iş mədəniyyəti ilə tanış olduğumu hər dəfə sübut etmişəm. Bu, insana çox şey qazandırır. Çünki onlar sənin biliklərinə yox, uyğunlaşma bacarığına baxırlar. Mən həmişə deyirəm: nə qədər savadlı olursan-ol, burada yalnız savad kifayət etmir. Çünki hər şirkət sənə işi yenidən öyrədəcək. Hər bir şirkətin öz “kitabı” var.

– “Öz kitabı” deyəndə nəyi nəzərdə tutursunuz?Mənim bir məsləhətçimə dediyim bir bənzətmə var: savadı əlifba kimi düşünün. Sizin bilikləriniz əlifba kimidir. Amma hər şirkət sizə yeni bir kitab verəcək. O kitabı oxumalı, öyrənməli olacaqsınız. Köhnə biliklər sizdə qalır, amma üst-üstə yeni kitablar gəlir. Ona görə də ən vacib məsələ çevik olmaq, yeni mühitə uyğunlaşa bilməkdir. – Türkan xanım, gəlin bir az da CV mövzusuna toxunaq. Ümumiyyətlə, bu gün CV necə tərtib olunmalıdır? Avropa təcrübəsində əsas nələrə diqqət edilir? Əvvəla deyim ki, Azərbaycanda CV hazırlamaq məsələsi hələ də tam formalaşmayıb. Mən elə CV-lər görmüşəm ki, düşünürsən, “niyə belə yazılıb?”, bəzən elə bil zarafat edirlər. Uşaqlığından yazanlar olur, hətta səliqəsiz, bir-birinə qarışmış, heç bir konkret məlumat verməyən CV-lər. Açığı, belə halları görəndə adam təəccüblənir. Mən xahiş edərdim ki, heç kim bu cür CV göndərməsin. Çünki bu, ciddi bir məsələdir. – Avropada vəziyyət necədir?Almaniyada işimizi asanlaşdıran ən böyük şey odur ki, CV-lər filtr sistemindən keçir. ATS sitemi artıq çoxdan tətbiq olunur. İşə qəbul prosesi elə CV-dən başlayır. CV avtomatik olaraq sistemə düşür, orada filtrlənir və uyğun gələnlər seçilir. Azərbaycanda da indi yeni-yeni bu yanaşma tətbiq olunmağa başlayır, amma hələ çox zəifdir. Bu isə böyük bir addımdır – çünki gələcəkdə işə qəbul prosesini xeyli səmərəli edəcək. – Yəni CV-lərin hazırlanmasında əsas qayda nədir? İlk növbədə səliqəli və sahəyə uyğun olmalıdır. Mənim çox eşitdiyim yanlış fikirlərdən biri budur ki, hər vakansiyaya uyğun ayrıca CV hazırlamaq lazımdır. Bu, mifdir. Əslində yox. Onsuz da sizin sahənizə uyğun bir baza CV-niz olur. Vacib olan odur ki, o CV-də sahənizə dair bütün bacarıqlar və təcrübələr qeyd edilsin. İşə götürən artıq özü uyğunluğu görür. Açığı, mənə çox gülməli gəlir. Bu, savadsızlıqdan doğan bir fikirdir. Çünki nəzərə alsaq ki, bir insan 50-100 vakansiyaya müraciət edir, bu o deməkdir ki, hər gün 10 CV hazırlamalıdır. Bu, sadəcə mümkün deyil. CV hazırlamaq heç də asan iş deyil, hər vakansiya üçün ayrıca CV düzəltmək isə ümumiyyətlə, qeyri-mümkündür. – Sizcə, niyə belə fərqlər var? Məncə, bu, sistemin hələ inkişaf etməməsindən qaynaqlanır. Azərbaycanda çox vaxt CV ehtiyac kimi qəbul edilmir, sadəcə formal sənəd kimi hazırlanır. Amma Avropada CV işə qəbulun əsasıdır. Burada hər şey elə CV-dən başlayır. Ona görə də düşünürəm ki, bizdə də getdikcə bu sistem oturuşacaq. – CV-də hansı bölmələr mütləq olmalıdır? Əvvəlcə şəkil məsələsinə toxunum. Bu, ölkədən-ölkəyə dəyişir. Avropada şəkil çox vaxt tələb olunmur, hətta bəzən qadağan edilir. Amma Azərbaycanda və Türkiyədə hələ də şəkilə görə işçi seçənlər var. Mənim yoldaşım bir müsahibədə hətta “bürcünüz nədir?” sualına belə rast gəlib. Bu, əlbəttə ki, qeyri-peşəkar yanaşmadır. Almaniyada belə bir şey soruşsanız, sizi dərhal report edərlər və işdən çıxara bilərlər. Yəni peşəkarlıq baxımından şəxsi məlumatlar – bürc, ailə vəziyyəti, uşaqlar – CV-də yer almamalıdır. – Bəs nələr mütləq qeyd olunmalıdır?Mən deyərdim ki, CV-də mütləq bu bölmələr olmalıdır:
- Şəxsi məlumatlar – ad, soyad, əlaqə nömrəsi, e-mail (amma şəxsi həyat haqqında əlavə detallar lazım deyil).
- Qısa xülasə (Summary / Profile) – 3-4 cümlə ilə sizin karyeranızın əsas istiqamətləri və ən böyük uğurlarınız qeyd olunmalıdır.
- İş təcrübəsi – iş yerləri mütləq yazılmalı, amma sadəcə “orada işlədim” yox, konkret nəticələr göstərilməlidir. Məsələn, “marketinq kampaniyası nəticəsində satışları 20% artırdım” kimi.
- Təhsil – iş təcrübəsindən sonra gəlməlidir. Çünki işə götürən üçün ən vacib olan praktik təcrübədir.
- Sertifikatlar və təlimlər – varsa, əlavə edilməlidir. Bu, sizin inkişafda olduğunuzu göstərir.
- Biliklər və bacarıqlar – dil bilikləri, proqram təminatları, texniki bacarıqlar.

– Türkan xanım, Azərbaycanda HR kursları son illər çox yayılıb. Bu barədə nə düşünürsünüz? Bu nədən irəli gəlir?Azərbaycanda çox zaman hər kəs özünü HR kimi aparır. Yəni kimsə düşünür ki, insan resursları “asan sahədir” və hər kəs bu mövzuda fikir yürüdə bilər. Amma reallıqda belə deyil. İnsan resursları sadəcə işə qəbul prosesi deyil. HR – insanın psixologiyasını bilmək, işçini motivasiya edə bilmək və şirkətə əlavə dəyər gətirmək deməkdir. Əslində HR altı-yeddi fərqli sahəyə bölünür. Azərbaycanda hələ bu qollar tam formalaşmayıb, ona görə də çox vaxt ümumi danışırlar. Əslində bizim işimizin mahiyyəti budur: işçini ən yaxşı vəziyyətə gətirmək və şirkətin qazancını artırmaq. Yəni biz sadəcə işçi seçmirik. Biz təhlil edirik – bu insan təkcə bir layihəyə uyğundurmu, yoxsa bütöv komandaya uyğunlaşa biləcəkmi? Əgər seçsək, şirkət nə qazanacaq, əks halda nə qədər vaxt və pul itirəcək? HR-in işi elə budur – ən uyğun insanı tapmaq ki, şirkət ya qazanmış olsun, ya da heç olmasa itirməsin. – Bu prosesdə intuisiya rol oynayırmı?Əlbəttə, intuisiya 100 faiz rol oynayır. Amma təkcə intuisiya ilə kifayətlənmək olmaz. Ona paralel olaraq insan psixologiyasını, korporativ psixologiyanı, davranış nümunələrini bilməlisən. Mənə görə, HR olmaq üçün universitet təhsili, psixologiya kitablarını oxumaq, korporativ davranışları öyrənmək lazımdır. Üç aylıq kurslarla HR olmaq mümkün deyil. Çünki belə kurslarda ən yaxşı halda sənə “işə qəbul”un əsaslarını öyrədə bilərlər, vəssalam. Şirkətlər başa düşməlidir ki, HR sadəcə “kadr şöbəsi” deyil, əksinə, şirkətin uğuruna təsir edən strateji bir sahədir. – Azərbaycanda "networking" yəni şəbəkələşmə sahibkarlar arasında daha çox biznes yönümlüdür. Almaniyada bu sistem necə işləyir? Almaniyada "networking" daha çox “tövsiyə” prinsipi üzərində qurulub. Məsələn, mən özüm də kimisə işə tövsiyə etmişəm. Bu, networking sayılır. Çünki şirkət üçün fərq böyükdür: biri var sistemdən gələn namizəd, biri də var kiminləsə tanışın tövsiyə etdiyi namizəd. Tövsiyə olunmuş insan həmişə bir addım öndədir, hətta savadı bir az az olsa belə. Çünki burada söhbət artıq şəxsi keyfiyyətdən gedir – kimsə bu insan üçün zəmanət verirsə, deməli, onu yaxşı tanıyır. Amma təkcə “ad çəkmək” kifayət etmir. Tövsiyə edən şəxsi də sorğu-suala tuturlar: “Bu adamla harada işləmisən? Hansı layihələrdə olub? Özünü necə aparırdı?” Əgər mən verdiyim cavablarla onları qane edirəmsə, o namizəd artıq böyük ehtimalla qəbul olunur. Çünki şirkətlər üçün ən önəmli məsələ investisiyadır. Onlar bilmək istəyirlər ki, kimə investisiya edirlər. – Bu “investisiya” məsələsi çox maraqlıdır… Almaniyada işçi götürmək sadəcə maaş vermək deyil, şirkət işçiyə “biz sənə investisiya edirik” gözü ilə baxır. Mənim yadımdadır, bir dəfə altı aylıq sınaq müddətində işləyirdim. O vaxt yoldaşım mənə evlilik təklifi etmişdi və mən rəhbərliyə dedim ki, “remote” işləmək istəyirəm. Onlar isə çox ciddi şəkildə cavab verdilər: “Biz sənə altı ayda investisiya etmişik. Sən hara gedirsən?” Bu yanaşma mənim yadımdan çıxmır. Onlar hər işçini bir növ sərmayə kimi görürlər və ona görə də seçim məsələsinə çox ciddi yanaşırlar. – Süni intellekt məsələsinə münasibət necədir? Almaniyada insanlar buna etibar edirlərmi? Mən deyərdim ki, vəziyyət ikiyə bölünüb. Bir qrup insan süni intellekti təhdid kimi görür – deyirlər ki, data çox əlçatandır, təhlükəsizlik problemi var. Başqa bir qrup isə əksinə, AI-i fürsət hesab edir və ondan maksimum istifadə etməyə çalışır. Mənim fikrimcə, süni intellekti düzgün istifadə etmək lazımdır. Əgər o, işimizi asanlaşdırırsa, niyə ondan imtina edək? Mənim işlədiyim şirkət də süni intellekti dəstəkləyir və iş proseslərinə inteqrasiya edir. – Siz “LinkedIn”də kifayət qədər fəalsınız. Bu, nə dərəcədə vacibdir? Mən deyərdim ki, bu gün 100 faiz vacibdir. Hər kəs öz sahəsində LinkedIn-də aktiv olmalıdır. Bu, bir növ sizin peşəkar vitrininizdır. İş yerinizdən kənarda da özünüzü göstərməlisiniz. Mən də əvvəllər çox kiçik paylaşımlarla başlamışdım, amma bu gün 32 min izləyicim var. Bu, göstərir ki, insanlar bilik paylaşımını dəyərləndirirlər. Azərbaycanda isə təəssüf ki, bəzən LinkedIn iş etikası pozulur – tanımadığın birinə yazırsan, amma mövzunu işdən çıxarıb başqa istiqamətə aparırlar. Bu, yorucu olur. Mən daha çox üzbəüz tanış olduğum insanlarla işləməyi üstün tuturam. – Azərbaycanda psixologiya və iş mədəniyyəti məsələsinə gəlincə, sizcə fərq nədədir? Ən sadə nümunə – vaxt məsələsi. Almaniyada dəqiqlik çox vacibdir. Görüş saat 10:00-dursa, hər kəs oradadır. Azərbaycanda isə bəzən tıxac olur, bəzən də adam “hörmətli insandır” deyə, onun gecikməsini mədəniyyətsizlik saymırlar. Amma Avropada belə deyil. Burada vaxt məsuliyyətdir. Əslində bütün bu fərqlərin kökündə şəxsi mədəniyyət dayanır. Hər bir insanın məsuliyyət hissi onun iş həyatına da birbaşa təsir edir. – Türkan xanım, Almaniyada sizə ən çox təsir edən məqamlardan biri hansıdır?Ən çox öyrəndiyim şeylərdən biri – hər kəsin zamanına və sərhədlərinə hörmət etməkdir. Almaniyada görüş saatı neçədirsə, hamı həmin vaxt oradadır. Əlbəttə, insanıq, qəfil hadisələr ola bilər, amma ümumilikdə “tıxac var idi” kimi bəhanələr qəbul edilmir. Sən bilirsən neçə dəqiqəyə harda olacağını. Bu, birbaşa qarşı tərəfin şəxsiyyətinə hörmətdir. – Siz tez-tez deyirsiniz ki, insan ilk pilləyə özünü qoymalıdır. Bununla nəyi nəzərdə tutursunuz? Məncə, bu, təkcə karyera deyil, ümumiyyətlə, həyat fəlsəfəsidir. Əgər sən ruhunda özünü ilk sıraya qoyursansa, başqa sahələr də düzələcək. Karyeran ola bilər, iş tapa bilərsən, başqa ölkəyə gedə bilərsən. Amma ruhunda özünü sıxışdırırsansa, həyatın heç bir sahəsi sağlam getməyəcək. – Azərbaycanda qadınlar çox vaxt seçim qarşısında qalır: ya karyera, ya şəxsi həyat. Almaniyada necədir bu balans?Almaniyada çox şey qanunla tənzimləndiyi üçün insan əlavə düşünmək məcburiyyətində qalmır. İş vaxtı bitdi – gedirsən evinə. 16:30-da ofisdən çıxırsan, uşağını götürürsən, alış-verişini edirsən, ailənlə vaxt keçirirsən. Bu balansı sistem özü qoruyur. Azərbaycanda isə çox vaxt iş şəxsi həyata müdaxilə edir. Ona görə də qadınlar düşünür ki, karyera varsa, şəxsi həyat əskik qalacaq. Halbuki bu düzgün deyil. – Siz sosial şəbəkələrdə tez-tez iş imkanları paylaşırsınız. Bunun səbəbi nədir? Açığı, çox qəribədir. Mənim ətrafımda o qədər imkanlar, iş elanları olur ki… Hətta bəzən mənim özümə lazım olmur, amma başqaları üçün paylaşmağa dəyərli olur. Və mən heyrətlənirəm ki, bu qədər şans varkən insanlar hələ də şikayətlənirlər. Problem odur ki, ya informasiya yoxdur, ya da insan özü istifadə etmək istəmir. Mən isə istəyirəm ki, xüsusən qadınlar bu imkanlardan yararlansın.

– Sosial şəbəkələrdə sizin haqqınızda “Almaniyada kef edir” deyənlər də olur… Bəli, çox olur (gülür). Amma insanlar yalnız görünən tərəfi görürlər. Mənim buraya gəlmək üçün hansı çətinliklərdən keçdiyimi, hansı səhvləri etdiyimi, hansı ağrıları yaşadığımı görmürlər. Bəli, indi göstərdiyim tərəf rahat görünə bilər, amma bu mərhələyə gəlmək üçün çox əziyyətlər çəkmişəm. Kaş ki, bəzi şeyləri vaxtında başqa cür edəydim. Amma səhvlər də insana dərsdir. Mən çalışıram ki, indi bu bilikləri başqaları ilə paylaşım, onlar eyni səhvləri etməsin. – Gələcək hədəfləriniz nələrdir?Mənim hədəfim özümü peşəkar olaraq inkişaf etdirmək və öyrəndiklərimi başqaları ilə bölüşməkdir. Mənim üçün əsas məsələ insanlara fayda verməkdir. Əgər mənim təcrübəm kiməsə yol göstərə bilirsə, bu, mənim üçün böyük uğurdur. Mən bir sözə çox inanıram: əgər ruhun mahnı oxuyursa, həyat səni mütləq rəqsə dəvət edəcək.Müsahibə üçün təşəkkür edirik.
Gülbəniz Hüseynli / Metbuat.az