Rusiyanın Belçikadakı səfiri Denis Qonçar Aİ-nin Brüsseldəki mənzil-qərargahına çağırılıb. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib. Onun dediyinə görə, səfir Aİ-nin Kiyevdəki missiyasına gecə zərbələri ilə bağlı çağırılıb.
"Heç bir diplomatik missiya heç vaxt hədəfə çevrilməməlidir. Bununla əlaqədar biz Rusiyanın Brüsseldəki səfirini çağırırıq", - Kaya Kallas X sosial şəbəkəsində yazıb.
Cümə axşamı səhər Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin Ukraynadakı missiyasının binasına edilən hücum barədə məlumat verib. O qeyd edib ki, işçilər xəsarət almayıb.
Daha sonra fon der Lyayen fövqəladə brifinq keçirib və orada gecə zərbələrini Aİ-nin "nümayəndə heyətinə hücum" adlandırıb və insidentin blokun diplomatik missiyasının "bilavasitə yaxınlığında" baş verdiyini söyləyib.
Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Anitta Hipper jurnalistlərə bildirib ki, Aİ nümayəndəliyi hələ də “fəaliyyət göstərir” və missiya heyəti ölkədə qalacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin Kiyevdəki hədəflərə zərbələr endirilməsi ilə bağlı məlumatı şərh etmək istəyinə cavab olaraq, Rusiya silahlı qüvvələrinin “hərbi və hərbiləşdirilmiş infrastruktura zərbələr endirməkdə” davam etdiyini bildirib. O, “Kiyev rejimi tərəfindən Rusiya infrastrukturuna, çox vaxt Rusiyanın mülki infrastrukturuna zərbələrin” davam etdiyinə diqqət çəkib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”