ABŞ-ın Tbilisidəki səfiri vəzifəsini icra edən Alan Purcell Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ticarət, nəqliyyat və investisiya sahələrində birgə əməkdaşlığın prioritet istiqamətləri, həmçinin Orta Dəhlizin inkişafının vacibliyi müzakirə olunub.
Nazir Cənubi Qafqaz regionunda inkişaf üçün yeni imkanlar açan Prezident Trampın sülh təşəbbüslərini, o cümlədən Ermənistan və Azərbaycan arasında Vaşinqtonda paraflanmış sənədin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, əldə olunan nəticə Gürcüstanın hökumət siyasətinin prioriteti olan regionda sülhün və təhlükəsizliyin qorunması üçün vacibdir.
Hər iki tərəf Orta Dəhlizin inkişafının vacibliyini vurğulayıblar.
Gürcüstan hökumətinin Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün həyata keçirdiyi və planlaşdırdığı infrastruktur layihələrinə də diqqət yetirilib. Həmçinin qeyd olunub ki, ölkələr arasında ticarət dövriyyəsi artaraq 2025-ci ilin yanvar-iyul ayları ərzində 1,6 milyard dollar təşkil edib.