Sea Breeze

Avqustun 27-28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Masallıda din xadimləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.

Bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov “İslamda məzhəb anlayışı və məzhəbçiliklə mübarizə” mövzusunda çıxış edib. O, məzhəblərin İslamın zənginliyini nümayiş etdirdiyini, ancaq məzhəbçiliyin müsəlmanlar arasında dözümsüzlük və təəssübkeşlik yaradan problem olduğunu diqqətə çatdırıb. Bildirib ki, məzhəb ayrı-seçkiliyi ilə mübarizənin ən effektiv yolu maarifləndirmə, tolerantlıq dəyərlərinin təşviqidir. A.Həbibov din xadimlərinin vəhdət və qardaşlıq mesajlarını təbliğ etməklə cəmiyyətdə birlik və həmrəyliyi gücləndirməli olduqlarını vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev isə “Müasir gənclik və İslam: din xadimləri nə etməlidir?” mövzusunda çıxış edərək bildirib ki, müasir gənclik özünəməxsus suallar və çətinliklərlə üzləşir. O vurğulayıb ki, gənclərin dini inancını gücləndirmək üçün onlarla açıq dialoq aparmaq, fikirlərini dinləmək və doğru cavablar vermək vacibdir. İbrahim Quliyev qeyd edib ki, din xadimləri gənclərin müasir texnologiyalar və sosial şəbəkələr vasitəsilə yayılan yanlış məlumatlardan qorunmasına kömək etməli, maarifləndirmə işlərini gücləndirməlidirlər.

Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov “Zərərli dini cərəyanlara qarşı mübarizə üsulları” mövzusunda çıxış edib. O, dini müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi olduğunu, ancaq zərərli dini cərəyanların milli birliyə və ictimai sabitliyə təhdid yaratdığını bildirib. M.Mürsəlov zərərli dini cərəyanlarla mübarizədə maarifləndirmənin, dini savadlılığın artırılmasının və İslamın mahiyyətinin düzgün təbliğinin əsas rol oynadığını qeyd edib. O, ailə və məktəbin gənclərin düzgün dini tərbiyəsində vacib yer tutduğunu, həmçinin sosial mediada radikal ideologiyalara qarşı mübarizənin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev “Azərbaycanda dini mühit və kənar təsirlər” mövzusunda çıxış edib. O, ölkəmizdə çoxkonfessiyalı və tolerant dini mühitin mövcud olduğunu, lakin qlobal və regional dairələrin bu sahəyə təsir göstərməyə cəhd etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu təsirlər əsasən məzhəbçilik, parçalanma və dinin siyasiləşdirilməsi məqsədilə həyata keçirilir. Maarifləndirmə, dövlətlə əməkdaşlıq və din xadimlərinin rolu bu təsirlərə qarşı mübarizədə önəmlidir.

Sonda iştirakçılar fikir və təkliflərini bölüşüb, din xadimlərinin sualları cavablandırılıb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX