AZ

Dünyada uşaq sayı ən az olan ölkələr - ARAŞDIRMA

Son illər dünyada doğum səviyyəsinin aşağı düşməsi fonunda bəzi ölkələrdə uşaqların ümumi əhali arasındakı payı minimuma enib. 

AzEdu.az bu barədə araşdırma aparıb.

2025-ci il göstəricilərinə görə, əhalinin 18 yaşadək olan hissəsinin payı ən aşağı olan bölgə Honq Konqdur. Burada uşaqlar ümumi əhalinin cəmi 12,6 faizini təşkil edir.

İkinci yerdə Cənubi Koreya gəlir - ölkədə uşaqların payı 12,9 faizdir. Siyahının növbəti pilləsində isə Yaponiya (14 faiz) və eyni göstərici ilə Tayvan qərarlaşıb. Sinqapurda bu rəqəm 14,4 faiz, Andorra, Puerto Rikoİtaliyada isə 15–16 faiz civarındadır.

Mütəxəssislərin sözlərinə görə, bu ölkələrdə uşaqların azlığı birbaşa olaraq aşağı doğum göstəriciləri ilə bağlıdır. Urbanizasiyanın yüksək səviyyəsi, gənclərin ailə qurmaq və uşaq sahibi olmaq istəyinin zəifləməsi, həmçinin qadınların daha çox karyera yönümlü seçimlər etməsi bu prosesə təsir edən əsas amillərdəndir.

Qeyd edək ki, Honq Konq Cənubi Koreya artıq bir neçə ildir “ən az doğum” göstəriciləri ilə diqqət mərkəzinə düşür. 2024-cü ilin son məlumatına görə, Cənubi Koreyada qadın başına düşən doğum əmsalı 0,7-yə qədər enib. Bu isə əhalinin təbii artımını təmin etmək üçün tələb olunan 2,1 göstəricidən dəfələrlə aşağıdır.

Mütəxəssislər hesab edirlər ki, yaxın onilliklərdə bu ölkələrdə əhali sürətlə yaşlanacaq və gənc nəsil ilə yaşlı nəsil arasında böyük disbalans yaranacaq. Bu isə əmək bazarına, sosial təminat sisteminə və iqtisadi inkişaf perspektivlərinə ciddi təsir göstərə bilər.

Seçilən
3
azedu.az

1Mənbələr