AZ

Azərbaycan Prezidentinin “Əl Ərəbiyyə”yə müsahibəsi siyasi uzaqgörənliyin növbəti parlaq nümunəsidir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 28 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" televiziya kanalına verdiyi müsahibə onun beynəlxalq siyasi münasibətlər sisteminə yönəlik uzaqgörən baxışlarının ifadəsidir. Jurnalistin ünvanladığı suallara olduqca dolğun, aydın və faktlara əsaslanan cavablar verən ölkə rəhbərinin fikirləri özündə bir neçə səciyyəvi elementi aydınlaşdırır. Buraya yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından ərazi bütövlüyümüzə dair şübhə doğuran müddəaların çıxarılması, regional inteqrasiya fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti, işğaldan azad olunmuş ərazilərin inkişaf və yenidənqurma prosesi çərçivəsində bərpası, Böyük Qayıdışın davamlılığı, Azərbaycanın Yaxın Şərq strategiyası - Suriya-İsrail-Türkiyə xəttində Bakının vasitəçilik rolu və Rusiya-İran vektorunda münasibətlərin xarakteristikası kimi məsələlər daxildir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın moderatorluğu ilə baş tutan tarixi görüşdən danışan dövlətimizin başçısı üçtərəfli görüşü gərginliyin və qarşıdurmanın sonu olaraq qiymətləndirərək, sülhü və sabitliyi prioritet elan etdi. Bu yanaşma Prezident İlham Əliyevin regionu sabitlik və əməkdaşlıq mərkəzinə çevirən qətiyyətli siyasi iradəsinin təcəssümüdür. Ölkə rəhbəri çıxışı zamanı rəsmi İrəvanın həm Azərbaycan, həm ABŞ, həm də mövcud prosesləri dəstəkləyən dövlətlər qarşısında üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini bir daha xatırlatdı. Hesab edirəm ki, bu, ümumi olaraq erməni cəmiyyətinin siyasi seqmentinə ünvanlanmış bir mesaj idi. Yəni, mövcud hakimiyyət olmasa belə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.

“Müsahibədə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi haqqında dedikləri layihənin mahiyyətini başa düşmək kontekstində strateji yol xəritəsi idi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq". Bu fikirlər regionun iqtisadi inteqrasiyası və siyasi yaxınlaşması üçün mühüm əhəmiyyət kəsb edir.

Müsahibədə xüsusi olaraq vurğulanan digər məqam işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işləri ilə bağlı idi. Prezident İlham Əliyev Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər barəsində ətraflı məlumatlar verdi. Dövlətimizin başçısının işğal dövründə məcburi köçkünlərin üzləşdikləri çətinliklər, onların həlli istiqamətində görülən tədbirlər haqqındakı nitqi və bərpa prosesinin intensivliyini bildirməsi onun planlı və məqsədyönlü fəaliyyətini əks etdirir”, - deyə G.Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycanın Rusiya və İranla münasibətlərinin xarakteristikasından bəhs edən dövlət rəhbəri İran Prezidenti Məsud Pezeşkianın və administrasiyası ilə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradıldığını diqqətə çatdırdı. Rusiya ilə bağlı sualı da cavablandıran Prezident İlham Əliyev ikitərəfli əlaqələrdə yaşanan gərginliyin qarşı tərəfdən qaynaqlandığını və rəsmi Moskvanın məlum proseslər fonunda beynəlxalq hüququn tələblərini yerinə yetirməsinin vacibliyini vurğuladı.

“Azərbaycan Prezidentinin "Əl - Ərəbiyyə" telekanalına müsahibəsi siyasi uzaqgörənliyin növbəti parlaq nümunəsidir. Onun hər bir ideyası, səsləndirdiyi fikirlər dövlətçilik məsuliyyətinin təcəssümüdür”, - deyə deputat əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azertag.az

2Mənbələr