Azərbaycan və Qazaxıstan birgə bədii film çəkməyi planlaşdırırlar.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycanda "Qazaxıstan kinematoqrafiyası ayı"nın açılışı zamanı bildirib.
Diplomatın sözləri Qazaxıstanın Bakıdakı səfirliyinin rəsmi saytında dərc edilmiş məlumatda yer alıb.
Səfir Qazaxıstan kinematoqrafiyasının inkişafından danışıb, hər iki ölkədə tarixə marağın artmasına diqqət çəkib. Bundan əlavə, Qazaxıstan və Azərbaycanda tarixi filmlərin çəkilişini yüksək qiymətləndirib.
"Diplomat türk kimliyinin və birliyinin möhkəmləndirilməsinin mühüm amili kimi belə təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb. Səfir həmçinin bildirib ki, Qazaxıstan və Azərbaycan birgə bədii film çəkməyi planlaşdırırlar", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanda "Qazaxıstan kinematoqrafiyası ayı" Aydın Saxamanın əfsanəvi "Dos-Mukasan" musiqi ansamblı haqqında filminin nümayişi ilə başlayıb.
Azərbaycan auditoriyasına həmçinin Oljas Nurbayın "Fırıldaqçılar" filmi təqdim edilib ki, bu da insanların aldadılmasının ən geniş yayılmış sxemlərini və onların qarşısının alınması yollarını nümayiş etdirir.
Kinomarafonun son filmi Aydın Saxamanın "Qazaxıstan xanlığı. Almaz qılınc" tarixi filmi olub. Filmin hadisələri XV əsrdə, Kerey və Janibek xanlarının yeni dövlət qurduğu dövrdə cərəyan edir.
"Cebheinfo.az"