Hindistan sentyabr ayında ABŞ administrasiyasının təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını 10–20% artırmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadla məlumat yayıb.
Hindistan sentyabr ayında Rusiyadan neft alışını gündəlik 150–300 min barel artırmağı nəərdə tutur. Ukrayna dronlarının hücumları nəticəsində zərər görmüş neft emalı zavodlarının dayanması səbəbindən Rusiyada xam neftin qiymətləri endirilir.
Kpler şirkətinin aparıcı analitiki Sumit Ritoli hesab edir ki, Rusiyanın Hindistan üçün əsas neft tədarükçüsü mövqeyi davam edəcək. Onun sözlərinə görə, yalnız Yeni Dehli açıq siyasi göstəriş verərsə və ya ticarət iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verərsə, vəziyyət dəyişə bilər.
CLSA broker şirkəti bildirir ki, Hindistanın Rusiyadan xam neft alışını dayandırması qlobal neft təchizatını təxminən gündəlik 1 milyon barel azalda bilər. Bundan əlavə, bu, qısa müddətli dünya bazarında qiymət artımına səbəb ola bilər və bir barel neftin qiyməti 100 ABŞ dollarına qədər yüksələ bilər.