Rusiyada Alpinizm Federasiyasının keçmiş prezidenti, alpinist Aleksandr Rastorquyev Canqi-Tau zirvəsinə qalxarkən qaya uçqunu altında qalaraq ölüb.
Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Avqustun 27-də Canqi-Tau (Bezenqi) zirvəsinə qalxan zaman Aleksandr Rastorquyev ölüb. İlkin məlumata görə, avqustun 25-də marşruta çıxan idman qrupu daş uçqunu altında qalıb. Helikopter qrupun iki üzvünü təxliyə edib. Onlardan biri xəsarət almayıb, ikinci iştirakçı Yekaterina Fyodorova isə yaralı olub və xəstəxanaya çatdırılıb", - məlumatda bildirilir.
Qeyd edək ki, Rastorquyev alpinizm üzrə idman ustası olub. Avqustun 25-də onun 68 yaşı tamam olub. O, Aleksandr Kolçinlə birlikdə 1989-cu ildən bəri həyatı boyunca 200 dəfədən çox dağa qalxıb. İdmançı Krasnodar diyarının Alpinizm Federasiyasının prezidenti (2010-11) olub, Rusiya Alpinizm Federasiyasında müxtəlif departamentlərə rəhbərlik edib.