Bu gün Ağdamda “valideynlər” öz övladlarını döyürək onu komaya salıblar. Azyaşlının yayılan görüntüləri onun ciddi şəkildə zorakılığa məruz qaldığını və bunun ilk dəfə olmadığını sübut edir.
Belə valideynlərin hansı psixoloji problemləri var? Azərbaycanda övlad sahibi olmaq istəyənlər psixoloji testdən keçirilə bilərlərmi?
Psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Uşaqların valideynləri tərəfindən zorakılıq görməsinin birinci səbəbi, təbii ki, valideynlərin psixoloji problemləri və bu evliliyə, övlad böyütməyə hazır olmamalarıdır. Cütlüklər ailə qurmamışdan əvvəl nəinki psixoloq hətta psixiatr tərəfindən də yoxlanışdan keçməlidirlər. Təəssüflər olsun ki, Azərbaycanda ailə qurmağa hazırlaşan şəxslər qan analizinə belə düzgün formada getmirlər. Nəticədə də qan uyğunsuzluğu səbəbindən onlarla fiziki qüsurlu övladlar dünyaya gəlir. Lakin bu məsələyə “sevirəm, bu mənim öz həyatımdır” prinsipi ilə yanaşmaq lazım deyil. Artıq valideynlər duyğusunu daddıqdan sonra onların övladında olan qüsur onlara bir ömür ağır yük olur. Gənclər bunu ilkin mərhələdə dərk etmirlər. Bütün bu problemlərin qarşısını almaq üçün cütlüklər ailə qurmazdan əvvəl bir-birlərinin xüsusiyyətlərini, xasiyyətləri, psixoloji vəziyyətlərini dəqiq tanımalıdırlar. İlk fikirləri isə ailə qurmağın məsuliyyətini dərk etmək olmalıdır”.
Psixoloq qeyd edib ki, 2001-2003-cü ildə aparılan araşdırmaya görə müəyyən olunub ki, valideynlər tərəfindən hətta düzgün şəkildə qayğı göstərilmədikdə uşaqlarda emosional və davranış pozğunluqları üzə çıxır.
“Bütün bunlara əsasən deyə bilərik ki, uşaqlara düzgün münasibətin göstərilməməsi onların həyatlarında gələcək yaş dövrlərində emosional sferalarında müəyyən dəyişikliyə gətirib çıxarır. Müxtəlif yaş dövrlərində zorakılığa məruz qalmış uşaqlarda yaranan xüsusi hərəkətlər onların körpəlik dövrlərindən, birinci və ikinci şəxsiyyət dövrlərindən böyüklərə qarşı şübhə hissinin yaranmasına gətirib çıxarır”.
Fidan Vəlisoy