Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Putin düşdüyü Ukrayna bataqlığında batdığı üçün çıxış yolu tapa bilmir. Bu səbəbdən o, müharibəni dayandırmaqda acizdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar məsələsində inadkarlıq göstərərək, hələ də görüşdən yayınmaqda davam etməsinin səbəbini şərh edərkən deyib.
"Hər şeyin plan üzrə getdiyini nə qədər desə də, bunun belə olmadığını hamıdan çox Putin özü bilir. Məgər Putin milyondan çox ölü və yaralı itkisinə məruz qalacağını, hərbi texnika baxımından çoxsaylı itkilər verəcəyini, üç il yarımdan çox bir müddətdə Ukraynada bir kənd və ya qəsəbə üçün aylarla vaxt sərf edəcəyini, Rusiya ərazilərində neft emalı zavodları, hərbi müəssisələr, hərbi sursat anbarlarının məhv ediləcəyini və s. planlamışdı?", deyə ekspert qeyd edib.
Həmsöhbətimiz bildirib ki, Putin həqiqətən yuxarıda qeyd edilənləri planlayıbsa, onda onun özü və yaxın ətrafı psixi xəstədir və onlardan tezliklə qurtulmaq mümkün olmayacaq:
"Göründüyü kimi Putinin məntiqi heç bir çərçivəyə sığmır".
"Tramp da bilir ki, Putindən hər şey gözləmək olar. Ona görə də səbrlə danışıqlar aparır. Bəzən hamını günahlandırır, amma Putinə ciddi şəkildə heç nə demir, deyə də bilmir. Trampın ritorikasından da bu görünür. Qəti və əmin şəkildə danışa bilmir", deyə Azər Qasımov bildirib.
Həmsöhbətimizə görə, ABŞ prezidentinin sonda Putinə qarşı təzyiq yolu seçəcəyi qaçılmaz olacaq:
"Tramp bu yolu da sınaqdan keçirəcək. Amma nəticəsindən əmin deyil. Çünki Rusiyanın böyük və güclü dövlət olduğunu düşünür. Putin isə bütün bunları başa düşür. Özünü arxayın hesab edir".
Azər Qasımov hesab edir ki, əslində Putinin də vəziyyətdən çıxmaq üçün variantı yoxdur:
"Trampla oynamaqla vaxt qazanır ki, vəziyyəti idarə etsin. Bu müharibənin başa çatması üçün münaqişə tərəflərində sağlam iradə olmalıdır ki, heç nəyə baxmadan savaşa dur deyə bilsin, xüsusən də Rusiya tərəfində".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini durdurmaq üçün bütün variantlardan istifadə etsə də, hələlik gözlədiyi nəticəni əldə edə bilməyib. Ona görə də ağır sanksiyalar tətbiq edəcəyi xəbərdarlığıyla Putinə yenidən iki həftəlik vaxt verib. Tramp jurnalistlərə son açıqlamasında da qeyd edib ki, Vladimir Putin və Volodimir Zelenskinin görüşü baş tutmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək. "Çox böyük nəticələri ola bilər. Baxacağıq, nə baş verir. Bu müharibəni bitirmək lazımdır", deyə Tramp bildirib.
Rüfət Sultan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.