“Rusiya ilə Azərbaycan arasında gərginliyin arxada qaldığını söyləmək üçün hələ kifayət qədər əsas yoxdur. Qeyd etmək olar ki, Rusiya tərəfi ikitərəfli münasibətlərin normallaşması və inkişafına mane olan amillərin aradan qaldırılması istiqamətində müzakirələrin başlanması üçün siqnallar verir. Bu siqnallar açıq şəkildə görünür, lakin hələlik onların və iki tərəfli təmasların hansı nəticə verəcəyi barədə qəti fikir söyləmək çətindir. Hiss olunur ki, danışıqlar və müzakirələr davam edir. Rusiya tərəfdən irəli sürülən təşəbbüslər bir daha göstərir ki, Moskva Azərbaycanla dialoqu və əməkdaşlığı bərpa etmək niyyətindədir. Lakin burada mühüm məsələ ondan ibarətdir ki, Moskva yeni reallıqları qəbul edəcək, yoxsa yenə də Azərbaycanla münasibətlərdə “böyük qardaş” mövqeyindən çıxış edəcək”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.
Qeyd edək ki, son günlər Azərbaycan və Rusiya arasında yüksək səviyyəli təmaslar artıb. Xarici işlər nazirləri və digər hökumət rəsmiləri arasında həm telefon danışıqları, həm də görüşlər keçirilib. Analitiklər hesab edirlər ki, Moskva ritorikasını yumşaldaraq Bakı ilə münasibətlərdə qarşılıqlı hörmətə əsaslanan xətt izləməyə çalışır.
Siyasi şərhçinin fikrincə, Moskvanın yanaşması təkcə Azərbaycana deyil, bütövlükdə postsovet məkanına qarşı üstünlük və nəzarət iddiası ilə xarakterizə olunur.
“Biz tez-tez Rusiya siyasi diskursunda postsovet ölkələrinin ünvanına ərazi iddialarının irəli sürülməsinə, xalqların təhqir edilməsinə, bu ölkələrdən Rusiyaya gedən əməkçi miqrantlara qarşı zorakılıq və ayrı-seçkilik siyasətinin həyata keçirilməsinə şahid oluruq. Bu siyasət dəyişməyincə, xüsusilə də Azərbaycana münasibətdə köklü dəyişiklər baş verməyincə, ikitərəfli münasibətlərin tam şəkildə bərpa olunacağından danışmaq doğru olmaz. Azərbaycanın əsas tələbi ondan ibarətdir ki, Rusiya Azərbaycana bərabərhüquqlu tərəfdaş münasibəti göstərsin. Bunun ən bariz nümunəsi Azərbaycan aviaşirkətinə məxsus mülki təyyarənin vurulması ilə bağlı günahkarların cəzalandırılması və Azərbaycana kompensasiya ödənilməsidir. Eyni zamanda, Rusiyada azərbaycanlıların qətli ilə bağlı şübhəli bilinən şəxslərə qarşı da ədalətli cəza tədbirləri görülməlidir. Bu addımlar göstərər ki, Rusiya Azərbaycana münasibətdə obyektiv mövqedən çıxış edir, bərabərhüquqlu tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu halda Azərbaycan da adekvat addımlar ata bilər və münasibətlər 2022-ci il 22 fevralda imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə”nin məqsədlərinə uyğun şəkildə qurula bilər. Hazırda isə Rusiyanın davranışı həmin müqavilənin ruhundan uzaqdır. Bir sıra Rusiya rəsmiləri açıq şəkildə “SSR-2” layihəsi üzərində işlədiklərini bildirir, onu başqa formatda bərpa etmək niyyətini ortaya qoyurlar. Bu isə Moskvanın postsovet ölkələrinə, xüsusən də qonşularına vassal kimi yanaşdığını göstərir. Onun xarici siyasətinin mərkəzində məhz bu konsepsiya dayanır. Əlbəttə, bu, qəbulolunmazdır və belə yanaşma ilə nəinki Azərbaycan, digər postsovet ölkələri də Rusiya ilə münasibətlərdə məsafə saxlayacaqlar”.
Siyasi şərhçi əlavə edib ki, hazırda Rusiyanın Azərbaycana və ümumilikdə postsovet ölkələrinə yeni reallıqlara uyğun şəkildə bərabərhüquqlu tərəfdaş münasibəti göstərdiyini təsdiqləyən ciddi əsas və ya əlamət müşahidə olunmur:
“Azərbaycanla intensivləşən təmasları isə müzakirələrin başlanması kimi qiymətləndirmək olar. Bu da müəyyən irəliləyişdir. Əgər Rusiya daha da irəli gedəcək, Azərbaycanla münasibətlərin bütün spektrini yenidən nəzərdən keçirəcək, obyektiv yanaşacaq və yeni reallıqları qəbul edəcəksə, o zaman ikitərəfli münasibətlər imzalanmış sənədlərə uyğun şəkildə bərpa olunaraq inkişaf etdirilə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az