Getdiyimiz yolun sonu görünmürdü. Heç o yolu çəkənin özü də bilmirdi hara yol salır. Əqidədaşlarımla o yola çıxmaq, yolçusunu tapmaq qərarına gəldik. Çox soraqladıq, nə yolu tanıyan oldu, nə də yolçunu gördüm deyən. Usanmadan soraqladıq, sonda qeybdən bir səs gəldi:-Yormayın özünüzü, axtarmayın o yolçunu, tapa bilməzsiniz! Eşidin məni, çıxmayın o yola, o yolu hər adam gedə bilməz. O yol əbədiyyətə aparır, o yolla yalnız müqəddəslər, bir də andlılar gedə bilər...
İnadlaşdıq, yolumuzdan dönmədik. 200 illik yaralarımıza duz basıb, qanlı-qadalı, ümidsizlərin keçilməz dediyi yolumuza davam etdik. Çünki Axtardığımız yolu tapacağımıza, müqəddəslərimizə çatacağımıza inanırdıq. Axı biz Bütöv Azərbaycan andlıları, yanımızdakılar isə əqidədaşlarımız idi...
Yanılmamışdıq. Çatdıq müqəddəslərimizin birinə, əslində o da bizim yolumuzu gözləyirmiş. Dərd şələli, yurd həsrətli qəriblərin yolunu. Onun özü ilə zirvələrə daşıdığı üçrəngli bayrağın Ay-ulduzu göy üzündə cilvələnərək Camalın uyuduğu müqəddəs yeri nişan verdi. Beləcə Laçını ziyarət etmək arzumuz Camalların qanısayəsində çin oldu...
Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçılarLaçın rayonundakı tənha Şəhid məzarını ziyarət edib, üstünə gül- çiçək dəstələri qoyublar.Gül üzünə sığal çəkən gənc jurnalist Azadə Bayramova bildirib ki, Birinci Qarabağ Müharibəsində itkin düşmüş hesab edilən Şəhid Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonunun Xudafərin kəndində tapılaraq doğulduğu Laçın rayonunda, gördüyünüz bu torpağa tapşırılıb. Məlum olub ki, Camal Quliyev könüllülər dəstəsində laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində fəal iştirak edib.
Laçın rayonunun Bəylik kəndində keçirilən görüşdə əvvəlcəAzərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda Şəhid olanların xatirəsi ehtiramla anılıb. Tamxil Ziyəddinoğlu bildirib ki,bu görüş Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə -“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilir.
1988-ci ildən bəri ata yurduna ayaq basa bilməyən şair və yazıçılardan Ramazan Səməroğlu köhnə yurdda yenidən məskunlaşan laçınlıları bu mübarək məqam münasibəti ilə ürəkdən təbrik edib, xoş arzularını bildirib.
Xalqımıza illərlə vurulan yaralar o qədər dərindir ki, sevincli günlərimiz nə qədər çox olsa da, hər sevinəndə, hər güləndə o yaralar sızlayır, bəzən də qan verir. Elə şairin çıxışının sonunda dediyi şeirlər də o yaralardan soraq veriib.
Doğulduğu Zəngəzur mahalının həsrətilə qovrulan şair Zöhrə Xəlili düz 32 il, Qarabağ işğaldan azad edilənə qədər həm də Qarabağ dərdini daşıyıb, onun ağrı-acısını çəkib. Millətin, Vətənin dərdini öz dərdi bilib, onları öz ürəyində bircə-bircə sıralayıb.
Ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı, yazıçı-publisist Elman Rüstəmov kənddə camaat üçün hər cür kommunal şəraiti olan evlərin tikilməsindən məmnunluğunu ifadə edib. Yeni məskunlaşma zamanı da müəyyən müddət çətinliklərin olacağını təbii sayıb. Qeyd edib ki, mən bir hərbçi və yazıçı olaraq Vətənimizin hansı çətinliklərdən keçdiyini yaxşı bilirəm. Dövlət müstəqilliyimiz elan olunan kimi dörd bir yandan düşmənlərimiz üstümüzə düşdü. Ordusuz, əliyalın könüllü dəstələr Vətənin müdafiəsinə qalxdı. Şükr etdiyimiz bu günə gəlincə 30 minə yaxın Şəhid verdik. O vaxtlar heç kim dövlətdən heç nə ummurdu. Hər əzaba qatlaşırdıq ki, təki dövlətimiz toparlanıb torpaqlarımızı azad edə bilsin. Hər kəs mən Vətənimin xilası üçün dövətə nə kömək edə bilərəm,- deyə düşünürdü. Gördüyünüz kimi güc birliyi, söz birliyi ilə torpalarımızı düşmən tapdağından azad elədik. Dar günün ömrü az olar. Müvəqqəti çətinliklər də keçib gedəcək. Mən bircə ona təəssüflənirəm ki, səsinin yanğısı ilə Laçını unutmağa qoymayan Məhəbbət Kazımov Qarabağın azadlığını, Laçınımızın yeni növrağını görə bilmədi...
Fəal ictimaiyyətçi, bir neçə kitabın, 300-dən çox elmi publisistik məqalənin müəllifi, Ombusman aparatının işçisi Azadə Novruzova bu görüşə yenicə ali məktəbə daxil olmuş övladı, gələcək diplomatımız Nicat Elxanoğlunu da gətirmişdi. Gətirmişdi ki, nisgillə bələdiyi oğlu anasının doğulduğu kəndin havasını sinəsinə çəkə. Qarakilsə (Sisian) rayonunun Şəki kəndindən acı ruzigarın Laçına gətirdiyi havanı ruhuna hopdura. Hopdura ki, dünyanın harasına getsə, sonda ruhuna hopan Şəki havası onu Ata yurdunaçəkə...
Şair bacımız laçın günü ərəfəsində laçınlıların sevincinə şərik olmağa gəlmişdi. Amma o mən bu dağın o üzündə doğuldum, orda böyüyüb boya-başa çatmadım deyəndə bu acını çəkənlər göz yaşlarına hakim ola bilmədilər.
3 aydır doğma ocaqlarına qayıdan Bəylik kəndlilərindən Oktay İsmayılov, Qərib Səlimov, Asif İsayev, Şahin İsgəndərov, Sadiq Məmmədovvə başqaları 33 il Laçınsız yaşadıqlarından Vətən həsrətinin nə qədər acı olduğunu yaxşı bildiklərini və bir gün Qərbi azərbaycanlıların da, onlar kimi, öz doğma ocaqlarına qayıdacaqlarına inam ifadə ediblər. Görüş iştirakçılarına son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanıb.Müəlliflər öz kitablarını görüşə gələnlərə hədiyyə ediblər. Xatirə şəkilləri çəkdirilib.
Tədbirin rəsmi hissəsindən sonra ayaqüstü söhbətlər xeyli uzanıb. Qonaqların ağsaqqalı Vasif Kərimovu, Roza xanımı, naşir Misir Aslanovu, vətənpərvər ziyalı Vahid Gülmalıyevi, gənc jurnalist Rəşad Ziyadovu dövrəyə alıb şirin söhbətə tutan Əliağa Abışov, ŞöhrətQuliyeva və yuxarıda adları çəkilən digər laçınlılar bütün qonaqları təkidlə öz ailə süfrələrinə qonaq dəvət ediblər. Beləcə azad Qarabağda daha bir xoş gün yaşanıb.
Tamxil Ziyəddinoğlu
Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri