AZ

Əliyevin ərəb TV-yə açdığı 100 illik tarixi həqiqət erməni mediasında dərhal təhrif edildi...


Ermənistanda bu gün də “tarixlə manipulyasiya” siyasəti dövlət səviyyəsində aparılır

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə XX əsrin əvvəlində - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə tarixi faktlara toxundu. Əliyev bildirdi ki, bu hadisələrdən 100 il keçib, amma həmin dövrün erməni vandalizmi, deportasiya və soyqırımı faktları tarixdən silinmir.

Erməni mediası isə bunu dərhal təhrif edərək müxtəlif istiqamətlərdə şərh etməyə başladı. Bəziləri iddia etdi ki, guya Əliyev "tarixi dəyişməyə çalışır". Digərləri isə “Azərbaycan rəhbəri yenidən 1918-ci illərə qayıdır” kimi manipulyativ başlıqlarla çıxış etdilər.

Ermənistanda fəaliyyət göstərən bəzi KİV-lər müsahibəni kontekstdən çıxararaq, “Azərbaycan regional layihələri tarixi təhrif üzərində qurur” tipli fikirlər yazdı.

Əslində isə, Əliyevin dedikləri tarixi həqiqətlərin dünyaya çatdırılması idi, yəni erməni vandalizminin hələ bir əsr əvvəl başladığı, 1918-ci ildə Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə on minlərlə azərbaycanlının qətlə yetirilməsi tarixi faktdır.

Bu cür reaksiyalar göstərir ki, erməni mediası hər dəfə Azərbaycan rəhbərliyinin tarixi faktlara əsaslanan açıqlamalarını dərhal təhrif edib beynəlxalq ictimaiyyətə başqa cür təqdim etməyə çalışır.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini şərh edən erməni mediası yazır: "“Tramp marşrutu” deyilən yoldan danışan Əliyev tarixə nəzər salaraq 1900-cü illərin əvvəllərinin bütün tarixini təhrif etdi, Naxçıvanı Azərbaycana aid etdi və unutdu ki, bu (Naxçıvan-red) Ermənistan ərazisi Sovet hakimiyyəti tərəfindən Azərbaycana verilib və bu torpaq heç vaxt Azərbaycan ərazisi olmayıb".

Ermənistan hökuməti cəmiyyəti konstitusiya dəyişikliyinə hazırlamaq, Qarabağa dair əsassız iddialardan əl çəkməklə barışdırmaq, 1988-ci ildəki "birləşmək" ideyasının başqa dövlətin torpağına göz dikmək olduğunu izah etmək əvəzinə, Naxçıvana qarşı yeni və əsassız iddialar irəli sürür. Sülhdən dəm vuran Ermənistan əslində düşmənçiliyi dərinləşdirməkdə davam edir.

Digər tərəfdən, 1918-ci ilə (sovetləşməyə) qədər Cənub Qarqazda "Ermənistan" adlı dövlət olubmu ki, "Naxçıvan onun ərazisi" olsun?

Baki-xeber.com-a görə, əslində, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə vurğuladığı tarixi həqiqətlərin erməni mediasında dərhal təhrif olunması təəccüblü deyil. Ermənistanda bu gün də “tarixlə manipulyasiya” siyasəti dövlət səviyyəsində aparılır.

1918-ci ildən əvvəl Cənubi Qafqazda “erməni dövləti” anlayışı olmayıb.1918-ci ildə isə Zaqafqaziya Seyminin dağılmasından sonra Rusiya və digər xarici qüvvələrin təşkilatçılığı ilə Tiflisdə “Ararat Respublikası” və ya “Ermənistan Demokratik Respublikası” elan olundu. Bu dövlətin nə Qarabağda, nə də Naxçıvanda real hakimiyyəti olmayıb. Əksinə, 1918–1920-ci illərdə Rusiyanın dəstəyi ilə erməni silahlı dəstələrinin Naxçıvana yürüşləri yerli əhalinin müqaviməti ilə dəf edilmiş, bölgədə türk ordusunun dəstəyi ilə Azərbaycan hakimiyyəti möhkəmlənmişdi.

Naxçıvanın hüquqi statusuna gəldikdə, 1918–1921-ci illərdə Naxçıvan müxtəlif hərbi-siyasi güclərin hədəfində olub, lakin bölgənin azərbaycanlı əhalisi erməni idarəçiliyini qətiyyətlə rədd edib.

1921-ci il Moskva müqaviləsi və Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində muxtar statusla saxlanılması beynəlxalq hüquqi aktlarla təsbit olunub. Bu müqavilələrdə həm Rusiya, həm Türkiyə, həm də Ermənistan tərəf kimi çıxış edib. Yəni Ermənistan özü imzası ilə təsdiqləyib ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir.

Ermənistan mediasının bu istiqamətdə təbliğatı artıq ənənəyə çevrilib. Bu gün Ermənistan hökuməti konstitusiya dəyişikliklərinə hazırlıq apararkən, əslində, cəmiyyətini 1988-ci ildəki “Miatsum” (Qarabağı Ermənistana birləşdirmək) ideyasının iflasa uğradığını qəbul etməyə məcbur etməli idi. Ancaq onlar reallığı izah etmək əvəzinə, yeni miflər uyduraraq indi də Naxçıvana iddia irəli sürürlər. Bu, əslində, daxili auditoriyanı “ərazi itkilərinin günahını” gizlətmək üçün yönləndirilmiş təbliğatdır və sülh ritorikası ilə ziddiyyət təşkil edir. Ermənistan rəsmiləri bir tərəfdən “sülh”dən danışır, digər tərəfdən isə həm Qarabağ, həm də Naxçıvan barədə əsassız iddiaları dövriyyəyə buraxırlar. Bu isə, əslində regionda barışığı deyil, düşmənçiliyi dərinləşdirir.

Əgər Ermənistan “tarixi həqiqət”dən danışmaq istəyirsə, əvvəlcə qəbul etməlidir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda “Ermənistan” adlı dövlət yox idi, Naxçıvan isə indiki Ermənistan ərazisi ilə birlikdə tarix boyu Azərbaycan torpağı olub və beynəlxalq müqavilələrlə də bu statusu təsbit edilib.

Tarixi həqiqəti anlamaq üçün 1918–1921-ci illərdə Naxçıvanın statusunu addım-addım izləmək kifayətdir. Çunki bu dövr həm Ermənistan təbliğatının əsas hədəfi, həm də Azərbaycanın hüquqi üstünlüyünü təsdiqləyən sənədlərlə zəngindir.

1918-ci ilin may ayında Zaqafqaziya Seymi dağıldı, Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan ayrı-ayrı dövlətlər elan olundu. Ermənistan Respublikası (Ararat Respublikası) kiçik ərazilərdə formalaşdı, Naxçıvanda heç vaxt idarəçiliyi olmadı. Osmanlı ordusu bölgəyə daxil oldu, Naxçıvanı Azərbaycan tərəfi ilə birlikdə müdafiə etdi.

1919-cu ildə Ermənistan dəfələrlə Naxçıvana silahlı hücumlar etdi. Yerli əhali və türk hərbi dəstələri müqavimət göstərərək bölgəni qorudu.

ABŞ nümayəndəsi Ceyms Harbordun (Harbord Mission) hesabatında Naxçıvanda əhalinin 90%-nin müsəlman (azərbaycanlı) olduğu qeyd olunurdu.

1920-ci ilin aprel ayında Azərbaycanda sovet hakimiyyəti quruldu. Həmin dövrdə, hətta Zəngəzur mahalı da Azərbaycan SSR-in tərkibində idi. Naxçıvanda da sovetləşmə başladı, bölgə Ermənistanın nəzarətinə verilmədi. Həmin vaxt Ermənistan da sovetləşdirildi (1920, noyabr).

1921-ci il 16 martda Rusiya (RSFSR) və Türkiyə arasında Moskva müqaviləsi bağlandı. Həmin müqavilənin 3-cü maddəsində deyilir: “Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir, heç bir halda üçüncü dövlətə verilməməlidir.” Burada “üçüncü dövlət” dedikdə Ermənistan nəzərdə tutulurdu.

1921-ci ilin 13 oktyabrında Türkiyə, Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında Qars müqaviləsi bağlandı.

Həmin müqavilənin 5-ci maddəsində Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi qalması rəsmiləşdirildi.

Ermənistan bu sənədə imza atmaqla Naxçıvanın Azərbaycana məxsusluğunu beynəlxalq hüquqi aktla tanıdı.

Nəticə olaraq qeyd edək ki, 1918-1920-ci illərdə Ermənistanın Naxçıvanda nəzarəti olmayıb, əksinə, silahlı basqınları dəfələrlə uğursuzluqla nəticələnib. Həmin dövrə qədər isə bölgədə "Ermənistan" adlı dövlət olmayıb.

1921-ci ildə həm Moskva, həm də Qars müqavilələri ilə Naxçıvan Azərbaycanın ərazisi kimi tanınıb.

Ermənistan özü imzası ilə bu faktı təsdiqləyib və bu hüquqi status bu gün də qüvvədədir.

Akif NƏSİRLİ

Seçilən
7
baki-xeber.com

1Mənbələr