Firdovsi Şahbazov: “Bu xətt ən optimal variantlardan biridir”
Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq:
“Bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.
Prezidentin yanaşması o deməkdir ki, Zəngəzur dəhlizi vasitəsilə Rusiyadan İrana və əks istiqamətdə yüklər daşınacaq. Yəni bu, həm də hardasa Şimal-Cənub nəqliyyat dəhlizini əvəz edəcək.
“Rusiyadan gələn yük qatarı Ağbənddən Zəngəzur dəhlizi vasitəsilə Culfaya, oradan da İran dəmir yolları ilə...”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu xətt ən optimal variantlardan biridir: “Məsələ ondadır ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, amma tam gücü ilə yox. Multimodal daşımalar vasitəsilə dəhliz işləyir. Multimodal daşımaçılıq nədir? Bu, yüklərin hərəkətini asanlaşdırmaq, yəni daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsidir. Bu daşınma növü yükü təyinat nöqtəsinə çatdırmaq üçün birdən çox nəqliyyat vasitəsinin iştirakını özündə birləşdirir. Yük maşınları, qatar, gəmi, təyyarə və ya digər bir nəqliyyat vasitəsi istifadə edərək malları son mənzilə çatdırmaq multimodal daşımaçılığın əsas prinsipidir. Bu o deməkdir ki, Sankt-Peterburqdan gələn yük qatarı Azərbaycandan keçərək İran Astarasında boşaldılır. Orada yük avtomobillərinə yüklənərək Rəştə və yaxud da Bəndər Abbasa aparılır. Bu isə həm vaxt itkisidir, həm də daşıma xərclərini artırır. Ancaq 165 kilometrlik Rəşt-Astara dəmir yolu mövcud olsaydı, Rusiyadan gələn yüklər dayanmadan İran körfəzində yerləşən Bəndər Abbas limanına daşınacaqdı. Bu isə Azərbaycan üzərindən Şimal-Cənub dəhlizi vasitəsilə daha çox tranzit yükün daşınmasına şərait yaradacaqdı ki, nəticədə ölkəmizin tranzit gəlirləri artacaqdı. Ancaq müxtəlif səbəblərdən İran Rəşt-Astara dəmir yolunun çəkilişinin sürətlənməsində maraqlı deyil. O baxımdan Zəngəzur dəhlizi (Tramp yolu) hazır olandan sonra Şimal-Cənub marşrutunun işləməsi üçün yeni imkan yaranacaq. Rusiyadan gələn yük qatarı Ağbənddən Zəngəzur dəhlizi vasitəsilə Culfaya, oradan da İran dəmir yolları ilə Bəndər Abbas limanına gedə biləcək. O üzdən, Prezident Əliyev çox doğru olaraq qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq”.
Vidadi ORDAHALLI