AZ

Rusiya Ukraynada Türkiyənin “Bayraktar” zavodunu vurdu - 95 milyon dollarlıq zavoda ciddi ziyan dəydi…


Ukraynanın paytaxtında yerləşən və fəaliyyətə başlamağa hazırlaşan “Bayraktar” zavodu dünən gecə yarısı raket hücumuna məruz qalıb. Obyektə xeyli ziyan vuran iki zərbə qeydə alınıb.

Müharibənin kölgəsində tikilən və tezliklə fəaliyyətə başlaması gözlənilən fabrikin demək olar ki, hazır, istismara verilmək üzrə olduğu bildirilir. Ancaq hücum milyonlarla dollarlıq investisiyalara ziyan vurub. Şirkətin israrlı hazırlıqları, əvvəlki hücumlara baxmayaraq, ağır zərbə alıb.

Xatırladaq, Türkiyənin “Baykar” şirkəti Ukraynadakı istehsal əməliyyatlarını idarə etmək üçün 2019-cu ildə Avia Ventures MMC-ni yaradıb. “Bayraktar TB2” və AKINCI İHA istehsal edəcək zavodun tikintisi bu şirkət vasitəsilə davam edirdi. 2022-ci ilin fevralında Türkiyə və Ukrayna hökumətləri arasında imzalanmış aerokosmik sənaye əməkdaşlıq sazişi ilə bu layihəyə təkan verilib. Müqavilə birbaşa investisiyaları dəstəkləmək, texnologiya transferini asanlaşdırmaq və istehsal üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

Bu arada, hücumların kölgəsində Ukrayna ordusu Türkiyə istehsalı olan “Bayraktar TB2” ilə son həftələrdə Rusiyaya ağır zərbələr endirib. Belə ki, avqustun 20-də Xerson sahillərində keçirilən əməliyyatda TB2-dən buraxılan MAM-C/L lazerlə idarə olunan hərbi sursat dəqiq dəqiqliklə Rusiya patrul gəmisinə dəyib. Hücum zamanı 5 rusiyalı ekipaj üzvü ölüb. Hərbi mənbələr bu əməliyyatın TB2-nin hələ də əlverişli şəraitdə birbaşa döyüşə qadir olduğunu nümayiş etdirdiyini bildirib.

Türkiyədə istehsal olunan “Bayraktar TB2”lər 2022-ci ildə müharibənin ilk günlərindən etibarən Ukraynada aktiv şəkildə istifadə olunur. İlk həftələrdə Rusiya zirehli texnikasına edilən dəqiq hücumların görüntüləri TB2-ni Ukrayna müqavimətinin simvoluna çevirib.

Bu gün “Bayraktar TB2”lər kəşfiyyat, hədəf əldə etmə və dəqiq döyüş sursatları yönləndirmə imkanları ilə Ukraynanın müdafiə strategiyasında mühüm rol oynayır. “Baykar” yerli törəmə şirkəti vasitəsilə Ukraynada “mükəmməllik mərkəzi” yaratmağı, pilotsuz uçuş aparatlarının istehsalını lokallaşdırmaq və texnologiya transferini təmin etməyi hədəfləyir.

Bu obyektlərin tikintisi üçün nəzərdə tutulan investisiyaların ümumi həcminin 95,5 milyon ABŞ dolları məbləğində olduğu açıqlanıb.

TAHİR

Seçilən
3
baki-xeber.com

1Mənbələr