Ceyhun Məmmədov: “Növbəti mərhələdə müəyyən kəskinləşməni, Pezeşkianın prezidentlikdən daha erkən uzaqlaşdırılmasına çağırışları və cəhdləri görə bilərik”
Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycan-İran münasibətlərinə də toxunub.
Prezident Əliyev bildirib: “...Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, Azərbaycan bunu çox əsaslı və çox müsbət hesab edir.
Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur.
Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu...
...Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil...”
Prezident İlham Əliyev müsahibəsində dedi ki, İran prezidenti Məsud Pezeşkianın mövqeyi bizi tam qane edir, biz Pezeşkianın mövqeyini rəsmi mövqe kimi qəbul edirik.
Azərbaycan Prezidentinin İranın rəsmi mövqeyi olaraq Pezeşkianın və Xarici İşlər Nazirliyinin mövqeyini qəbul etməsi bu deməkdir ki, İran hakimiyyətində son vaxtlar Azərbaycan-Ermənistan normallaşma prosesinə münasibətdə iki xətt əmələ gəlib.
İran hakimiyyəti daxilində mövcud olan bu iki xəttin münasibətləri sonda nə ilə bitə bilər?
“Ancaq ümid edirik ki, bu baş verməyəcək, Azərbaycanla münasibətlərin inkişaf etməsi xətti inkişaf edəcək və daha güclü olacaq”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, son dövrlər İranın yanaşmasında ikitirəlik olduğunu müşahidə edirik. “Cənab Prezidentin də qeyd etdiyi kimi, son vaxtlar İranın yanaşmasında bir neçə prosesin getdiyini görürük. Yəni birinci yanaşma budur ki, biz bəzi hallarda ayrı-ayrı şəxslərin, keçmiş deputatların, diplomatların, bəzən müşavirlərin bu cür müxtəlif bəyanatlar verdiyinin şahidi oluruq. Biz bir müddət bundan əvvəl İranla münasibətlərimizdə gərginlik yaşamışdıq. Artıq səfərlərdən, danışıqlardan sonra bizim münasibətlərimizdə normallaşmanı görürük. Bu normallaşma çox önəmlidir. İranın mövqeyinə gəldikdə isə, qeyd etdiyiniz iki xətt var. Cənab Prezident də qeyd etdi ki, Azərbaycan üçün önəmli və vacib olan rəsmi xətdir, bu da prezidentin və Xarici İşlər Nazirliyinin mövqeyini ifadə edir. Ona görə də biz bu xəttin tərəfdarıyıq. Hesab edirəm ki, İranda o xətt çox vacib xəttdir. Pezeşkian bir müddət əvvəl çox mühüm açıqlamalar verdi ki, münasibətlərin korlanmasının və inkişaf etməməsinin səbəbkarı məhz İrandır, İran tərəfi münasibətlərin normallaşmasına yönəlik açıqlamalar verməlidir. Yəni onun dediyində bir məsələ vardı ki, necə olur, İsrail uzaqdan gəlib Azərbaycanla dostuluq qura bilir, biz burdan-bura Azərbaycanla dostluq münasibətləri və əlaqələri qura bilmirik. Yəni bunun səbəbi, kökü nədir? Nəyə görə belə bir vəziyyət, belə bir hal yaranır? Hər halda sağlam yanaşma prezidentin yanaşmasıdır. Biz ümid edirik ki, bu yanaşma daha da güclənəcək”.
C.Məmmədov qeyd etdi ki, amma bu gün İranın daxilində də ziddiyyətlərin artdığını görürük və bəzi mühafizəkarlar Pezekianın ünvanına çox sərt fikirlər və ittihamlar səsləndirirlər. “Sanki qarşıdurmanın yaradılmasına cəhdlər var və bu cəhdlər özünü açıq şəkildə və ciddi bir formada göstərir. Ona görə də hesab edirəm ki, növbəti mərhələdə müəyyən kəskinləşməni, Pezeşkianın prezidentlikdən daha erkən uzaqlaşdırılmasına çağırışları və cəhdləri görə bilərik. Ancaq ümid edirik ki, bu baş verməyəcək, Azərbaycanla münasibətlərin inkişaf etməsi xətti inkişaf edəcək və daha güclü olacaq”-deyə C.Məmmədov əlavə etdi.
İradə SARIYEVA