“Bu gecə ruslar yenidən Ukraynaya zərbələr endirib və 30-dan çox raket, 600-ə yaxın pilotsuz uçan aparatdan istifadə ediblər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” səhifəsində yazıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində cari vəziyyət barədə həmkarına məlumat verib.
“Bu atəş nəticəsində dördü uşaq olmaqla 17 nəfər həlak olub. Onlarla insanın vəziyyəti ağırdır və hazırda həkimlər həyatları üçün mübarizə aparırlar. Türkiyə müəssisəsi, Azərbaycan səfirliyi, Avropa İttifaqı nümayəndəliyi, “British Council” və yaşayış məntəqələrinə zərbələr endirilib. Bu, Putinin Ukrayna, ABŞ və avropalı tərəfdaşlarımızın qətlləri dayandırmaq cəhdlərinə cavabıdır. Ukraynaya, xalqımıza dəstəyə görə sizə təşəkkür edirəm. Biz Türkiyənin köməyini çox yüksək qiymətləndiririk”, – Zelenski qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə Prezidenti R.T.Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə zəmin yaradacaq yüksəksəviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Həmçinin Türkiyə lideri həmkarını Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu.az