Zatulin bunu Rusiya ictimaiyyətinə və siyasi dairələrə “Azərbaycan artıq bizim tərəfdaşımız deyil” kimi təqdim etməklə, Bakıya qarşı sərt kursun əsasını qoymaq istəyir
Rusiyalı deputat Konstantin Zatulin deyib ki, Ukraynanın ərazi bütövlüyünün tanınmasına gəlincə, Əliyev həqiqətə qarşı günah işlətmir - Rusiya "Krımı qaytarandan" bəri Azərbaycan bu mövqedə olub, sadəcə, indiki kimi təkidlə çıxış etməyib.
Zatulin izah edib ki, guya Azərbaycan müəyyən vaxta qədər Rusiya ilə əməkdaşlığın faydalarını başa düşməkdən geri qalırdı, lakin indi bu, o qədər də aktual deyil.
Deputatın sözlərinə görə, Əliyevə artıq Moskvanın simasında vasitəçi lazım deyil, indi o, ABŞ-ın dəstəyinə malikdir.
Amma çox təəssüf, Zatulin onu qeyd etmir ki, Azərbaycan Rusiyanın vasitəçiliyindən nə qazanıb - 30 illik işğal, on minlərlər insan itkisi, bir milyon qaçqın və məcburi köçkün.
"Amma Əliyevin Ukrayna münaqişəsini işğal adlandırması artıq birbaşa Rusiyaya qarşı hücumdur. Nə yaxşı ki, heç olmasa nəticə çıxarırıq: Azərbaycanla bağlı özümüzü aldadıb, onu tərəfdaşımız kimi təsəvvür etməməliyik. Bu, anlaşılmazlıq idi", - deputat əlavə edib.
Azərbaycan tərəfi hələ 2014-cü ildə Ukraynanın ərazi bütövlüyünü tanıyıbsa, Zatulin bunu bu gün şişirtməklə nə demək istəyir?
Əslində Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstəyi və Krımın ilhaqını tanımama mövqeyi 2014-dən bəri dəyişməyib. Həmin vaxt da Azərbaycan BMT qətnamələrinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyıb. İndi sadəcə olaraq Əliyev bunu daha açıq və sərt ifadə edib - münaqişəni “işğal” adlandırıb. Əslində isə Ukraynanın ərazi bütövlüyünü tanıyan bütün dövlətlər, bunu dilə gətirməsələr belə, dolayısı ilə Rusiyanın tutduğu əraziləri işğal və ilhaq edilmiş sayır. Konstantin Zatulin isə bunu “yeni kəşf” kimi təqdim etməyə çalışır. Amma onun çıxışının mahiyyəti və motivi başqadır. Zatulin Azərbaycanı itirdiklərini etiraf edir. Deyir ki, əvvəllər Bakı Moskvanın vasitəçiliyinə möhtac idi, indi isə ABŞ dəstəyinə arxalanır. Yəni Kremlin Azərbaycana təsir imkanlarının zəiflədiyini açıq etiraf edir.
Əslində məqsəd mövqeni şişirtməkdir. Çünki 2014-dən bəri mövqe dəyişməyib, sadəcə indi Əliyev bunu “işğal” adlandıraraq Rusiyanın həssas nöqtəsinə toxunub. Zatulin bunu Rusiya ictimaiyyətinə və siyasi dairələrə “Azərbaycan artıq bizim tərəfdaşımız deyil” kimi təqdim etməklə, Bakıya qarşı sərt kursun əsasını qoymağa çalışır.
Azərbaycanın Rusiya vasitəçiliyindən “qazancı” barədə isə susan Zatulin demir ki, Moskva vasitəçi olduğu dövrdə Azərbaycan 30 il işğal altında qaldı, yüz minlərlə qaçqın yarandı, on minlərlə şəhid verdi. Yəni Azərbaycan Rusiya vasitəçiliyindən yalnız ziyan gördü.
Beləliklə, Zatulin indi heç bir “kəşf” etmir, sadəcə, Azərbaycanın ABŞ-la yaxınlaşmasını Rusiyada “xəyanət” kimi təqdim edir və Kremlin sərt mövqe tutmasına zəmin hazırlayır.
Tarixə nəzər salsaq da görəril ki, İlham Əliyevin 2014-cü ildən bugünə qədər Ukrayna ilə bağlı mövqeyi dəyişməyib.
2014-cü ildə Krımın ilhaqından sonra (Azərbaycan XİN və Prezidentin çıxışları) “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Krım Ukraynanın ayrılmaz hissəsidir” kursu aktual olub, indi də belədir. Bakı BMT qətnamələrinə sadiq qaldığını bildirib, Krımın ilhaqını tanımayıb.
2015-2019-cu illərdə müxtəlif beynəlxalq tribunalarda Ukraynanın suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək vurğulanırdı. Azərbaycan balanslı siyasət aparır, amma prinsipial mövqeyi dəyişmir.
2020-ci ilə 44 günlük müharibədən sonra beynəlxalq çıxışlarda Azərbaycanın özü də ərazi bütövlüyü məsələsində ədalət gözlədiyini, Ukraynaya da eyni prinsipin tətbiq olunmalı olduğunu deyirdi, Ermənistanla müqayisə aparılırdı.
2022-ci ildə - Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Azərbaycan yenidən Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyini açıq şəkildə bəyan etdi, humanitar yardım göndərdi. Rusiya ilə münasibətləri pozmadan balans saxladı.
2025-ci ildəki (avqust) son çıxışında “Ukraynada baş verənlər işğaldır” ifadəsindən istifadə edilib. Bu, əvvəlki mövqenin davamıdır, sadəcə ritorika daha sərt və birbaşa oldu.
Yəni mövqe dəyişməyib - 2014-cü ildən bəri Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Yeganə fərq ritorikadadır – indi Əliyev bunu daha açıq şəkildə “işğal” termini ilə ifadə edir. Zatulin isə “köhnə həqiqəti” yeni kəşf kimi qələmə verir – məqsəd Azərbaycana qarşı Rusiyada mənfi münasibət yaratmaqdır.
Akif NƏSİRLİ