Nəsimi Məmmədli: “İranın legitim hakimiyyət orqanları bu istiqamətdə pozitiv mövqelər sərgiləyir”
“Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək. Daha önəmlisi odur ki, yanlış məsləhətlər verən bəzi müşavirlər də başa düşmürlər ki... Bu, təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır. Bu gün Cənub-Şimal dəhlizi...”
Bu fikirləri Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına verdiyi müsahibədə bildirib.
Prezidentin sözlərinə görə, İranla müzakirə edilib ki, Araz dəhlizindən, Arazın üstündən İran ərazisindən Naxçıvana avtomobil yolu ilə yanaşı dəmiryolu da çəkilsin, belə olsa yüklərin bir hissısi İran üzərundən Naxçıvana gedəcək.
Bu nə dərəcədə perspektivlidir? Hazırda İran-Azərbaycan münasibətlərində İranın ərazisindən o dəmir yolunun çəkilməsinə mane olan nə ola bilər?
“Regional kommunikasiyalarla bağlı layihələr perspektivlidir və geridönməz xarakter alıb”
Politoloq Nəsimi Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, kommunikasiyaların genişlənməsi regionda iqtisadi-ticarət əlaqələrinə, siyasi əməkdaşlığa və sülhə çox ciddi fayda verə bilər: “Hazırda Türküstana və əks istiqamətdə daşınan yüklər Azərbaycan ərazisindən yalnız Gürcüstan üzərindən keçir. Bu yolun tutumu gələcək yükdaşımaların artması ilə mütənasib deyil.
Rusiya ərazisindən Avropaya yükdaşımaların dayandığını nəzərə alsaq, gələcəkdə Azərbaycan üzərindən Qərbə yükdaşımaların həcmi bir neçə dəfə artacaq. Odur ki, alternativ marşrutlara ciddi ehtiyac olacaq.
Zəngəzur keçidində hələlik yolun tezliklə açılması real deyil. Ermənistan ərazisində TRIPP yolunun texniki hazırlığı və hüquqi rejimi ilə bağlı görüləsi işlər çoxdur. Amma Araz dəhlizinin istismara verilməsi bu ilin sonuna nəzərdə tutulub. Azərbaycan ərazisində magistral yol hazırdır, Ağbənd-Kəlalə körpüsü və İran ərazisindən keçən hissənin də tikintisi başa çatmaq üzrədir.
Araz dəhlizi Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən yol kimi nəzərdə tutulsa da, indi bu yolun statusunu genişləndirmək mümkündür.
Çin, Rusiya öz yüklərini TRIPP yolundan daşımağa tərəddüd edərsə, o zaman Araz dəhlizi alternativ kimi əhəmiyyətini göstərəcək.
İran 8 avqust Vaşinqton razılaşmasına qədər Zəngəzur yolunun açılmasına müqavimət göstərirdi. Lakin prosesə ABŞ-ın birbaşa daxil olması ilə İranın müdaxilə imkanları azaldı. İndi ən ideal variant odur ki, İran da bu kommunikasiyalara qoşulsun.
İranın Ermənistan üzərindən keçərək Avropaya uzanan Şimal-Cənub dəhlizi layihəsi səmərəlilik baxımından xeyli arxa plana düşdü. O yolun tikintisi böyük vəsait və zaman tələb edir. İranın və Ermənistanın belə bir maddi imkanı yoxdur. İranın içərisində olduğu layihəyə isə Qərb mənbələrindən vəsait ayrılması real deyil”.
N.Məmmədlinin sözlərinə görə, həm də nəzərə almaq lazımdır ki, artıq Türkiyə tərəfi də Qars-İqdır-Aralıq-Dilucu dəmiryolunun tikintisinə başlayıb. Bu isə İranın Şimal-Cənub dəhlizi layihəsinin cəlbediciliyini itirir: “İran məhz Azərbaycandan və Türkiyədən yan keçərək çox çətin marşrutla Avropaya çıxış əldə etməyə çalışırdı. Ona görə də Zəngəzur və Araz dəhlizlərinə münasibəti neqativ idi. Artıq İranın da bu marşrutlara qoşulmaq imkanı yaranıb.
İranın legitim hakimiyyət orqanları bu istiqamətdə pozitiv mövqelər sərgiləyir. Regional kommunikasiyalarla bağlı layihələr perspektivlidir və geridönməz xarakter alıb”.
İradə SARIYEVA