AZ

Tramp Zəngəzur dəhlizində Əliyevin təhlükəsizlik mesajını zamanında qəbul etdi...


Əli Mustafa : “Təhlükəsizlik beynəlxalq müqavilələrlə tənzimlənməlidir”

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib ki, Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik:

“Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.

Prezidentin bu yanaşması o deməkdir ki, Zəngəzur dəhlizi ilə bağlı təkcə Ermənistanın zəmanəti yetərli deyil. Bununla bağlı güclü və dayanıqlı beynəlxalq təhlükəsizlik zəmanətləri olmalıdır.

“Belə bir dövlət işin içində olandan sonra nə Ermənistan, nə də Rusiya və İran bunu poza biləcək”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, etibarlı və dayanıqlı təhlükəsizliyin təminatı beynəlxalq zəmanətdən keçir: “Bundan əvvəl də Azərbaycan hər zaman bəyan edirdi ki, biz Ermənistana o qədər də güvənmirik. Əgər həmin dəhlizə Ermənistan təhlükəsizlik qüvvələri nəzarət edərsə, istənilən təhlükə mümkündür. Azərbaycan vətəndaşları hücuma məruz qala bilər, onların gedişi qəsdən yubadılacaq və s. Çünki biz ermənilərin etibarlı tərəfdaş olmadığını yaxşı bilirik. Onların sədaqətli olmadığını bilirik. Üstəlik, tərəflər 30 il müharibə şəraitində yaşadığı üçün qarşılıqlı etimadı bərpa etmək o qədər də asan olmayacaq. Ona görə də mütləq beynəlxalq zəmanət olmalıdır, dəhlizin təhlükəsizliyinə üçüncü tərəf nəzarət etməlidir. Bu məsələdə də ən uyğun variant dəhlizə ABŞ şirkətinin nəzarət etməsidir. Özü də bu, beynəlxalq müqavilələrlə tənzimlənməlidir. Çünki Birləşmiş Ştatlar sıradan bir dövlət deyil. Belə bir dövlət işin içində olandan sonra nə Ermənistan, nə də Rusiya və İran bunu poza biləcək. ABŞ-ın burada olması, Zəngəzur dəhlizinə (Tramp yolu) əlavə təhlükəsizlik təminatı verməsi həm daxili təhlükəsizlik baxımından, konkret olaraq Azərbaycan-Ermənistan münasibətləri baxımından, həm də xarici təhdidlərdən qorunmaq baxımından məqsədəuyğundur. O yolla gedən vətəndaşların sırf fiziki təhlükəsizliyi baxımından bu, çox əhəmiyyətlidir. Həm də qlobal olaraq Azərbaycanın İran və Rusiya ilə üzləşə biləcəyi təhdidlərin qarşısının alınması baxımından ABŞ-ın qarant rolunda çıxış etməsi müsbətdir. O baxımdan hesab edirəm ki, Prezident Əliyevin bu məsələlərlə bağlı yanaşması doğrudur. Ümumiyyətlə, Zəngəzur dəhlizinin (Tramp yolu) açılması bizim üçün olduqca əhəmiyyətlidir. Bu, dəhlizin həm də ikili təhlükəsizlik təminatı olması deməkdir. Həm yerli təhlükəsizlik, həm də ABŞ tərəfindən beynəlxalq təhlükəsizlik zəmanətlərinin verilməsi dəhlizi daha etibarlı və uzunömürlü edir. O cümlədən, Azərbaycanla Ermənistan arasında münasibətlərin növbəti gərginləşmə perspektivini aradan qaldırır”.

Vidadi ORDAHALLI

Seçilən
3
baki-xeber.com

1Mənbələr